Məhkəmə qərarları › İş №2(006)-2719/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2719/2025

25.11.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2719/2025 25.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aldatma yolu ilə kreditor-girov saxlayan Cavabdeh QSC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli girov müqaviləsinin etibarsız hesab edilməsi və əhəmiyyətsiz əqd üzrə satılmış 10-luq qızıl qəpik, 5-lik qızıl qəpik, qızıl boyunbağı, qızıl saat və qolbaq, “ağ”lı qızıl sırğa qızıl-zinət əşyalarının və ya eyni çəkidə digər qızılın geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh ASC ilə kredit və girov müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən 12 ay müddətinə 36 kredit faizi nəzərdə tutulmaqla 2300 manat pul götürmüşdür. Əvəzində isə ona yadigar olaraq qalmış 10-luq qızıl qəpik, 5-lik qızıl qəpik, qızıl boyunbağı, qızıl saat və qolbaq, “ağ”lı qızıl sırğanı isə girov olaraq qoymuşdur. Şəxsi problemlə bağlı 3 ay müddətinə kredit borcunu ödəyə bilməmişdir. 3 aydan sonra ödəmək istədikdə ona qızılı satacaqlarını bildirib, verdiyi pulu qəbul etməkdən imtina etmişlər. Qızıllarını satmasınlar deyə onların Bakıdakı Baş ofisi ilə əlaqə saxladıqda ona bildirmişlər ki, “Mingəçevir şəhərindən məlumat verilməsə, onsuz da onlar qızılları satmırlar”. O, evdə olmayan zaman lombardın iki nümayəndəsi gəlib qızılların satılması üçün 12 yaşlı azyaşlı qızına müəyyən sənədləri imza etdirib getmişlər. Bir müddət sonra isə ona sms gəlmişdir ki, onun qızılları satılıb. Buna görə də, lombarda getdiyi zaman onlarla aralarında dərin mübahisə yaşanmış, hətta Qasım adlı nümayəndə axşam iddiaçının yaşadığı ünvana gəlib peşman olduğunu, yanlış etdiyini, səhvini düzəldərək qızılları qaytarmağa köməklik edəcəyini demişdir. Lakin, onlardan xəbər gəlmədikdə yenidən lombarda getmiş, ona Qasımın işdən çıxarıldığını və qızılların artıq əridiyini demişlər. Buna görə aralarında yenidən mübahisə yaranmışdır. Sonra iddiaçıya bildirmişlər ki, eyni çəkidə ona başqa qızıllar verəcəklər. İddiaçı onlarla razılaşsa belə onu yenə də aldatmışlar və sonra cavabdehdən xəbər çıxmamışdır. Sadəcə iddiaçını müxtəlif bəhanələrlə uzaqlaşdırmağa çalışmışlar. İddiaçının girov qoyduğu qızılın qiyməti 8000 manat təşkil edir. Həmin qızıl zinət əşyaları satıldıqdan sonra belə pulun qalan hissəsi ona qaytarılmalı olduğu halda iddiaçıya pulun qalanını qaytarmayaraq dələduzluq etmişlər. Əgər iddiaçı borcludursa belə 2300 manat pul qızıl satıldıqdan sonra ümumi məbləğdə çıxılmalı, qalan hissəsi qaytarılmalı idi. Həmçinin qızılın satılması ilə bağlı iddiaçıya məlumat verilməli, bildiriş göndərilməli idi. Cavabdehlər sadəcə dələduzluq edərək, qızılı əlavə gəlir əldə etmək üçün xəbərsiz satmışlar. Bugünədək məhkəməyə verə bilməməsinin səbəbi cavabdehlərin onu aldadaraq müddətin uzadılması olmuşdur. Hər dəfə danışıqlarında “narahat olmayın, qızıllarınızı qaytaracağıq” demələri iddiaçının işinin yubanmasına səbəb olmuşdur. Cavabdehlər iddiaçının qızıllarını ondan xəbərsiz və əsassız olaraq satmış, bununla belə pulun qalan hissəsini qaytarmaq əvəzinə həmin pulu da dələduzluq yolu ilə mənimsəmişlər. Aralarında bağlanmış müqavilədə qızılların satıldığı halda bütün məbləğin onlara verilməsi nəzərdə tutulmamışdır. Onların öz səlahiyyətlərindən sui-istifadə edərək iddiaçının bütün qızıllarını ələ keçirmək niyyətləri olmuşdur. İddiaçı borcunu verib onlardan qızıllarını tələb etdikdə cavabdehlər heç bir halda pulu qəbul etməyib qızılları sonradan satmışlar.

3. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək aldatma yolu ilə kreditor-girov saxlayan Cavabdeh QSC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli girov müqaviləsinin etibarsız hesab edilməsi və əhəmiyyətsiz əqd üzrə satılmış 10-luq qızıl qəpik, 5-lik qızıl qəpik, qızıl boyunbağı, qızıl saat və qolbaq, “ağ”lı qızıl sırğa qızıl-zinət əşyalarının geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib bildirdi ki, pulu istehlak məqsədi ilə götürüb. Bu müqavilədən öncə 30 il həmin lombardın müştərisi olmuşdur. Müqavilənin şərtlərini oxumadan imzalamışdır, akta da baxmamışdır ki, qızıllara hansı qiymət qoyulub. Hesab edir ki, cavabdeh qızılları satmadan öncə ona xəbər verməli idi. Qızılların onun üçün mənəvi dəyəri olduğundan, satılacağını bilsə borcunu bir yol tapıb ödəyərdi. Qızıllar 2022-ci ildə satılmışdır, lakin cavabdehin nümayəndələri onu uzun müddət aldadıb qızılı qaytaracaqlarını bildirmişlər. Ona görə də indiyədək məhkəməyə müraciət etməmişdir.

5. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, bildirdi ki, müqavilə etibarsız hesab edilməlidir. Qarşı tərəf gecikmə ilə bağlı xəbərdarlıq edildiyini bildirsə də, iddiaçıya bununla bağlı bildiriş gəlməmişdir. İddiaçı 300 manat ödəmək istəyib, lakin ondan 480 manat tələb etmişlər. Daha sonra isə qızılları satmışlar.

6. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyib, müqavilənin etibarsızlığı üçün heç bir əsas olmadığından təmin edilməməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

8. xx.xx.2022-ci il tarixli GL/0xx/xx/322662 saylı kredit (borc) və girov müqaviləsindən görünür ki, kreditor-girov saxlayanın borclu-girov qoyana verdiyi 2300 manat pul vəsaitidir və onun müqabilində girov predmeti olan daşınar əmlak üzərinə yüklülük yaranır. Kreditin müddəti 12 ay, 873 manat qiymətləndirilmiş İddiaçı mülkiyyətindəki qızıl metaldır.

9. xx.xx.2022-ci il tarixli qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, 10-luq qızıl qəpik, 5-lik qızıl qəpik, qızıl boyunbağı, qızıl saat və qolbaq, “ağ”lı qızıl sırğa qızıl-zinət əşyaları, ümumilikdə, 873 USD məbləğində qiymətləndirilmişdir.

10. xx.xx.2022-ci il tarixli Girov predmetinin satılması haqqında bildirişdən görünür ki, İddiaçı 3156,62 manat ödəniş etməli olduğu, bildirişi aldığı gündən 7 gün ərzində göstərilən borc öhdəliyinin icra edilmədiyi halda girov predmetinin daxili hərrac vasitəsilə satışa çıxarılacağı, satışın xx.xx.2022-ci il tarixində keçirələcəyi bildirilmişdir (xx.xx.2022-ci il tarixli xəbərnamə də əlavə edilmişdir).

11. xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, ümumi çəkisi 40.40 qram olan 10-luq qızıl qəpik, 5-lik qızıl qəpik, qızıl boyunbağı, qızıl saat və qolbaq, “ağ”lı qızıl sırğa qızıl-zinət əşyaları X4 tərəfindən 2515 manat məbləğində qiymətləndirilmişdir.

12. xx.xx.2022-ci il tarixli Qızılın satışı qərarından (razılıqsız) görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı 2300 manat qalıq borcu, 312,9 manat faiz borcu, 483 manat dəbbə olmaqla, ümumilikdə 3224,66 manat borcu olmuş, girov hərrac yolu ilə zərgər Hacıyev Rəşada 2515 manat məbləğinə satılaraq 2515 manat müştərinin borcuna yönəldilmiş, 98 manat filial tərəfindən ödənilmişdir.

13. xx.xx.2022-ci il tarixli Cavabdeh QSC-nin “Mingəçevir” filialına girov qoyulmuş qiymətlilərin və dəyərlilərin yenidən qiymətləndirilərək satılması haqqında Aktdan görünür ki, borcalan İddiaçı öz istəyi (ərizə) ilə və iştirakı olmadan borcunun təminatı kimi xx.xx.2022-ci il tarixli GL/0xx/xx/322662 saylı kredit (borc) və girov müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli xalis çəkisi 35,60 qram olan qızıl-zinət əşyaları xx.xx.2022-ci il tarixində qiymətləndirici-zərgər Hacıyev Rəşad yenidən qiymətləndirmiş və qızıl-zinət əşyaları manata satın alınmışdır.

14. xx.xx.2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, Hacıyev Rəşad Cavabdeh QSCyə satış üzrə 2515 manat ödəniş etmişdir.

15. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin “Şəxsi məlumat” bölməsindən görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) əsas fəaliyyəti “lombardların fəaliyyəti”dir.

16. İş materiallarına qızıl-zinət əşyalarının fotoşəkilləri də əlavə olunmuşdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

17. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Cavabdeh ASC ilə xx.xx.2022ci il tarixdə kredit (borc) və girov müqaviləsi bağlamaqla 10-luq qızıl qəpik, 5-lik qızıl qəpik, qızıl boyunbağı, qızıl saat və qolbaq, “ağ”lı qızıl sırğa qızıl-zinət əşyalarını cavabdehin sahibliyinə vermiş, əvəzində 2300 manat məbləğində borcu 12 ay müddətinə illik 36%-lə ödəniş qrafiki üzrə geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin müqaviləyə əsasən, borclu-girov qoyan ödəniş qrafiki üzrə müəyyən olunmuş ödənişləri 7 gündən artıq gecikdirdikdə borc verən girov predmetinə tutma yönəldilməsi, yəni satılması hüququna malik olmuşdur.

18. xx.xx.2022-ci il tarixində iddiaçıya 3156,62 manat məbləğində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, hərrac vaxtı barədə məlumat verilmişdir. xx.xx.2022-ci il tarixdə sözügedən qızıl-zinət əşyaları onları 2515 manat məbləğində qiymətləndirmiş olan Hacıyev Rəşada satılmışdır.

19. Hazırda iddiaçı xx.xx.2022-ci il tarixli kredit (borc) və girov müqaviləsinin etibarsız sayılmasını və satılmış qızıl-zinət əşyalarının qaytarılmasını xahiş edir.

20. Məhkəmə araşdırmaları zamanı cavabdehin nümayəndəsi iddianı qəbul etməmiş, müqavilənin etibarsız hesab edilməsi üçün heç bir əsas olmadığını bildirmişdir.

c) Məhkəmənin mövqeyi:

21. Məhkəmə qeyd edir ki, iddiaçı müvafiq müqavilələrin etibarsızlığını mübahisələndirdiyindən, habelə əqdlərə əsaslanan iddialarda ilk öncə həmin əqdlərin etibarlı olubolmamasına hüquqi qiymət verilməli olması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərişinə əsasən, hazırkı mübahisənin qanunauyğun həlli üçün ilk öncə mübahisələndirilən müqavilələrin etibarlı olub-olmaması müəyyən edilməlidir. Çünki hər hansı əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Əqdin etibarlı olması üçün isə onun bağlanmasında lazımi subyektlərin – səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

22. Məhkəmə iddiaçı ilə Cavabdeh ASC-nin tərəfləri olduğu xx.xx.2022-ci il tarixli müqaviləni Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan Qərarındakı göstərişlərə əsasən tədqiq edərək hesab edir ki, müqavilənin etibarsız sayılması üçün heç bir əsas yoxdur.

23. Əqdin forma və məzmununun qanunvericiliyə uyğunluğuna münasibətdə məhkəmə qeyd edir ki, müqavilə mahiyyət etibarilə əşyanın lombardda girovu haqqında müqavilədir. Mülki Məcəllənin tələblərinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. İş materiallarından da göründüyü kimi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əsas fəaliyyəti “lombardların fəaliyyəti”dir. Yəni, cavabdeh lombard fəaliyyətini həyata keçirmək üçün xüsusi icazəsi olan hüquqi şəxsdir. Müqavilə səlahiyyətli şəxslərin – iddiaçının və hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin birbaşa iştirakı ilə yazılı formada bağlanmışdır.

24. Həmçinin, tərəflər arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən edilmişdir. İddiaçı uzun müddətdir lombardın müştərisi olduğunu, gündəlik ehtiyacları üçün 2300 manat pul götürdüyünü, bu məqsədlə qızılları girov qoyduğunu bildirmiş və müqavilə bağlanan zaman iradə ifadəsinin zədələnmiş olmasını (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində bağlanması hallarının mövcud olmasını) iddia etməmişdir. İddiaçının izahatlarından müəyyən edilir ki, iddiaçı müqaviləni mahiyyətindən xəbərdar olmaqla könüllü surətdə bağlamışdır.

25. Bundan əlavə, iddiaçı iddia ərizəsində “aldatma yolu ilə bağlanmış” ifadəsinə yer versə də, nə iddia ərizəsində, nə də məhkəmə iclaslarında aldatmanın müqavilə bağlanan zaman nədə ifadə olunmasını əsaslandırmamış, bununla bağlı dəlil və sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının məhkəmənin əvvəlki iclaslarında izahatında bildirdiyi müqavilə şərtlərini oxumadan imzalaması və müqavilə şərtlərinin ona izah olunmaması barədə mülahizələrinə münasibətdə isə məhkəmə qeyd edir ki, yetkinlik yaşına çatmış, tam fəaliyyət qabiliyyətli şəxsə digər müqavilə tərəfinin müqavilə şərtlərini izah etmək barədə öhdəliyi olmamaqla bərabər, tərəflər arasında mülki hüquq münasibətləri yaradan bir əqdi bağlayarkən bunun məsuliyyətini dərk etmək öhdəliyi tamamilə müqaviləni bağlayan tərəfin öz üzərindədir.

26. İddia ərizəsindən və iddiaçının izahatlarından aydın olur ki, iddiaçı müqavilənin etibarsızlığının əsası kimi qızıl-zinət əşyalarının onun razılığı olmadan satılmasını xüsusi vurğulayır. Məhkəmə hesab edir ki, qızıl-zinət əşyalarının hərracda satılması müqavilə bağlandıqdan sonra yaranmış hüquqi nəticədir. Yəni, əslində iddiaçı bu müqavilə üzrə qarşı tərəfin öhdəliyini düzgün icra etmədiyini düşünür və müqaviləni deyil, qarşı tərəfin hərəkətləri nəticəsində yaranmış hüquqi nəticəni münahisələndirir. Müqaviləni bağlamış tərəfin yaranmış hüquqi nəticə ilə razılaşmaması paradoksal şəkildə həmin hüquqi nəticəni yaratmış olan müqavilənin etibarsızlığını mübahisələndirmək üçün deyil (əgər əqd etibarsız olsa idi, hüquqi nəticəyə səbəb olmazdı), müqavilə öhdəliklərinin icrası zamanı edilmiş hərəkətlərin qanuniliyinin mübahisələndirilməsi və dəymiş zərərin ödənilməsinin tələb edilməsi üçün əsas ola bilər.

27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən müqavilənin etibarsız sayılması üçün heç bir əsas müəyyən edilmədiyindən, tələb həmin hissədə təmin edilməməlidir.

28. Tələbin digər hissəsi – qızıl-zinət əşyalarının qaytarıılması tələbi isə birinci tələbdən törəyən, onun təmin edilib-edilməməsindən asılı olan tələb olduğundan məhkəmə hesab edir ki, tələbin birinci hissəsi təmin edilmədiyinə görə qalan hissə də heç bir əlavə hüquqi qiymətləndirməyə zərurət qalmadan təmin edilməməlidir.

29. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin (qismən təmin) olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

30. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 280.1. Girov müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 280.2. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. 300.0. və 300.0.2. Girov əşyanın lombardda girovu növündə ola bilər. 302.1. Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. 302.7. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Maddə 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olubolmadığı müəyyən edilə bilər. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

32. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

35. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

36. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

37. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh ASCyə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticə:

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar