Məhkəmə qərarları › İş №2(001)-3836/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3836/2023

06.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3836/2023 06.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi, zəbt olunmuş həyətyanı sahənin mansarın və 3 otaqlı mənzilin boşaldılıb iddiaçıya təhvil verilməsi və sair” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi, zəbt olunmuş həyətyanı sahənin mansarın və 3 otaqlı mənzilin boşaldılıb iddiaçıya təhvil verilməsi və sair” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078A ünvanında yerləşən "xxxx" MMC-nin inşa etdiyi binada olan B blokunun 18-ci mərtəbəsindəki 3 otaqdan ibarət ümumi sahəsi 220 m2 olan mənzilinin, ümumi sahəsi 1000m2 olan həyətyanı və mansar sahəsinin alqı-satqısına dair Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli 1(21/04) saylı müqavilənin etibarsız hesab edilməsi, cavabdehin zəbt etdiyi mənzildən, torpaq sahəsindən və mansar sahəsindən məcburi çıxardılması, əmlakların ona təhvil verilməsi, cavabdehin qanuna zidd hərəkətləri nəticəsində ona dəymiş 10000(on min) manat maddi (əmlakın bir hissəsinin yararsızı vəziyyəti salması nəticəsində dəymiş maddi zərər), 5000( beş min) mamant mənəvi zərərin, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş 24 may 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Göründüyü kimi, iddiaçı digər tələblərlə yanaşı, cavabdehdən 10.000 manat maddi zərər və 5.000 manat mənəvi zərər olmaqla, cəmi 15.000 (on beş) min manat məbləğində pul vəsaiti tələb edir. Belə olan halda isə iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 120 manat+15 manat (5000 manatın 0,3%-i) = 135 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, onun tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada cəmi 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəlləsinin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, hazırki iddia ərizəsinin verilməsinə görə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi, zəbt olunmuş həyətyanı sahənin mansarın və 3 otaqlı mənzilin boşaldılıb iddiaçıya təhvil verilməsi və sair” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, hazırki iddia ərizəsinin verilməsinə görə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar