Məhkəmə qərarları › İş №2(001)-3684/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3684/2023

25.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3684/2023 25.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin mümkünlüyünü yoxlayaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası X2 xx.xx.2001-ci ildə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 9-cu, 9.1-ci və 9.2-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Bundan başqa “Ölüm haqqında tibbi şəhadətnamənin” verilməsi qaydasına görə ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X1 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Göründüyü kimi qanunvericilik ölüm faktının məhkəmə qətnaməsi ilə müəyyən edilməsini xəstəxanadan kənarda baş vermiş istənilən ölüm halında deyil, yalnız ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin əsaslı səbəblərə görə mümkün olmadığı hallarda təsbit etmişdir. Yuxarıda sadalananlara əsasən ərizəçinin nəzərinə çatdırılmasını zəruri hesab edirəm ki, ərizəçi istədiyi hüquqi nəticəyə nail olmaq üçün müvafiq tibb müəssisəsindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən əsaslandırılmış imtina, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanın olüm haqqında şəhadətnamə verməsindən imtinası kimi sənədləri əlavə etməklə məhkəməyə müraciət etməlidir. Halbuki, məhkəməyə təqdim edilən sənədlərə müvafiq tibb müəssisəsinin və orqanın imtinası əlavə edilməmişdir Belə ki, hüquqi əhəmiyyətli faktlar məhkəmə qaydasında o zaman müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda ərizəçinin nəzərinə çatdırılmasını zəruri hesab edirəm ki, ilk dəfə iddia verilən zaman ödənilmiş dövlət rüsumu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-2681/2023 saylı qərardadına əsasən geri qaytarılmış və həmin qərardad rüsumun geri qaytarılması hissəsində artıq icraya yönəldilmişdir. Odur ki, yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman dövlət rüsumunun ödənilməli olması ərizəçinin nəzərinə çatdırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar