Məhkəmə qərarları › İş №2(103)-5624/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5624/2025

07.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5624/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Yasamal Rayon Məhkəməsinin 2(004)-3547/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1 və X4 cavabdehlər Yasamal rayon İcra Şöbəsi, "xxxx" MMC və Ləğv Prosesində olan "xxxx" ASC-yə qarşı "hərrəcın nəticələrinin və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, vərəsəsi olduqları X3 mülkiyyətində olmuş, ipoteka müqaviləsi əsasında "xxxx" ASC qarşısında yüklü edilmiş ünvan 1 ünvandakı mənzilə dair cavabdeh "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış hərrac nəticələri barədə 20 fevral 2017-ci il tarixli 11/07 saylı protokolun və həmin mənzilə dair bu hərrac protokolu əsasında cavabdehlər "xxxx" MMC ilə “Ləğv Prosesində olan "xxxx" ASC arasında bağlanmış alqı-satqı müqaviləsinin və ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi, ünvan 2 ünvandakı mənzilin real bazar qiymətinə uyğun qiymətləndirilməsi, müəyyən olunmuş qiymətlə açıq hərracdan satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-3547/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Həmin qətnamədən İddiaçı1 ərizə və məhkəmə qətnaməsindən apellyasiya şikayəti verərək, qeyd olunan qətnamədən şikayət verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-3547/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə qətnamədən şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair ərizə təmin edilməmişdir. İddiaçının həmin qərardaddan verdiyi şikayət Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə uyğun olaraq apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, onun elektron kabineti xx.xx.2025-ci ildə yaradılmışdır. Mülki iş materiallarında olan “Azemis” X1 çıxarışdan (i/v. səh-75) görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-3547/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi 01 noyabr 2024-cü il tarixdə,saat 18:12-də İddiaçı1 məxsus şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Eyni zamanda həmin çıxarışda şəxsi kabinetdə qeydiyyat tarixi kimi xx.xx.2024-cu il, saat 10:34 göstərilmişdir. İddiaçı isə 28 iyun 2025-ci il tarixdə apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı məhkəmə qətnaməsindən məlumatlı olmuş, lakin vaxtında apellyasiya şikayəti ilə müraciət etməmiş, hazırda ötürülmüş müddətin üzürlü hesab edilərək bərpa olunmasını xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, onun prosessual müddəti ötürməsi ilə bağlı ərizəsində qeyd etdikləri üzrlü səbəb kimi qiymətləndirilə bilməz, buna görə də rayon məhkəməsi haqlı olaraq müddətin bərpa edilməsindən imtina etmişdir. Qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etsə də, qanunla nəzərdə tutulmuş proessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasının məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmənin ilk növbədə müəyyən etməli olduğu məsələ bərpası istənilən müddətin ötürülməsinin səbəblərinin üzrlü olub-olmamasıdır. MPM-in 47.1-ci maddəsində təsbit olunmuşdur ki, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə mane törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizəni təmin etməməkdə haqlı olmuşdur, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-3547/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar