Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3538/2023 19.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏNETDİM: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1906-cı il tarixdə Ermənistan Respublikası Kalinin rayonu Qızılşəfəq kəndində doğulmuş X1nun 1977-ci il tarixdə Ermənistan Respublikasının Kalinin rayonu Qızılşəfəq kəndində ev şəraitində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X4 onun doğma atasıdır. X1 Ermənistan Respublikası Kalinin rayonu Qızılşəfəq kəndində anadan olmuş və həmin kənddə yaşamışdır.Atası 1 sentyabr 1977-ci ildə öz əcəli ilə vəfat etmişdir. Vəfatından sonra mərhum həmin kəndin qəbirstanlığında dəfn olunmuşdur. Məlum hadisələr ilə əlaqədar olaraq 1988-ci ildə məcburən Ermənistan Respublikasından Azərbaycan Respublikasına deportasiya olunmuşlar. Həmin vaxt atasının ölüm haqqında şəhadətnaməsini və digər zəruri sənədləri götürə bilməmişlər. Sonradan isə həmin sənədlərin götürülməsi mümkün olmamışdır. X1 ilə X3 1952-ci ildə nikah bağlamışlar. X3 29 avqust 2002-ci ildə vəfat etmişdir. Anasından ona miras qalan daşınmaz əmlakı sənədləşdirmək üçün Notariat orqanına müraciət etsə də, şifahi olaraq ona atasının ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina etdiyi bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Atasının ölüm faktını təsdiq edəcək şahidlər var. Belə ki, bəzi hüquqi münasibətlərin yaranması və xitam olunması şəxsin (vərəsəlik, pensiya, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və s.) ölümü ilə başlandığı üçün ölüm faktı mütləq dövlət qeydiyyatına alınmalıdır. Yaranmış hüquq münasibətlərinin müdafiəsini həyata keçirilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi ilə də müəyyən olunur ki, 21 sentyabr 1977-ci il tarixdə ölmüş X2 ölüm haqqında şəhadətnaməsi və digər sənədləri 1988-ci ildə Ermənistan Respublikasından Azərbaycan Respublikasına deportasiya olunan zaman götürə bilməmişlər. Göründüyü kimi, Ərizəçi adına ölüm haqqında şəhadətnamə verilmiş və məlum səbəblərdən itirilmişdir. Belə olan halda, ərizəçin hal-hazırki “X2 1977-ci il tarixdə Ermənistan Respublikasının Kalinin rayonu Qızılşəfəq kəndində ev şəraitində vəfat etməsi faktına dair “tələbinə məhkəmə qaydasında baxıla bilməz. Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər ki, bu zamanda məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası mümkün deyildir. Hazırki ərizədən və ona əlavə edilmiş sənədlərdən isə xahiş edilən ölümün qeyd edilmə faktının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda saxlanılmadığı və onun bərpasının mümkün olmadığı müəyyən olunmur. Ərizəyə əlavə edilmiş Maraqlı şəxs 12 may 2023-cü il tarixli məktubu ilə müəyyən edilir ki, ərizəçi ölümün qeyd edilməsinin bərpası ilə əlaqədar deyil, ölümün qeydiyyata alınması ilə əlaqədar qeydiyyat şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ərizənin qəbul edilməsindən imtina edilməli, ərizəçiyə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmadığı və onların bərpası mümkün olmadığı halda vətəndaşlıq vəziyyəti aktının (ölümün qeyd edilmə faktının) məhkəmə qaydasında müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmadığı və onların bərpası mümkün olmadığı halda vətəndaşlıq vəziyyəti aktının (ölümün qeyd edilmə faktının) məhkəmə qaydasında müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ var. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3538/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3538/2023
19.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver