Məhkəmə qərarları › İş №2(3-6)-507/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-507/2026

10.03.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-507/2026 10.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.”tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "müqavilənin etibarsız hesab edilməsi") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2719/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aldatma yolu ilə kreditor-girov saxlayan Cavabdeh QSC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli girov müqaviləsinin etibarsız hesab edilməsi və əhəmiyyətsiz əqd üzrə satılmış 10-luq qızıl qəpik, 5-lik qızıl qəpik, qızıl boyunbağı, qızıl saat və qolbaq, “ağ”lı qızıl sırğa qızıl-zinət əşyalarının və ya eyni çəkidə digər qızılın geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh ASC ilə kredit və girov müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən 12 ay müddətinə 36 kredit faizi nəzərdə tutulmaqla 2300 manat pul götürmüşdür. Əvəzində isə ona yadigar olaraq qalmış 10-luq qızıl qəpik, 5-lik qızıl qəpik, qızıl boyunbağı, qızıl saat və qolbaq, “ağ”lı qızıl sırğanı isə girov olaraq qoymuşdur. Şəxsi problemlə bağlı 3 ay müddətinə kredit borcunu ödəyə bilməmişdir. 3 aydan sonra ödəmək istədikdə ona qızılı satacaqlarını bildirib, verdiyi pulu qəbul etməkdən imtina etmişlər. Qızıllarını satmasınlar deyə onların Bakıdakı Baş ofisi ilə əlaqə saxladıqda ona bildirmişlər ki, “Mingəçevir şəhərindən məlumat verilməsə, onsuz da onlar qızılları satmırlar”. O, evdə olmayan zaman lombardın iki nümayəndəsi gəlib qızılların satılması üçün 12 yaşlı azyaşlı qızına müəyyən sənədləri imza etdirib getmişlər. Bir müddət sonra isə ona sms gəlmişdir ki, onun qızılları satılıb. Buna görə də, lombarda getdiyi zaman onlarla aralarında dərin mübahisə yaşanmış, hətta Qasım adlı nümayəndə axşam iddiaçının yaşadığı ünvana gəlib peşman olduğunu, yanlış etdiyini, səhvini düzəldərək qızılları qaytarmağa köməklik edəcəyini demişdir. Lakin, onlardan xəbər gəlmədikdə yenidən lombarda getmiş, ona Qasımın işdən çıxarıldığını və qızılların artıq əridiyini demişlər. Buna görə aralarında yenidən mübahisə yaranmışdır. Sonra iddiaçıya bildirmişlər ki, eyni çəkidə ona başqa qızıllar verəcəklər. İddiaçı onlarla razılaşsa belə onu yenə də aldatmışlar və sonra cavabdehdən xəbər çıxmamışdır. Sadəcə iddiaçını müxtəlif bəhanələrlə uzaqlaşdırmağa çalışmışlar. İddiaçının girov qoyduğu qızılın qiyməti 8000 manat təşkil edir. Həmin qızıl zinət əşyaları satıldıqdan sonra belə pulun qalan hissəsi ona qaytarılmalı olduğu halda iddiaçıya pulun qalanını qaytarmayaraq dələduzluq etmişlər. Əgər iddiaçı borcludursa belə 2300 manat pul qızıl satıldıqdan sonra ümumi məbləğdə çıxılmalı, qalan hissəsi qaytarılmalı idi. Həmçinin qızılın satılması ilə bağlı iddiaçıya məlumat verilməli, bildiriş göndərilməli idi. Cavabdehlər sadəcə dələduzluq edərək, qızılı əlavə gəlir əldə etmək üçün xəbərsiz satmışlar. Bugünədək məhkəməyə verə bilməməsinin səbəbi cavabdehlərin onu aldadaraq müddətin uzadılması olmuşdur. Hər dəfə danışıqlarında “narahat olmayın, qızıllarınızı qaytaracağıq” demələri iddiaçının işinin yubanmasına səbəb olmuşdur. Cavabdehlər iddiaçının qızıllarını ondan xəbərsiz və əsassız olaraq satmış, bununla belə pulun qalan hissəsini qaytarmaq əvəzinə həmin pulu da dələduzluq yolu ilə mənimsəmişlər. Aralarında bağlanmış müqavilədə qızılların satıldığı halda bütün məbləğin onlara verilməsi nəzərdə tutulmamışdır. Onların öz səlahiyyətlərindən sui-istifadə edərək iddiaçının bütün qızıllarını ələ keçirmək niyyətləri olmuşdur. İddiaçı borcunu verib onlardan qızıllarını tələb etdikdə cavabdehlər heç bir halda pulu qəbul etməyib qızılları sonradan satmışlar.

3. . İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək aldatma yolu ilə kreditor-girov saxlayan Cavabdeh QSC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli girov müqaviləsinin etibarsız hesab edilməsi və əhəmiyyətsiz əqd üzrə satılmış 10-luq qızıl qəpik, 5-lik qızıl qəpik, qızıl boyunbağı, qızıl saat və qolbaq, “ağ”lı qızıl sırğa qızıl-zinət əşyalarının geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2719/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Günay Abidova) ilə iddia tələbi təmin edilməmişdir.

5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Cavabdeh məhkəmədə iştirak etməmişdir və məhkəmə düzgün araşdırma aparmamışdır. Sözügedən qızıllar satılarkən onun icazəsi olmamışdır. Eləcə də qızılların satılması üçün ona öncədən xəbərdarlıq edilməmiş və məhkəməyə saxta poçt qəbzi göstərilmişdir. Lakin rayon məhkəməsi ekspertiza təyin etmədən, heç bir araşdırma aparmadan qanunsuz qərar çıxarmışdır. Bu səbəbdən qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və göstərdi ki, iyirmi ildən çoxdur ki, cavabdehlə işləyir, əvvəllər də eyni qaydada girov qoymaqla pul götürmüş və borcunu qaytarmışdır, sonuncu dəfə həqiqətən də 2300 manat götürmüş və həmin qızıllarını girov qoymuş, lakin müəyyən səbəblərdən borcunu vaxtında qaytara bilməmiş, bu səbəbdən də aralarında mübahisə yaranmış, cavabdeh onun əşyalarını onun razılığı olmadan, həm də ucuz qiymətə satmışdır.

8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək şikayətin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və bildirdi ki, iddiaçı özü də rayon məhkəməsində aldığı borc pulu vaxtında qaytara bilmədiyini təsdiq etmişdir, müqavilə şərtlərinə əsasən də girov qoyulmuş əşyalar satılmışdır, həmin əşyaların satılmasından iddiaçının xəbərsiz olması, eləcə də guya həmin girov əşyaların qiymətinin qat-qat baha olması barədə bildirdikləri iş üzrə toplanmış sübutlarla təkzib edilir, iddiaçı həmin qızılları girov qoyarkən onların qiyməti qarşılıqlı razılıqla müəyyən edilmiş və iddiaçı imzası ilə bunu təsdiq etmişdir, iddiaçı özü bildirir ki, uzun illərdir cavabdehlə bu sahədə əmakdaşlıq edir, demək ki, o girovun qiymətləndirməsi və satılmasına dair prosedurları çox yaxşı bilir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

10. xx.xx.2022-ci il tarixli GL/0xx/xx/322662 saylı kredit (borc) və girov müqaviləsindən görünür ki, kreditor-girov saxlayanın borclu-girov qoyana verdiyi 2300 manat pul vəsaitidir və onun müqabilində girov predmeti olan daşınar əmlak üzərinə yüklülük yaranır. Kreditin müddəti 12 ay, 873 manat qiymətləndirilmiş İddiaçı mülkiyyətindəki qızıl metaldır.

11. xx.xx.2022-ci il tarixli qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, 10-luq qızıl qəpik, 5-lik qızıl qəpik, qızıl boyunbağı, qızıl saat və qolbaq, “ağ”lı qızıl sırğa qızılzinət əşyaları, ümumilikdə, 873 USD məbləğində qiymətləndirilmişdir.

12. 07.12.2022-ci il tarixli Girov predmetinin satılması haqqında bildirişdən görünür ki, İddiaçı 3156,62 manat ödəniş etməli olduğu, bildirişi aldığı gündən 7 gün ərzində göstərilən borc öhdəliyinin icra edilmədiyi halda girov predmetinin daxili hərrac vasitəsilə satışa çıxarılacağı, satışın xx.xx.2022-ci il tarixində keçirələcəyi bildirilmişdir (xx.xx.2022-ci il tarixli xəbərnamə də əlavə edilmişdir).

13. xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, ümumi çəkisi 40.40 qram olan 10-luq qızıl qəpik, 5-lik qızıl qəpik, qızıl boyunbağı, qızıl saat və qolbaq, “ağ”lı qızıl sırğa qızılzinət əşyaları X1 tərəfindən 2515 manat məbləğində qiymətləndirilmişdir.

14. 17.12.2022-ci il tarixli Qızılın satışı qərarından (razılıqsız) görünür ki, xx.xx.2022ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı 2300 manat qalıq borcu, 312,9 manat faiz borcu, 483 manat dəbbə olmaqla, ümumilikdə 3224,66 manat borcu olmuş, girov hərrac yolu ilə zərgər Hacıyev Rəşada 2515 manat məbləğinə satılaraq 2515 manat müştərinin borcuna yönəldilmiş, 98 manat filial tərəfindən ödənilmişdir.

15. 19.12.2022-ci il tarixli Cavabdeh QSC-nin “Mingəçevir” filialına girov qoyulmuş qiymətlilərin və dəyərlilərin yenidən qiymətləndirilərək satılması haqqında Aktdan görünür ki, borcalan İddiaçı öz istəyi (ərizə) ilə və iştirakı olmadan borcunun təminatı kimi xx.xx.2022-ci il tarixli GL/0xx/xx/322662 saylı kredit (borc) və girov müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli xalis çəkisi 35,60 qram olan qızıl-zinət əşyaları xx.xx.2022-ci il tarixində qiymətləndirici-zərgər Hacıyev Rəşad yenidən qiymətləndirmiş və qızıl-zinət əşyaları manata satın alınmışdır.

16. 20.12.2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, Hacıyev Rəşad Cavabdeh QSC-yə satış üzrə 2515 manat ödəniş etmişdir.

17. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin “Şəxsi məlumat” bölməsindən görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) əsas fəaliyyəti “lombardların fəaliyyəti”dir.

18. Mülki iş materiallarında olan qəbzdən müəyyən olur ki, girov predmetinin satılması barədə bildiriş xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən imzalanmaqla qəbul edilmişdir.

19. İş materiallarına qızıl-zinət əşyalarının fotoşəkilləri də əlavə olunmuşdur. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 280.1. Girov müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 280.2. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Maddə 300.0. Girov aşağıdakı növlərdə ola bilər: 300.2. əşyanın lombardda girovu. Maddə 302.1. Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Maddə 302.7. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 417.3. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli Qərarı: Əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları). Əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər. “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 dekabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

23. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

24. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

25. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

26. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Hazırkı halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

33. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.

35. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır.

36. Hazırkı işin hallarından isə müəyyən olur ki, tərəflər arasında əşyanın lombardda girovu haqqında müqavilə münasibətlərində əqdin etibarlılığı üçün məcburi şərtlərin dördü də öz əksini tapır.

37. Belə ki, Mülki Məcəllənin 302.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. İş materiallarından da göründüyü kimi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əsas fəaliyyəti “lombardların fəaliyyəti”dir. Yəni, cavabdeh lombard fəaliyyətini həyata keçirmək üçün xüsusi icazəsi olan hüquqi şəxsdir. Müqavilə səlahiyyətli şəxslərin – iddiaçının və hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin birbaşa iştirakı ilə yazılı formada bağlanmışdır.

38. Həmçinin, tərəflər arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən edilmişdir. İddiaçı uzun müddətdir lombardın müştərisi olduğunu, gündəlik ehtiyacları üçün 2300 manat pul götürdüyünü, bu məqsədlə qızılları girov qoyduğunu bildirmiş və müqavilə bağlanan zaman iradə ifadəsinin zədələnmiş olmasını (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində bağlanması hallarının mövcud olmasını) iddia etməmişdir. İddiaçının izahatlarından müəyyən edilir ki, iddiaçı müqaviləni mahiyyətindən xəbərdar olmaqla könüllü surətdə bağlamışdır.

39. Əqdin formasına və məzmununa dair şərtlərə gəldikdə isə mülki iş materiallarına əlavə edilmiş müqavilənin surətini nəzərdən keçirdikdə onun qanunvericiliyin tələblərinə uyğun olduğu aşkar görünür.

40. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarındakı göstərişlərə əsasən Məhkəmə hesab edir ki, müqavilənin etibarsız sayılması üçün heç bir əsas yoxdur, rayon məhkəməsinin bununla bağlı gəldiyi nəticə düzgün olmuşdur.

41. İddiaçı apellyasiya şikayətində qızıl-zinət əşyalarının onun razılığı olmadan satılmasını mübahisələndirmişdir.

42. Məhkəmə bununla bağlı qeyd edir ki, qızıl-zinət əşyalarının hərracda satılması müqavilə bağlandıqdan sonra yaranmış hüquqi nəticədir. Yəni, əslində iddiaçı bu müqavilə üzrə qarşı tərəfin öhdəliyini düzgün icra etmədiyini düşünür və müqaviləni deyil, qarşı tərəfin hərəkətləri nəticəsində yaranmış hüquqi nəticəni münahisələndirir. Müqaviləni bağlamış tərəfin yaranmış hüquqi nəticə ilə razılaşmaması paradoksal şəkildə həmin hüquqi nəticəni yaratmış olan müqavilənin etibarsızlığını mübahisələndirmək üçün deyil (əgər əqd etibarsız olsa idi, hüquqi nəticəyə səbəb olmazdı), müqavilə öhdəliklərinin icrası zamanı edilmiş hərəkətlərin qanuniliyinin mübahisələndirilməsi və dəymiş zərərin ödənilməsinin tələb edilməsi üçün əsas ola bilər. Eyni zamanda iddiaçı həm iddia ərizəsində, apellyasiya şikayətində, həm də məhkəmə iclasındakı izahatında 3 ay kredit borcunu ödəyə bilmədiyini etiraf etmiş, yəni müqavilə üzrə öhdəliklərinin yerinə yetirmədiyini təsdiqləmişdir. xx.xx.2022-ci il tarixli müqavilədə qeyd edilmişdir ki, borclugirov qoyan bu müqavilə üzrə müəyyən edilmiş borcu aldığı gündən hər ayın 3-ü hesablanmış əsas və faiz borclarını bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə ödəməlidir. Göründüyü kimi, iddiaçı ödəniş qrafikinə uyğun ödənişlər etməmişdir.

43. Məhkəmə həm də qeyd edir ki, mülki iş materiallarından müəyyən olur ki, girov predmetinin satılması haqqında bildiriş poçt qəbzi iddiaçı tərəfindən (onun ailə üzvü) imzalanmaqla qəbul edilmişdir. Eyni zamanda iddiaçı izahatında 20 ildən çox bir müddətdə cavabdehlə davamlı olaraq işgüzar münasibətlərdə olduğunu, yaxşı münasibətlərinin olduğunu bildirmişdir. Belə olan halda iddiaçı qızılların satılması barədə əvvəlcədən məlumatının olmadığı barədə bildirdikləri mülahizə xarakterli olmaqla, işin müəyyən olunmuş digər halları ilə təkzib olunur.

44. İddiaçı həm də qeyd etmişdir ki, onun girov kimi qoyduğu əşyaların dəyəri 8000 manat olmuşdur, buna görə də qızıllar satıldıqdan sonra onun borcu çıxıldıqda pulun qalan hissəsi ona qaytarılmalıdır.

45. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki iş materiallarında olan girov qoyulmuş qiymətlilərin qiymətləndirmə və təhvil-təslim aktından (i\v səh. 5) müəyyən olur ki, iddiaçının girov müqaviləsinin predmeti olan əşyalarının (10-luq qızıl qəpik, 5-lik qızıl qəpik, qızıl boyunbağı, qızıl saat və qolbaq, “ağ”lı qızıl sırğa) dəyəri 873 ABŞ dolları (1484,1 manat) müəyyən edilmiş, həmin akt iddiaçı tərəfindən də imzalanmışdır. xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktlarından (i\v səh. 78-80) isə müəyyən olur ki, girov qoyulmuş əşyaların dəyəri 2515 (iki min beş yüz on beş), 2345 (iki min üç yüz qırx beş) manat, 2333 (iki min üç yüz üç) manat müəyyən edilmişdir. Burdan isə görünür ki, iddiaçının həmin dəlili də əsassızdır.

46. İddiaçının apellyasiya şikayətinin digər dəlili isə cavabdehin tərəf kimi məhkəmədə iştirak etmədiyindən məhkəmənin düzgün araşdırma aparmamasıdır.

47. Məhkəmə apellyasiya şikayətinin bu dəlilinin də əsassız olduğunu qeyd edərək, nəzərə çatdırır ki, mülki iş materiallarında olan xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məhkəmə iclaslarının protokollarından (i\v səh. 49, 50; 94, 95) müəyyən olduğu kimi cavabdehin nümayəndəsi Nümayəndə3 həmin məhkəmə iclaslarında iştirak etmiş, müvafiq izahatlar vermişdir.

48. Rayon məhkəməsi tələbin digər hissəsi ilə bağlı qeyd etmişdir ki, qızıl-zinət əşyalarının qaytarılması tələbi birinci tələbdən törəyən, onun təmin edilib-edilməməsindən asılı olan tələb olduğundan və onun tələbinin birinci hissəsi təmin edilmədiyinə görə qalan hissə də heç bir əlavə hüquqi qiymətləndirməyə zərurət qalmadan təmin edilməməlidir.

49. Məhkəmə qeyd edir ki, rayon məhkəməsinin həmin mövqeyi də əsaslı olmuşdur.

50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

53. Beləliklə qeyd edilənlərə əsasən Məhkəmə qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə və faktlar nöqteyi-nəzərindən və mahiyyət etibarilə düzgün olan rayon məhkəməsi qətnaməsinin ləğvinə əsas ola bilməz.

54. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

55. MPM-in 385.2-ci maddəsi də tələb edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

56. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

58. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

59. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2719/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar