Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3769/2021 20.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlu, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək anası X1 xx xxxxxx 2020-ci il tarixində, Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəbdən alınmaması barədə subutlar əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin: -308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. -310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsi, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən subutlar göstərilməlidir. -149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; -150.0.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər əlavə edilməlidir; -152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; -152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; -152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 9.1 -ci bəndində göstərilmişdir ki, “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41 -ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə” mülkiyyət formasından asılı olmayaraq ambuiator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin qərarın 9.2-ci bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Qeyd olunan qərarın 9.3-cü bəndinə göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Beləliklə, məhkəmə ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlir ki, ərizə geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ M: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəbdən alınmaması barədə subutlar əlavə etməklə təkrarən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3769/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3769/2021
20.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver