Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3411/2023 18.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə mediasiya qaydasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışlar ki, tərəflər xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və bu nikahdan Zeynəb adlı uşaqları anadan olmuşdur. Faktiki olaraq tərəflərin münasibətləri pozulmuş və ayrı yaşamağa başlamışlar. Ailə münasibətlərinin davam etməsi qeyri-mümkündür. Cavabdeh nikahın pozulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər xx.xx.2022-ci il tarixdə Bakı 10 saylı Mediasiya Təşkilatına müraciət edərək barışıq sazişi bağlamışlar. Həmin Sazişin müddəalarına əsasən tərəflər nikahın pozulmasına razılıq vermiş, cavabdeh Maraqlı şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay 200 manat məbləğində alimentin ödənilməsini və bugünədək ödənilməmiş 4131 manat aliment borcunu ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin cavabdeh 2 ay aliment ödəsə də, sonradan ödəniş etməmişdir. Bu səbəbdən, ərizəçi mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tərəflər arasında bağlanmış MŞB10-00083 saylı iş üzrə xx.xx.2022-ci il tarixli “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin” 2.1.3-cü, 2.1.4-cü, 2.1.5-ci bəndlərinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - nikah və doğum haqqında şəhadətnamədən görünür ki, tərəflər xx.xx.2013-cü il tarixdə 134 nömrəli akt qeydi ilə Laçın rayon Qeydiyyat şöbəsində nikah bağlamış və birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X3 anadan olmuşdur. - MŞB10-00083 saylı, xx.xx.2022-ci il tarixli Barışıq Sazişinə əsasən: -2.1.3.ikinci tərəf (Maraqlı şəxs) xx.xx.2015-ci il təvəllüdlü X1 üçün birinci tərəfə (Ərizəçi) 25 avqust 2022-ci il tarixdən başlayaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin ödənilməsinə dair öhdəlik götürdü, -2.1.4.tərəflər müəyyən və təsdiq etdilər ki, bu günədək ikinci tərəfin (Maraqlı şəxs) aliment borcu 4131 (dörd min yüz otuz bir) manat təşkil edir. İkinci tərəf aliment borcunu hissəhissə ödəməyi, əsas aliment məbləğinin üzərində müəyyən pul vəsaitini göndərməklə ödəyəcəyinə dair öhdəlik götürdü; -2.1.5 ikinci tərəf (Maraqlı şəxs) hər il Azərbaycan Respublikasında uşaq üçün müvafiq qanunla müəyyən olunmuş yaşayış minimuma uyğun alimentin artırılmasına dair öhdəlik götürdü. Məhkəmə AR Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 76, 78, 112.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Ailə Məcəlləsinin: - 94.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni nümayəndələri arasında bağlanır. Tam fəaliyyət qabiliyyəti olmayan şəxslər aliment ödənilməsi barədə sazişi özlərinin qanuni nümayəndələrinin razılığı ilə bağlayırlar. - 94.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Aliment ödənilməsi barədə sazişin qanunla müəyyən olunmuş formasına əməl edilməməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. - 95.3-cü maddəsinə əsasən, aliment ödənilməsi barədə sazişi icra etməkdən birtərəfli qaydada imtina etməyə və onun şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. - 95.4-cü maddəsinə əsasən, tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, tərəflər mediasiya prosesi zamanı aralarında razılığa gəlmiş və alimentin ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. - 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. - 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. - 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. - 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 112.1.3,119.2 və "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrinə əsasən manat dövlət rüsumu cavabdeh Maraqlı şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı 10 saylı Mediasiya Təşkilatında xx.xx.2022-ci il tarixdə bağlanmış MŞB10-00083 saylı barışıq sazişinin 2.1.3-cü, 2.1.4-cü, 2.1.5-ci bəndləri aşağıdakı qaydada təsdiq edilsin: -2.1.3.ikinci tərəf (Maraqlı şəxs) xx.xx.2015-ci il təvəllüdlü X1 üçün birinci tərəfə (Ərizəçi) 25 avqust 2022-ci il tarixdən başlayaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin ödənilməsinə dair öhdəlik götürdü, -2.1.4.tərəflər müəyyən və təsdiq etdilər ki, bu günədək ikinci tərəfin (Maraqlı şəxs) aliment borcu 4131 (dörd min yüz otuz bir) manat təşkil edir. İkinci tərəf aliment borcunu hissəhissə ödəməyi, əsas aliment məbləğinin üzərində müəyyən pul vəsaitini göndərməklə ödəyəcəyinə dair öhdəlik götürdü; -2.1.5. ikinci tərəf (Maraqlı şəxs) hər il Azərbaycan Respublikasında uşaq üçün müvafiq qanunla müəyyən olunmuş yaşayış minimuma uyğun alimentin artırılmasına dair öhdəlik götürdü. Maraqlı şəxs 100 (bir yüz) manat dövlət rüsumu tutularaq Ərizəçi ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-3411/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3411/2023
18.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver