Məhkəmə qərarları › İş №2(001)-3479/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3479/2023

19.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3479/2023 19.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs qeyd etməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmış və sabit pul məbləğində aliment tutulmuşdur. 09 mart 2021-ci il tarixində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2482/2021 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat aliment tutulması qət edilmişdir. 07 fevral 2023-cü il tarixli MŞB/8/2023-00083 saylı mediasiya prosessi zamanı tərəflər arasında Barışıq sazişi bağlanmış və həmin sazişə əsasən, maraqlı şəxs barışıq sazişi imzalandıqdan sonra hər ay hər uşaq üçün Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş 16 iyun 2010-cu il təvəllüdlü X4, 25 oktyabr 2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimenti ərizəçinin müvafiq bank hesabına köçürmək barədə üzərinə öhdəlik götürmüşdür. Maraqlı şəxs barışıq sazişində qeyd olunmuş qaydada aliment məbləğini ödəməyi öhdəsinə götürsə də, aliment ödənişlərini həyata keçirmir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında məhkəməyə bildirdi ki, maraqlı şəxsin iş yerində barışıq sazişinə əsasən əmək haqqından tutmaların edilməsindən imtina edildiyinə görə o, məcbur oldu qətnamənin qəbul edilməsi üçün məhkəməyə müraciət etsin. Əslində alimentin xx.xx.2023-cü il tarixdən tutulmasını razılaşdırmışlar, amma barışıq sazişində bu barədə qeyd yoxdur. Ona görə də, alimentin məhkəməyə müraciət edildiyi – xx.xx.2023-cü il tarixdən tutulmasına razıdır. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında məhkəməyə bildirdi ki, o, alimenti ödəməyə boyun qaçırmır, artırılmaya da özü razılaşıb, sadəcə problem ondan qaynaqlanır ki, o, hərbiçidir və aliment onun əmək haqqından tutulur. Barışıq sazişini mühasibatlığa təqdim etdikdə rəsmi daxil olmayan sənədə əsasən alimenti yeni qaydada tutmaqdan imtina etdilər. Mühasibatlıqda ona bildirildi ki, barışıq sazişi məhkəmə qətnaməsini ləğv edə bilmə. O da alimenti ərizəçiyə əlbəəl ödəmək istəmir. Ərizənin təmin edilməsinə və alimentinn artırılmasına etiraz etmir, lakin hesab edir ki, aliment barışıq sazişi bağlanılan tarixdən hesablanmamalıdır. Ona görə ki, ödəniş onun təqsirindən gecikdirilməmişdir. Artırılmış alimenti xx.xx.2023-cü il tarixdən başlayaraq ödəməyə razıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-00083 saylı Barışıq sazişindən görünür ki, həmin saziş Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış və sazişə əsasən, “Maraqlı şəxs xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün uşaqlar 18 yaşına çatanadək Ərizəçi adına açıldığı karta hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində aliment ödəməyə dair öhdəlik götürür”. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Mülki Prosessual Məcəllənin 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Mülki Prosessual Məcəllənin 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Beləliklə, iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-00083 saylı Barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs aylıq hər uşağa görə 220 manat məbləğində alimenti ərizəçinin təqdim etdiyi karta ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən qeyd olunanlar hal-hazırkı vaxtadək icra edilməmişdir. İş materiallarında olan sənədlərlə Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsndə sadalanmış əsasların mövcud olması təsdiq olunmur. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/8/2023- 00083 saylı Barışıq sazişi təsdiq edilməlidir. Eyni zamanda məhkəmə barışıq sazişində alimentin hansı tarixdən ödənilməli olması barədə tərəflərin razılığa gəlməsinə dair hər hansı qeydin olmadığını və məhkəmə iclasında hər iki tərəfin alimentin xx.xx.2023-cü il tarixdən tutulmasına razı olduqlarını bildirmələrini nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-00083 saylı Barışıq sazişinə əsasən alimentin hesablanması xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/8/2023- 00083 saylı Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: "Maraqlı şəxs xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün uşaqlar 18 yaşına çatanadək Ərizəçi adına açılmış karta hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində aliment ödəməyə dair öhdəlik götürür”. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-00083 saylı Barışıq sazişinə əsasən alimentin hesablanması xx.xx.2023-cü il tarixdən başlansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar