Məhkəmə qərarları › İş №2(001)-3433/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3433/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3433/2021 14.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X25 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) müqavilə şərtlərinə əməl edilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı müqavilə şərtlərinə əməl edilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 dekabr 2018-ci il tarixli, A-093/07 saylı müqaviənin şərtlərinə uyğun olaraq ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74,97 kv.metr, yaşayış sahəsi 66,40 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət A04 saylı mənzilin iddiaçıya verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, iddiaçıya vurulmuş mənəzi ziyana görə 50.000 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 50.030 manatın alınaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 03 dekabr 2018-ci il tarixdə Cavabdeh MTK ilə A-093/07 saylı müqavilə imzalamışdır. Həmin müqavilənin 1.1. maddəsində deyilir ki, cavabdeh ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74,97 kv. metr, yaşayış sahəsi 66,40 kv. metr olan izolə olunmuş 2 otaqdan ibarət A04 saylı mənzillin ona verilməsini, o isə bu müqavilənin dəyərinin cavabdehə ödənilməsini öhdəsinə götürmüşlər. Bu müqavilənin 2.2ci maddəsinin tələblərinə görə ona verilən mənzilin ümumi dəyəri 74.970 manat təşkil edir və 2.3-cü maddəyə görə həmin məbləği o, ilkin avans ödənişi kimi həyata keçirmişdir. Cavabdeh tərəfindən 03 dekabr 2018-ci il tarixdə verilmiş 070 saylı maliyyə arayışından görünür ki, həmin mənzilin tam dəyərini ödəmişdir. Bunu bir daha cavabdeh tərəfindən 03 dekabr 2018-ci il tarixdə verilmiş 0050 saylı kassa mədaxil orderinin qəbzi də təsdiq edir. Müqavailənin 3.17-ci maddəsinin tələblərinə görə cavabdeh əldə edəcəyi mənzilin yerləşdiyi binanı müqavilə imzalandığı tarixdən etibarən 24 ay müddətində inşa edilməsini öhdəsinə götürmüşdür. Beləliklə, mənzilimin yerləşdiyi bina 03 dekabr 2020-ci il tarixə inşa edilməli idi. Lakin, 2020-ci ilin iyul ayında cavabdeh Bakı şəhəri Yasamal rayon məhkəməsinə iddia ərizəsilə müraciət edərək, ondan və digər cavabdehlərdən aralarında bağlanmış müqavilələrin etibarsız hesab edilmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlısı budur ki, həmin iddia ərizəsində müqavilənin etibarsız hesab edilməsi məsələsi qoyulduğu halda, ödədiyi 74.970 manat barədə bir kəlmə də yazılmamışdır. İddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət edən cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin bir neçə maddələrinin məzmununu köçürərək, axırda belə qənaətə gəlmişdir ki, aralarında imzalanmış müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməlidir. Əvvəla, həmin müqavilə qanunun hansı tələbinə ziddir ki, etibarsız hesab edilsin. İddiaçı Cavabdeh MTK Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2. maddəsinə istinad edərək, hesab edir ki, aralarında imzalanmış müqavilə bağlandığı andan etibarsızdır. Bəs onda nəyə görə əsas iddia ərizəsi üzrə iddiaçı Cavabdeh MTK aralarında bağlanmış iddianı imzalandıqdan 1 il 8 ay keçdikdən sonra məhkəməyə iddia ərizəsilə müraciət etmişdir? Əgər əqd etibarsız hesab edilməli idisə nəyə görə cavabdeh onun ödədiyi məbləğ barədə bir söz deməmişdir? Bakı şəhəri Yapsamal rayon məhkəməsinin 11 avqust 2020-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh MTK-nın ona və digər cavabdehlərə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər öz ərizəsinə əsasən geri qaytarılmışdır. Bundan sonra o, iki dəfə cavabdehə yazılı müraciət edərək, üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi, yaxud da ödədiyi məbləğin ona qaytarılması barədə cavab verməsini xahiş etmişdir. Lakin, cavabdeh hər iki sorğularını cavabsız qoymuşdur. Onda artıq fikir yaranmışdır ki, cavabdeh müqavilə üzrə üzərinə düşən şərtlərə əməl etmək niyyətində deyil. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona elə bir ziyan vurulmuşdur ki, o, dost-tanış, qohum-əqrəba arasında biyabır olmuşdur. Bu hal ona pis təsir edir, o, sarsıntı keçirmişdir. Ona görə də cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyanı 50.000 manat məbləğində müəyyən etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh ilə “xxxx” MMC arasında hər hansı müqavilənin bağlanması iddiaçının hüquqlarına təsir etməməlidir. İddiaçı mübahisəli mənzilin dəyərini tam ödəmiş və mənzil ona məxsusdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə bağlanmış müqavilə qeyri-qanuni olaraq bağlanmışdır. Belə ki, ünvan 2 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsi məqsədilə "xxxx” MMC ilə "Cavabdeh" MTK arasında 05 iyul 2018ci il tarixli, 0507/01-18 müqavilə bağlamışlar. "xxxx" MMC ilə Cavabdeh MTK arasında bağlanmış 05 oktyabr 2019-cu il tarixli Razılaşma müqaviləsi ilə tərəflər arasında bağlanmış 05 iyul 2018-ci il tarixli 0507/01-18 nömrəli müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilmişdir. Eyni zamanda 05 oktyabr 2019-cu il tarixli Razılaşma müqaviləsi ilə tərəflər Sifarişçiyə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsi üzərində təsdiq edilmiş komplekt (paket) sənədlər toplusu əsasında 2 ədəd 21 mərtəbəli (A və B blokları) 1-ci və 2-ci mərtəbəsində qeyri yaşayış sahələri, zirzəmisində 2 mərtəbəli avtodayanacaq olacaq “ŞƏHƏR İNCİSİ” yaşayış kompleksinin inşasının davam etdirilməsi barədə razılığa gəlmişlər. Tikinti başlayan vaxtdan işlərin Kooperativin digər üzvüləri X11, Əliyev Araz Təmiraz oğlu və onun qardaşı Əliyev Tahir Təmiraz oğlu, X18 tərəfindən aparılması, X4 tikinti işlərində və Kooperativin idarə edilməsində səriştəsi olmaması səbəbindən tikinti obyektində işlərin görülməsinə rəhbərlik etmək və Kooperativin maliyyə təsərrüfat fəaliyyətinə aid özünün bütün səlahiyyətinin X5 verilməsi üçün Kooperativin digər üzvlərinin razılığı ilə X13 tərəfindən kooperativin digər üzvü X5 29 yanvar 2018-ci il tarixli 7E-1466 nömrə ilə qeydə alınmış etibarnamə verilmişdir. Cavabdeh MTK-nın üzvü X13 tərəfindən MTK-nın digər üzvü X5 verilən 29 yanvar 2018-ci il tarixli 7E-1466 nömrə ilə qeydə alınmış etibarnamədən sui-istifadə edən X11 və digəriləri sifarişçi təşkilat olan "xxxx" MMC-yə məxsus mənzilləri səlahiyyəti olmayan halda, başqa şəxslərə mənzil satma adı altında müqavilə bağlamışlar. Bu baxımdan hesab edir ki, mübahisəli yaşayış və qeyri-yaşayış sahələri 05 iyul 2018-ci il tarixli, 0507/01-18 saylı müqavilə üzrə Sifarişçi "xxxx" MMC-yə məxsusdur. X3 qeyriqanuni hərəkətlərindən xəbər tutan X13 dərhal araşdırma aparmış və araşdırma zamanı məlum olmuşdur ki, X11 qohumu və MTK-nın digər üzvü Əliyev Araz Təmiraz oğlu, onun qardaşı Əliyev Tahir Təmiraz oğlu və X18 əlbir olaraq sifarişçiyə məxsus olan 100-dən çox mənzilləri müxtəlif vaxtlarda başqa şəxslərə satmışdır. X12, qohumu və MTK-nın digər üzvü Əliyev Araz Təmiraz oğlu, onun qardaşı Əliyev Tahir Təmiraz oğlu və X18 hətta bəzi sakinlərlə danışıqlar apararaq mənzilləri barter yolu ilə MTK-nın digər üzvlərinin xəbəri olmadan qarşı tərəfin təklif etdiyi əmlakı yaxın qohumlarının adına sənədləşdirdikdən sonra mənzillərin müqavilələrini vermişlər. X11 və Əliyev Tahir Təmiraz oğlu hal-hazırda ölkə hüdudlarından kənardadırlar. Beləliklə, ünvan 1 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74,97 kv.m yaşayış sahəsi 66,40 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət A04 saylı mənzilə dair 03 dekabr 2018-ci il tarixli, A-093/07 saylı müqaviləni bağlamamışdan öncə kiminlə sövdələşmələrin aparılması, müqaviləni kiminlə bağlaması və mənzilin dəyərini kimə verməsi hüquqi şəxs olaraq Cavabdeh MTK-ya məlum deyil. Tərəflər arasında ünvan 1 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74,97 kv.m yaşayış sahəsi 66,40 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət A04 saylı mənzilə dair 03 dekabr 2018-ci il tarixli A-093/07 saylı bağlanmış müqavilə qeyri-qanuni olaraq, heç bir hüquqi əsası olmayan müqavilədir. "Cavabdeh" MTK ilə ‘‘xxxx” MMC arasında bağlanmış müqavilə, iddiaçı "Cavabdeh" MTKya podaratçı statusundan başqa heç bir səlahiyyət verməmişdir. Belə olan halda X19, X12, X15 etibardan sui-istifadə edərək, qeyriləri ilə əlbir olaraq üçüncü şəxslərə ev satmaq adı ilə vətəndaşları aldadaraq küllü miqdarda vəsaitlərini mənimsəmişlər. Tərəflər arasında bağlanmış müqavilə həm cavabdehin, həm də MTK üzvülərinin maraqlarına xidmət edir. Birincisi: cavabdeh mənzilin alınması üçün kiminlə münasibət qurmuşdur? İkincisi: Mənzilin dəyərini kimə və vaxt ödəmişdir? Üçüncüsü: MTK-nın mənzilləri olmadığı halda hansı mənzilləri satmışdır? Mövcud olan müqavilədən görünür ki, olmayan mənzillərin satılmasına dair Cavabdeh MTK adından müqavilə bağlanmışdır. Daha sonra maraqlısı ondadır ki, iddiaçı niyə binanın tikintisi üçün hüquq müəyyən edici sənəd tələb etməmişdir. Yəni, ünvan 1 ünvanında tikilən ev, kimə məxsus olması iddiaçı tərəfindən soruşulmamışdır. Daha sonra, mənzilin dəyəri Cavabdeh MTK-ya ödənilməmişdir. Mübahisələdirilən müqavilələr bir qrup şəxslər tərəfindən öz çirkin niyətlərini həyata keçirmək üçün bağlanmışdır. Belə olan halda bağlanmış müqavilə əhəmiyyətsiz əqddir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi məhkəməyə ünvanlanmış ərizəsində göstərmişdir ki, “xxxx” MMC (“Sifarişçi”) ilə Cavabdeh MTK (“Podratçı”) arasında 05 iyul 2018-ci il tarixdə, 0507/01-18 saylı “Podrat” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, “Podratçı” “Sifarişçi”nin tapşırığına uyğun olaraq, layihəsi “Azərdövlətlayihə” DBLİ tərəfindən hazırlanmış, ünvan 2 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetirilməsinə dair razılığa gəlmişlər. “xxxx” MMC ilə Cavabdeh MTK arasında bağlanmış 5 iyul 2018-ci il tarixli müqavilə ilə görüləcək işlərin ümumi dəyəri 5.000.000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulan işlərin ümumi dəyəri Podratçı tərəfindən müvafiq qaydada hesablanmış və Sifarişçiyə təqdim olunmuş işlər həcminə əsasən müəyyən edilir. Müqavilə üzrə görüləcək işlərin icrası, təhvili və dəyərin ödənilməsi müqaviləyə əlavə olunacaq təhvil qəbul aktlarına və tərəflərin imzaladıqları digər yazılı razılaşmalarda göstərilən ardıcıllıqla həyata keçirilir. Bağlanmış “Podrat” müqaviləsinə əsasən, podratçı, sifarişçinin tapşırığı ilə, özünün və ya sifarişçinin materiallarından istifadə etməklə, konkret işi müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, həmçinin müqavilə şərtlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürmüş. Sifarişçi isə görülmüş işi təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürmişdür. Sifarişçi “xxxx” MMC ilə podratçı Cavabdeh MTK arasında ünvan 3 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair bağlanılmış 5 iyul 2018-ci il tarixli, 0507/01-18 saylı müqavilə üzrə Cavabdeh MTK tərəfindən qeyd olunan ünvanda tikinti işlərinin icrasına başlanılmış, tikinti işləri icra olunduğu müddət ərzində podratçı tərəfindən satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyəri əvəzləşdirilməsi (barter olunması) nəzərdə tutulsa da, "Cavabdeh" MTK-nın icraçı direktoru X6 tərəfindən MTK-nın digər payçıları olan X13, X18, X14, X19 və qeyrilərinin köməkliyi ilə müqavilənin qeyd olunan bəndinin şərtləri pozulmaqla qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara ümumilikdə 17.545,45 kv.metr sahəsi olan 169 mənzilin saxta müqavilələr əsasında satışı həyata keçirilmişdir. 07 yanvar 2020-ci il tarixli “Təhvil-Təslim” Aktından görünür ki, tərəflər “A” və “B" blokları üzrə yerinə yetirilmiş Forma 2 əsasında hesablanmış faktiki Tikinti Quraşdırma İşlərinin həcmi və onun müqabilində hesablanmış dəyərin - əvəzinin natura ifadəsində ödənilməsi barədə razılığa gəlmişlər. Tərəflər təsdiq etmişlər ki, “Podratçı” tərəfindən 12.758,23 kv.m həcmində beton (taxtaqəlib) işləri yerinə yetirilmişdir. Sözügedən Akta əsasən “Podratçı” tərəfindən ümumi dəyəri 6,490,000.00 (ƏDV daxil) manat məbləğində tikinti quraşdırma işləri yerinə yetirilmiş, 12.758,23 kv.m olan tikinti- quraşdırma işlərinin müqabilində, Podratçıya 6.700,00 kv.m ümumi mənzil sahəsinin dəyərinir natura ifadəsində əvəzlənməsi barədə razılığa gəlmişlər. Sonradan 21 yanvar 2020-ci il tarixdə A və B blokları üzrə yerinə yetirilmiş Forma 2 əsasında hesablanmış faktiki Tikinti Quraşdırma İşlərinin həcmi və onun müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsi barədə 07 yanvar 2020-ci il tarixli “Təhvil-Təslim Aktı”na əsasən Sifarişçi tərəfindən Podratçıya 62 ədəd mənzilin verilməsi barədə, 6.700 kv.m ümumi mənzil sahələrinin bloklar üzrə bölgüsünə dair razılığa gəlmişlər. 24 yanvar 2020-ci il tarixdə isə Podratçı tərəfindən Sifarişçiyə məktub göndərilərək, “Təhvil-Təslim Aktı”nın və “Mənzillərin Bölgü Aktı”nın müddəalarına uyğun olaraq 63 ədəd, 6700 kv.m ümumi mənzil sahəsinin onlar tərəfindən göstəriləcək şəxslərin adına rəsmiləşdirilməsi xahiş edilmişdir. Lakin, onlara məlum olmuşdur ki, “Sifarişçi”nin razılığı və xəbəri olmadan ona məxsus mənzillər, qeyri-yaşayış sahələri, o cümlədən, qarajlara dair “Podratçı” tərəfindən digər şəxslərlə saxta müqavilələr bağlanılmışdır. Cavabdeh MTK-nın əməkdaşları tərəfindən saxta müqavilələrin tərtib olunması barədə ilk vaxtlar Cavabdeh MTK-nın özünə xəbərdarlıq, 24.02.2020-ci il tarixdə isə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilmişdir. Cavabdeh MTK-nın direktoru Rəsulov D. tərəfindən “xxxx” MMC-yə məktub göndərilərək bildirilmişdir ki, Cavabdeh şirkəti olaraq üzərilərinə onu götürmüşlər ki, bundan sonra bütün alqı-satqı və barter əməliyyatlarını sifarişçinin ümumi razılığı olmadan həyata keçirməyəcəkdirlər. Lakin Cavabdeh MTK-nın verdiyi zəmanətə baxmayaraq, qanunsuz əməllərini davam etdiyinə dair şübhələri vardır. Buna görə 18 aprel, 24 iyun və 10 iyul 2019-cu il tarixlərində Cavabdeh MTK-nın sədri X7 bildirişxəbərdarlıqlar ünvanlamış və bildirmişlər ki, tərəflər arasında bağlanmış qüvvədə olan müqavilə və razılaşmalara əsasən tikinti işlərinin müqavilə üzrə vaxtında yerinə yetirilmir, tərəflər arasında yazışmalar nəticəsində razılaşdırılmış qrafikdən geri qalır, Cavabdeh MTK-dan ətraflı rəsmi hesabatlar tələb etmişlər. Lakin onların qanuni tələbləri diqqətə alınmamış, xəbərdarlıqlar üçün də cavab gəlməmiş, tələbləri yerinə yetirilməmişdir. Göründüyü kimi, iddiaçının “Podradçı” Cavabdeh MTK ilə bağlanmış müqavilədən qeyd olunan mənzilin onun mülkiyyətinə verilməsindən “xxxx” MMC-nin “Sifarişçi” kimi heç bir razılığı olmamış və məlumatlandırılmamışdır. 24 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru yam Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciətimiz əsasında X1 olduğu Cavabdeh MTK-nın icraçı direktoru vəzifəsində işləmiş X2 qanunsuz hərəkətləri barədə fakt üzrə cinayət işi başlamışdır. Cinayət işinin başlanmasına səbəb və əsas "Cavabdeh” MTK vəzifəli şəxslərinin sifarişçi “xxxx” MMC ilə bağlanmış müqavilə əsasında ünvan 3 ünvanında inşa etdikləri çoxmərtəbəli yaşayış binalarındakı mənzilləri hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə saxta müqavilələr əsasında ayrı-ayrı vətəndaşlara satmış və bununla da etibarlarından sui-istifadə etməklə onları aldadaraq külli miqdarda pul vəsaitlərini ələ keçirməsi və bununla bağlı toplanmış material üzrə cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu olmuşdur. Aparılmış ilkin istintaqla müəyyən edilmişdir ki, sifarişçi “xxxx” MMC ilə podratçı Cavabdeh MTK arasında ünvan 3 ünvan yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair bağlanılmış 05 iyul 2018-ci il tarixli, 0507/01-18 saylı müqavilə üzrə “Cavabdeh" MTK tərəfindən qeyd olunan ünvanda tikinti işlərinin icrasına başlanılmış, tikinti işləri icra olunduğu müddət ərzində podratçı tərəfindən satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyəri əvəzləşdirilməsi (barter olunması) nəzərdə tutulsa da, Cavabdeh MTK-nın icraçı direktoru X8 tərəfindən MTK-nın digər payçıları olan X13, X18, X14, X19 və qeyrilərinin köməkliyi ilə müqavilənin qeyd olunan bəndinin şərtləri pozulmaqla qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara ümumilikdə 17.545,45 kv.metr sahəsi olan 169 mənzilin saxta müqavilələr əsasında satışı həyata keçirilmişdir. Cinayət işi 03 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə başlanılmış və həmin tarixdə istintaqın aparılması Baş İdarənin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas X9 həvalə edildilməklə istintaqı aparılır. Cavabdeh MTK-nın öhdəçiliyinin təmin edilməsi barədə “xxxx” MMC üzərinə heç bir öhdəçilik götürməmişdir. “xxxx” MMC-nin həmçinin iddiaçıya hər hansı mənzil verilməsi öhdəçiliyi olmamış və iddiaçı ilə “xxxx” MMC arasında heç bir razılaşma, müqavilə öhdəçiliyi olmamışdır. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh ilə payçı İddiaçı arasında bağlanmış 03 dekabr 2018-ci il tarixli, A-093/07 nömrəli müqavilənin 1.1-ci bəndindən görünür ki, kooperativ ünvan 1 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74,97 m2, yaşayış sahəsi 66,40 m2 olan 2 otaqdan ibarət A04 saylı mənzilin payçıya verilməsini, payçı isə bu müqavilənin dəyərinin koperativə ödənilməsini öhdəsinə götürürlər. Müqavilənin 2.2-ci bəndinə əsasən bu müqaviləyə əsasən payçıya verilən mənzilin ümumi dəyəri 74.970 manat təşkil edir. Həmin müqavilənin 2.3-cü bəndinə görə bu müqavilənin imzalandığı gün payçı kooperativə mənzilin ümumi dəyəri 74.970 manat məbləğində ilkin avans ödənişi (pay haqqı) həyata keçirməlidir. Həmin müqavilənin 3.17-ci maddəsinə əsasən kooperativ payçının əldə edəcəyi mənzilin yerləşdiyi binanı, Müqavilə imzalandığı tarixdən etibarən 24 ay müddətində inşa edilməsini öhdəsinə götürür; 03 dekabr 2018-ci il tarixli, 0050 nömrəli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 74.970 manat məbləğində vəsait Cavabdeh MTK-nın kassasına mədaxil edilmişdir; Cavabdeh Mənzil-Tikinti Kopperativi tərəfindən verilmiş 03 dekabr 2018-ci il tarixli, 070 nömrəli maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Cavabdeh MTKnın ünvan 1 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74,97 m2, yaşayış sahəsi 66,40 m2 olan 2 otaqdan ibarət yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Cavabdeh MTK şirkətinə A-093/07 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olan şəxsin borcu yoxdur; Sifarişçi “xxxx” MMC ilə podratçı Cavabdeh MTK arasında bağlanmış 05 iyul 2018-ci il tarixli, 0507/01-18 nömrəli müqavilənin 1.2.1-ci madəsinə əsasən podratçı sifarişçinin texniki tapşırığının şərtlərinə uyğun olaraq yerinə yetirilən tikinti quraşdırma işlərini müvafiq qaydada təhvil alır və bu müqavilənin 2-ci madəinsə nəzərdə tutulan muzdu və ya ona ekvivalenti podratçıya təqdim edir; İddiaçının vəkili tərəfindən Cavabdehnə göndərilmiş 05 avqust 2020-ci il tarixli və 29 sentyabr 2020-ci il tarixli məktublardan görünür ki, MTK-dan mənzilin təhvil verilməsi və ya ödənilmiş 74.970 manat məbləğində vəsaitin geri qaytarılması xahiş edilmişdir. 17 mart 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər arasında 03 dekabr 2018-ci il tarixdə müqavilə imzalanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 74.970 manat məbləğində pay haqqı ödəmiş, cavabdeh isə bunun müqabilində iddiaçıya ünvan 1 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74,97 m2, yaşayış sahəsi 66,40 m2 olan 2 otaqdan ibarət A04 saylı mənzili verməyi öhdəsinə götürmüşdür. Cavabdeh podratçı qismində, iş üzrə üçüncü şəxs – sifarişçi “xxxx” MMC ilə 05 iyul 2018-ci il tarixli müqavilə bağlamış və həmin müqaviləyə əsasən podratşı sifarişçinin texniki tapşırığının şərtlərinə uyğun olaraq yerinə yetirilən tikinti quraşdırma işlərini müvafiq qaydada təhvil alır və muzdu və ya ona ekvivalenti podratçıya təqdim edir. Hazırda iddiaçı qeyd olunan mənzilin ona təhvil verilməsini və vurulmuş mənəvi ziyana görə 50.000 manatın ödənilməsini tələb edir, cavabdeh isə iddianı qəbul etməyərək tərəflər arasında bağlanmış müqavilənin əhəmiyyətsiz əqd olduğunu bildirir, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs isə bildirir ki, onun razılığı və xəbəri olmadan ona məxsus mənzil cavabdeh tərəfindən iddiaçıya saxta müqavilə bağlanmaqla satılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.1-ci maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. Məhkəmə qeyd edir ki, cavabdeh Mənzil-Tikinti Kopperatividir və qanunvericiliyə əsasən Mənzil-Tikinti Kooperativi yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması məqsədilə yaradılan birlikdir. İddiaçı cavabdehə pay haqqını tam ödəmiş və cavabdeh kooperativin etibarnamə əsasında çıxış edən nümayəndəsi kooperativin adından ünvan 1 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində A blokunun 7-ci mərtəbəsində yerləşən A04 saylı mənzili payçıya verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəyə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış 03 dekabr 2018-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, bununla da həmin müqavilənin şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, iddiaçı ilə arasında bağladığı müqavilədə göstərilən mənzili iddiaçıya təhvil verməlidir. Məhkəmə həmçinin qeyd edir ki, işdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanan məktublarda mənzilin təhvil verilməsi və ya mənzilə görə ödənilmiş məbləğin geri qaytarılması xahiş edilmişdir. Yəni cavabdeh tərəfindən iddiaçıya mənzilin təhvil verilməsi mümkün olmadığı təqdirdə onun dəyəri də iddiaçıya ödənilə bilər. Belə ki, Mülki Məcəllənin 435-ci maddəsinə əsasən kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir. Mülki qanunvericiliyin istinad edilən maddi hüquq normalarından göründüyü kimi, cavabdeh MTK-nın adından çıxış edən şəxs vurduğu zərərə görə onun qarşısında məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, cavabdeh MTK-nın adından çıxış edən şəxs əgər ona hər hansı zərər vurursa, MTK həmin şəxsdən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və buna görə məsuliyyət iddiaçının üzərinə qoyulmamalıdır. Nəhayət məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh MTK ilə “xxxx” MMC arasında bağlanmış müqavilənin 2.3 və 4.1.5-ci maddələrinə əsasən “xxxx” MMC tərəfindən Cavabdeh MTK-ya görülmüş işlərin dəyəri natura (barter) formasında da ödənilə bilər. Yəni, cavabdeh iddiaçıya təhvil verilməsi nəzərdə tutulan mənzil onda olmadığı təqdirdə “xxxx” MMC-dən görülmüş işlərin müqabilində təhvil alaraq iddiaçıya təhvil verə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı tutarlı sübut təqdim edilməmişdir. Məhkəmə cavabdehin iş materiallarında cinayət əməlinin tanınması və prokurorluq orqanlarına göndərilməsi barədə xüsusi qərardadın qəbul edilməsi barədə vəsatəti ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı hər hansı cinayətin əlamətləri aşkara çıxarılmamış, bununla da vəsatətin təmin edilməməsi qənaətinə gəlinmişdir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 03 dekabr 2018-ci il tarixli, A-093/07 saylı müqavilənin şərtlərinə uyğun olaraq ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74,97 kv.metr, yaşayış sahəsi 66,40 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət A04 saylı mənzilin İddiaçı verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalı, habelə iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 03 dekabr 2018-ci il tarixli, A-093/07 saylı müqavilənin şərtlərinə uyğun olaraq ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74,97 kv.metr, yaşayış sahəsi 66,40 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət A04 saylı mənzilin İddiaçı verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (on) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manatı Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar