Məhkəmə qərarları › İş №2(001)-3679/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3679/2025

30.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3679/2025 30.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X13 oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili X4, Maraqlı şəxs, X1 iştirakları ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış MŞB/13/2024-01883 nömrəli xx.xx.2024-cü il tarixli Barışıq sazişinin birgə nikahlarından doğulmuş qızları X3 himayəsinə verilməsi və onun saxlanılması üçün hər ay 245 manat sabit pul məbləğində alimentin ona verilməsi hissəsində təsdiq edilməsi və həmin hissədə icraya yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Maraqlı şəxs ilə aralarında 2000-ci ildə rəsmi nikah bağlanmış, birgə nikahlarından xx.xx.2000-ci il tarixdə X11 və xx.xx.2010-cu il tarixdə X8 dünyaya gəlmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və yetkinlik yaşına çatmayan övladları X6 anası Maraqlı şəxs yanında qalması və onun saxlanılması üçün hər ay aylıq qazanc və başqa gəlirlərinin ¼ hissəsinin aliment olaraq tutularaq Maraqlı şəxs ödənilməsi qət edilmişdir. Övladı bir müddət anası Maraqlı şəxs yanında yaşasa da, 2024cü ilin sentyabr ayından öz könüllü istəyi ilə artıq onun yanında yaşayır və onun himayəsindədir. Belə ki, anası Maraqlı şəxs yaşadıqları mənzili kirayə verdiyindən və onun yaşaması üçün normal şərait olmadığından Ameliya Yeskova yaşamaq üçün onun evinə gəlmişdir. Hazırda da onun evində yaşayır. Bu səbəbdən də, Bakı 13 saylı Mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2024-cü il tarixdə mediasiyada cavabdehlə barışıq sazişi imzalayaraq X3 yanında qalmasını və hər ay onun saxlanılması üçün Maraqlı şəxs tərəfindən ona 245 (iki yüz qırx beş) manat alimentin ödənilməsinə razılaşmışdır. O, hesab edir ki, mediyasiyada bağlanan MŞB/13/2024-01883 nömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişinin məhkəmədə təsdiq edilməsinə ehtiyac vardır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili X7 ərizəni müdafiə etməklə yanaşı, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişi üzrə öhdəliklərin könüllü icra olunduğunu və gələcəkdə də icra olunacağını bildirməklə yanaşı, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin və eyni zamanda vəkilinin, həmçinin maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan 16 dekabr 2024-cü il tarixli MŞB/13/2024-01883 nömrəli Barışıq sazişindən görünür ki, Ərizəçi, Maraqlı şəxs və mediator X9 arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə tərəflər sazişi imzalamaqla “1. İ tərəf İİ tərəf ilə birgə nikahdan dünyaya gələn övladı 29 aprel 2010-cu il təvəllüdlü X8 İİ tərəfin himayəsindən alınaraq İ tərəfin himayəsinə verilməsi barədə razılaşdılar. 2. İ tərəf İİ tərəf ilə birgə nikahdan dünyaya gələn övladı 29 aprel 2010-cu il təvəllüdlü X6 saxlanılması üçün müəyyən olunan İ tərəf hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/4 (dörddə biri) hissəsi miqdarında tutulan alimentin 2024-cü ilin dekabr ayından başlayaraq dayandırılması barədə razılaşdılar. 3. İ tərəf İİ tərəflə birgə nikahdan dünyaya gələn övladı 29 aprel 2010-cu il təvəllüdlü X6 saxlanılması üçün 2025ci ilin yanvar ayından başlayaraq, hər ayın 15-i 245 (iki yüz qırx beş) manat aliment məbləğinin İİ tərəfdən İ tərəfə ödənilməsi barədə razılaşdılar. 4. İ tərəf İİ tərəflə birgə nikahdan dünyaya gələn övladı 29 aprel 2010-cu il təvəllüdlü X6 Bakı şəhəri, Binəqədi rayonu, X12 küçəsi, ev 3A, mənzil 13 ünvanına qeydiyyata alınması” barədə razılığa gəlmişlər. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 690/2023 saylı 09 fevral 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı “nikahın pozulması, alimentin tutulması və əmlak bölgüsü” tələbinə dair iddiası təmin edilmiş, Maraqlı şəxs ilə Ərizəçi arasında 10 iyun 2000-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Leyla Nikah evində bağlanan və nikahın bağlanması haqqında akt qeydləri kitabında 330 № ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X6 anası Maraqlı şəxs yanında qalması, xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Ərizəçi hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında alimetin tutularaq iddiaçı Maraqlı şəxs verilməsi, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən 10 saylı bağ sahəsi (Daşınmaz əmlakın reyestr nömrəsi **********82) üzərində ½ (ikidə bir) hissədə iddiaçı Maraqlı şəxs, ½ (ikidə bir) hissədə cavabdeh Ərizəçi paylarının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 441232 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 29 aprel 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Ərizəçi, anası isə Maraqlı şəxsdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, 4127********9876 nömrəli kart hesabına 245 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, 4127********9876 nömrəli kart hesabına 245 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, 4127********9876 nömrəli kart hesabına 245 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, 4127********9876 nömrəli kart hesabına 245 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ərizəçi, Maraqlı şəxs və mediator X9 arasında mediasiya prosesi nəticəsində bağlanmış 16 dekabr 2024-cü il tarixli MŞB/13/2024-01883 nömrəli barışıq sazişin 6-cı maddəsinə əsasən məlum olur ki, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməmişdirsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü icra olunmalıdır. Həmin Sazişin 8-ci maddəsinə əsasən Sazişin könüllü icrasından imtina olunarsa Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə görə məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə görə barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Mülki prosessual qanunvericilik “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçiyə barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilmə imkanı tanımışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi, Maraqlı şəxs və mediator X9 arasında mediasiya prosesi nəticəsində 16 dekabr 2024-cü il tarixli MŞB/13/2024-01883 nömrəli barışıq sazişi imzalanmış, həmin sazişə əsasən tərəflər öz üzərilərinə sazişdə göstərilən öhdəliklər götürmüşlər. Hazırda ərizəçi tərəf sözügedən barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etsə də, barışıq sazişinin könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina olunmasının nədən ibarət olması ərizədə ümumiyyətlə əsaslandırılmamış, əksinə iş materiallarında olan sübutlarla təsdiq edilmişdir ki, maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilir, onun tərəfindən 245 manat sabit pul məbləğində aliment hər ay sazişdə nəzərdə tutulmuş müddətdə ərizəçinin təqdim etmiş olduğu hesaba köçürülmüşdür. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, barışıq sazişinin könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina edilməsi öz təsdiqini tapmadığından və bununla da ərizə əsassız olduğundan təmin edilməməli, Ərizəçi, Maraqlı şəxs və mediator X9 arasında mediasiya prosesi nəticəsində bağlanmış 16 dekabr 2024-cü il tarixli MŞB/13/2024-01883 nömrəli Barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ərizənin təsdiq edilməsindən imtina edilməsini nəzərə alaraq hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi, Maraqlı şəxs və mediator X9 arasında mediasiya prosesi nəticəsində bağlanmış 16 dekabr 2024-cü il tarixli MŞB/13/2024-01883 nömrəli Barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar