Məhkəmə qərarları › İş №2(001)-3610/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3610/2025

24.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3610/2025 24.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Məmmədov Əli İlham oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Ramazanova Giulsum (Gülsüm) Zabit qızının Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ramazanova Giulsum (Gülsüm) Zabit qızı ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi Ramazanova Giulsum ilə maraqlı şəxs X12 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/12/2025-00041 saylı mediasiya barışıq sazişinin 5-ci və 6-cı bandlərinin təsdiq edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun maraqlı şəxs X5 tutulub ərizəçi Ramazanova Giulsumə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, maraqlı şəxs X12 ilə xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Nikahları Bakı Nikah Evində 1900 №-li akt qeydi ilə qeydə alınmışdır. Maraqlı şəxslə birgə nikahlarından xx.xx.2012-ci il tarixdə X8, xx.xx.2013-cü ildə X10, xx.xx.2024-cü ildə isə X9 və X11 adlı övladları doğulmuşdur. Maraqlı şəxslə ailə münasibətləri onun xəyanəti səbəbindən pozulmuşdur, faktiki nikah münasibətlərinə xitam verilmişdir, onlar bir ünvanda yaşasalar da, aralarındakı ailə və nikah münasibətləri kəsilmiş, birgə təsərrüfat sürmürlər. Odur ki, nikahın pozulması, uşaqların ananın yanında qalması və alimentin tutulması tələbi ilə bağlı mübahisənin həll edilməsi üçün mediatora müraciət etmişlər. Bakı şəhəri 12 saylı Mediasiya Təşkilatında onunla maraqlı şəxs X12 arasında xx.xx.2025-ci ildə "Mediasiya haqqında" AR Qanunun 33-cü maddəsinə əsasən MŞB/12/2025-00041 saylı barışıq sazişi imzalanmışdır. Sazişin bağlandığı ilk ayda maraqlı şəxs 3000 (üç min) manat aliment məbləğini ödəsə də, sonrakı ayda alimenti vermir və verməyəcəyini bildirir. Bu səbəbdən də o, sazişin məcburi icrası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, barışıq sazişinin 5ci və 6-cı bəndlərinə əsasən maraqlı şəxs 2025-ci ilin mart ayından etibarən hər ayın 1dən 5-ə kimi mənim təqdim etdiyim kart (bank) hesabına nəğdsiz qaydada hər ay bütün vergilər və icbari ödənişlər xaric 3000 (üç min) manat məbləğində aliment ödəməli idi Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, tərəflər birgə təsərrüfat aparmasalar da, eyni ünvanda yaşayırlar. Şəxs bir gün evə gəlir, bir gün gəlmir. Tərəflərin 4 uşaqları var, maraqlı şəxs 3000 manat ödəməyə razılıq verib. xx.xx.2024-cü ildə saziş bağlanıb, martda ödəniş edib, amma aprel ayı üçün ödəniş etməmişdir. Nəticədə tərəflərindən xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edilmişdir. Qarşı tərəf iclasa gəlməli idi, lakin sonradan gəlməyəcəyini bildirmişdir. Mediasiyada olanda da, tərəf qeyd edir ki, “uşaq mənimdir, saxlayacam”. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-nin 355-25.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, Ramazanova Giulsum (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtləri özündə ehtiva edir: - Tərəflər nikahın davam etdirilməsinə razı olmadılar və 04 sentyabr 2012-ci ildə Bakı şəhəri Nikah evində 1900 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında pozulması ilə bağlı məhkəmədə iddia qaldıracaqlar. - Tərəflər nikah pozulmasından irəli gələn məsələlərə dair ailə mübahisəsini aşağıdakı şərtlərlə qarşılıqlı razılıqla məhkəmədən kənar həll edirlər. - Nikah pozulduqdan sonra, birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2024-cü il təvəllüdlü X9 və X2 Tərəfin yanında saxlanılacaq və İkinci Tərəf buna etiraz etmir. - Birinci tərəf nikah pozulduqdan sonra, birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2024-cü il tarixdə anadan olmuş X9 və X6 öz yanında qalmasına razılıq verir. - İkinci tərəf öhdəlik götürür ki, bu saziş bağlandıqdan sonra birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2024-cü il təvəllüdlü X9 və X1 üçün hər ay bütün vergilər və icbari ödənişlər xaric 3000 (üç min) manat məbləğində alimenti Birinci tərəfə ödəyəcəkdir. - Alimentin ödənilməsi 2025-ci ilin mart ayından etibarən hər ayın 1-dən 5-ə kimi Birinci tərəfin təqdim etidiyi kart (bank) hesabına nəğdsiz qaydada ödəniləcəkdir. Göründüyü kimi, tərəflər arasında alimentlə bağlı mediasiya prosesində xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalanmışdır. Sazişin şərtinə əsasən, yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2024-cü il təvəllüdlü X9 və X1 üçün Maraqlı şəxs 2025-ci ilin mart ayından etibarən hər ayın 1-dən 5-ə kimi bütün vergilər və icbari ödənişlər xaric 3000 (üç min) manat məbləğində alimenti Ramazanova Giulsumün təqdim etdiyi kart hesabına nəğdsiz qaydada ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin ərizəçinin bildirdiyinə görə maraqlı şəxs mart ayında aliment ödəsə də, növbəti ay müqavilədə göstərilən müddətdə, hətta ərizənin məhkəməyə verilməsindən sonra da ödəniş etməmişdir. Gələcəkdə bu cür mübahisələrin qarşısını almaq üçün barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi ilə bağlı ərizəçi məhkəməyə müraciət etmişdir. Odur ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədiyindən ərizəçi Ramazanova Giulsum (Gülsüm) Zabit qızının mediasiya prosesində bağlanmış barışıq sazişinin alimentin ödənilməsi hissəsində məcburi icrasi üçün təsdiq edilməsi barədə ərizəsi aşağıda qeyd edilən normalara görə əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsaəsn iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunun 8.2-ci bəndini (xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir), 9.1.2-ci bəndini (aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar) və MPM-nin 119-cu maddəsini rəhbər turaraq hesab edir ki, iddianın verilməsi üçün ödənilmiş olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ramazanova Giulsum (Gülsüm) (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/12/2025-00041 nömrəli barışıq sazişinin beşinci və altıncı bəndi təsdiq edilsin, barışıq sazişi birgə nikahdan doğulan yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2024-cü il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X1 üçün hər ay bütün vergilər və icbari ödənişlər xaric 3000 (üç min) manat məbləğində alimenti 2025-ci ilin mart ayından etibarən hər ayın 1-dən 5-ə kimi Ramazanova Giulsum (Gülsüm) Zabit qızının kart (bank) hesabına nəğdsiz qaydada ödənilməsi hissəsində məcburi icraya yönəldilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq ərizəçi Ramazanova Giulsuma (Gülsüm) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar