Məhkəmə qərarları › İş №2(1-8)-1583/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1583/2026

18.08.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1583/2026 18.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: girov müqaviləsi, əhəmiyyətsiz əqdlər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli *(*-*)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC ilə ##.##.2022-ci il tarixdə kredit (borc) və girov müqaviləsi bağlamaqla 10-luq qızıl qəpik, 5-lik qızıl qəpik, qızıl boyunbağı, qızıl saat və qolbaq, “ağ”lı qızıl sırğa qızıl-zinət əşyalarını cavabdehin sahibliyinə vermiş, əvəzində 2300 manat məbləğində borcu 12 ay müddətinə illik 36%-lə ödəniş qrafiki üzrə geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin müqaviləyə əsasən, borclu-girov qoyan ödəniş qrafiki üzrə müəyyən olunmuş ödənişləri 7 gündən artıq gecikdirdikdə borc verən girov predmetinə tutma yönəldilməsi, yəni satılması hüququna malik olmuşdur.

2. ##.##.2022-ci il tarixində iddiaçıya 3156,62 manat məbləğində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, hərrac vaxtı barədə məlumat verilmişdir. ##.##.2022-ci il tarixdə sözügedən qızıl-zinət əşyaları onları 2515 manat məbləğində qiymətləndirmiş və girov hərrac yolu ilə zərgər Hacıyev Rəşada 2515 manat məbləğinə satılaraq 2515 manat müştərinin borcuna yönəldilmiş, 98 manat filial tərəfindən ödənilmişdir..

3. Hazırda iddiaçı ##.##.2022-ci il tarixli kredit (borc) və girov müqaviləsinin etibarsız sayılmasını və satılmış qızıl-zinət əşyalarının qaytarılmasını xahiş edir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, aldatma yolu ilə kreditorgirov saxlayan Cavabdeh QSC ilə aralarında bağlanmış ##.##.2022-ci il tarixli girov müqaviləsinin etibarsız hesab edilməsi və əhəmiyyətsiz əqd üzrə satılmış 10-luq qızıl qəpik, 5-lik qızıl qəpik, qızıl boyunbağı, qızıl saat və qolbaq, “ağ”lı qızıl sırğa qızıl-zinət əşyalarının geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.2022-ci il tarixdə Cavabdeh ASC ilə kredit və girov müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən 12 ay müddətinə 36 kredit faizi nəzərdə tutulmaqla 2300 manat pul götürmüşdür. Əvəzində isə ona yadigar olaraq qalmış 10-luq qızıl qəpik, 5-lik qızıl qəpik, qızıl boyunbağı, qızıl saat və qolbaq, “ağ”lı qızıl sırğanı isə girov olaraq qoymuşdur. Şəxsi problemlə bağlı 3 ay müddətinə kredit borcunu ödəyə bilməmişdir. 3 aydan sonra ödəmək istədikdə ona qızılı satacaqlarını bildirib, verdiyi pulu qəbul etməkdən imtina etmişlər. Qızıllarını satmasınlar deyə, onların Bakıdakı Baş ofisi ilə əlaqə saxladıqda ona bildirmişlər ki, “Mingəçevir şəhərindən məlumat verilməsə, onsuz da onlar qızılları satmırlar”. O, evdə olmayan zaman lombardın iki nümayəndəsi gəlib qızılların satılması üçün 12 yaşlı azyaşlı qızına müəyyən sənədləri imza etdirib getmişlər. Bir müddət sonra isə ona SMS gəlmişdir ki, onun qızılları satılıb. Buna görə də, lombarda getdiyi zaman onlarla aralarında dərin mübahisə yaşanmış, hətta Qasım adlı nümayəndə axşam iddiaçının yaşadığı ünvana gəlib peşman olduğunu, yanlış etdiyini, səhvini düzəldərək qızılları qaytarmağa köməklik edəcəyini demişdir. Lakin, onlardan xəbər gəlmədikdə yenidən lombarda getmiş, ona Qasımın işdən çıxarıldığını və qızılların artıq əridiyini demişlər. Buna görə aralarında yenidən mübahisə yaranmışdır. Sonra iddiaçıya bildirmişlər ki, eyni çəkidə ona başqa qızıllar verəcəklər. Iddiaçı onlarla razılaşsa belə onu yenə də aldatmışlar və sonra cavabdehdən xəbər çıxmamışdır. Sadəcə iddiaçını müxtəlif bəhanələrlə uzaqlaşdırmağa çalışmışlar. Iddiaçının girov qoyduğu qızılın qiyməti 8000 manat təşkil edir. Həmin qızıl zinət əşyaları satıldıqdan sonra belə pulun qalan hissəsi ona qaytarılmalı olduğu halda iddiaçıya pulun qalanını qaytarmayaraq dələduzluq etmişlər. Əgər iddiaçı borcludursa belə 2300 manat pul qızıl satıldıqdan sonra ümumi məbləğdə çıxılmalı, qalan hissəsi qaytarılmalı idi. Həmçinin qızılın satılması ilə bağlı iddiaçıya məlumat verilməli, bildiriş göndərilməli idi. Cavabdehlər sadəcə dələduzluq edərək, qızılı əlavə gəlir əldə etmək üçün xəbərsiz satmışlar. Bu günədək məhkəməyə verə bilməməsinin səbəbi cavabdehlərin onu aldadaraq müddətin uzadılması olmuşdur. Hər dəfə danışıqlarında “narahat olmayın, qızıllarınızı qaytaracağıq” demələri iddiaçının işinin yubanmasına səbəb olmuşdur. Cavabdehlər iddiaçının qızıllarını ondan xəbərsiz və əsassız olaraq satmış, bununla belə pulun qalan hissəsini qaytarmaq əvəzinə həmin pulu da dələduzluq yolu ilə mənimsəmişlər. Aralarında bağlanmış müqavilədə qızılların satıldığı halda bütün məbləğin onlara verilməsi nəzərdə tutulmamışdır. Onların öz səlahiyyətlərindən sui-istifadə edərək iddiaçının bütün qızıllarını ələ keçirmək niyyətləri olmuşdur. Iddiaçı borcunu verib onlardan qızıllarını tələb etdikdə cavabdehlər heç bir halda pulu qəbul etməyib qızılları sonradan satmışlar.

6. Məhkəmə iclasında iddiaçı İddiaçı bildirmişdir ki, pulu istehlak məqsədi ilə götürüb. Bu müqavilədən öncə 30 il həmin lombardın müştərisi olmuşdur. Müqavilənin şərtlərini oxumadan imzalamışdır, akta da baxmamışdır ki, qızıllara hansı qiymət qoyulub. Hesab edir ki, cavabdeh qızılları satmadan öncə ona xəbər verməli idi. Qızılların onun üçün mənəvi dəyəri olduğundan, satılacağını bilsə, borcunu bir yolla tapıb ödəyərdi. Qızıllar 2022-ci ildə satılmışdır, lakin cavabdehin nümayəndələri onu uzun müddət aldadıb qızılı qaytaracaqlarını bildirmişlər. Ona görə də indiyədək məhkəməyə müraciət etməmişdir.

7. Məhkəmə iclasında cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi nümayəndə1 iddianı qəbul etməyib, müqavilənin etibarsızlığı üçün heç bir əsas olmadığından təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim - G.Abidova).

9. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən edilmişdir. Iddiaçı uzun müddətdir lombardın müştərisi olduğunu, gündəlik ehtiyacları üçün 2300 manat pul götürdüyünü, bu məqsədlə qızılları girov qoyduğunu bildirmiş və müqavilə bağlanan zaman iradə ifadəsinin zədələnmiş olmasını (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində bağlanması hallarının mövcud olmasını) iddia etməmişdir. Iddiaçının izahatlarından müəyyən edilir ki, iddiaçı müqavilənin mahiyyətindən xəbərdar olmaqla könüllü surətdə bağlamışdır. Bundan əlavə, iddiaçı iddia ərizəsində “aldatma yolu ilə bağlanmış” ifadəsinə yer versə də, nə iddia ərizəsində, nə də məhkəmə iclaslarında aldatmanın müqavilə bağlanan zaman nədə ifadə olunmasını əsaslandırmamış, bununla bağlı dəlil və sübutlarını məhkəməyə təqdim etməmişdir.

10. Məhkəmə daha sonra qeyd etmişdir ki, qızıl-zinət əşyalarının qaytarılması tələbi birinci tələbdən törəyən, onun təmin edilib-edilməməsindən asılı olan tələb olduğundan, tələbin birinci hissəsi təmin edilmədiyinə görə, qalan hissə də heç bir əlavə hüquqi qiymətləndirməyə zərurət qalmadan təmin edilməməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 280, 300, 302, 337, 339-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli qərarına, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2006-cı il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 80, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Cavabdeh məhkəmədə iştirak etməmişdir və məhkəmə düzgün araşdırma aparmamışdır. Sözügedən qızıllar satılarkən onun icazəsi olmamışdır. Eləcə də qızılların satılması üçün ona öncədən xəbərdarlıq edilməmiş və məhkəməyə saxta poçt qəbzi göstərilmişdir. Lakin rayon məhkəməsi ekspertiza təyin etmədən, heç bir araşdırma aparmadan qanunsuz qərar çıxarmışdır.

14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və bildirmişdir ki, iddiaçı özü də rayon məhkəməsində aldığı borc pulu vaxtında qaytara bilmədiyini təsdiq etmişdir, müqavilə şərtlərinə əsasən də girov qoyulmuş əşyalar satılmışdır, həmin əşyaların satılmasından iddiaçının xəbərsiz olması, eləcə də guya həmin girov əşyaların qiymətinin qat-qat baha olması barədə bildirdikləri iş üzrə toplanmış sübutlarla təkzib edilir. Iddiaçı həmin qızılları girov qoyarkən onların qiyməti qarşılıqlı razılıqla müəyyən edilmiş və iddiaçı imzası ilə bunu təsdiq etmişdir. Iddiaçı özü bildirir ki, uzun illərdir cavabdehlə bu sahədə əməkdaşlıq edir, demək ki, o girovun qiymətləndirməsi və satılmasına dair prosedurları çox yaxşı bilir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli *(*- *)-***/**** nömrəli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir (hakimlər – İ.Şirinov (məruzəçi), E.Kazımov və N.Cəfərov).

16. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən edilmişdir.

17. Məhkəmə kollegiyası qızıl-zinət əşyalarının iddiaçının razılığı olmadan satılması barədə apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı həm iddia ərizəsində, apellyasiya şikayətində, həm də məhkəmə iclasındakı izahatında 3 ay kredit borcunu ödəyə bilmədiyini etiraf etmiş, yəni müqavilə üzrə öhdəliklərinin yerinə yetirmədiyini təsdiqləmişdir.

18. Məhkəmə kollegiyası girov əşyaların dəyərinin 8000 manat olması, buna görə də qızıllar satıldıqdan sonra onun borcu çıxıldıqda, pulun qalan hissəsinin ona qaytarılması barədə apellyasiya şikayətin dəlilinə münasibətdə qeyd etmişdir ki, mülki iş materiallarında olan girov qoyulmuş qiymətlilərin qiymətləndirmə və təhvil-təslim aktından müəyyən olur ki, iddiaçının girov müqaviləsinin predmeti olan əşyalarının (10-luq qızıl qəpik, 5-lik qızıl qəpik, qızıl boyunbağı, qızıl saat və qolbaq, “ağ”lı qızıl sırğa) dəyəri 873 ABŞ dolları (1484,1 manat) müəyyən edilmiş, həmin akt iddiaçı tərəfindən də imzalanmışdır. ##.##.2022-ci il tarixli qiymətləndirmə aktlarından isə müəyyən olur ki, girov qoyulmuş əşyaların dəyəri 2515, 2345 manat, 2333 manat müəyyən edilmişdir. Odur ki, iddiaçının həmin dəlili də əsassızdır.

19. Məhkəmə yekunda qeyd etmişdir ki, qızıl-zinət əşyalarının qaytarılması tələbi birinci tələbdən törəyən, onun təmin edilib-edilməməsindən asılı olan tələb olduğundan və onun tələbinin birinci hissəsi təmin edilmədiyinə görə qalan hissə də heç bir əlavə hüquqi qiymətləndirməyə zərurət qalmadan təmin edilməməlidir.

20. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 280, 300, 302, 337, 339, 385, 386, 390, 417, 442, 448-ci maddələrinə, “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2021-ci il tarixli qərarına, “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2020-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

21. Iddiaçı (vəkil X1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli *(*-*)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın əsaslı olması baxımından onun dəlillərini ümumiyyətlə nəzərə almamışdır. Çünki, sözügedən qızıllar satılarkən iddiaçının icazəsi olmamışdır. Eləcə də qızılların satılması üçün ona öncədən xəbərdarlıq edilməmiş və məhkəməyə saxta poçt qəbzi göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi girov predmetinin satılması haqqında bildiriş-poçt qəbzinin iddiaçı tərəfindən (onun ailə üzvü) imzalanmaqla qəbul edilməsini göstərsə də, nəzərə almamışdır ki, qəbzdə olan imza iddiaçıya aid deyildir. Qəbzi evdə olan 12 yaşlı azyaşlı uşağa imzalatmaları isə iddiaçının girov predmetinin satılması haqqında məlumatlı olması kimi qiymətləndirilə bilməz. Məhkəmə ekspertiza təyin etmədən, heç bir araşdırma aparmadan qanunsuz qətnamə çıxarılmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

25. Maddə 280.1. Girov müqaviləsi yazılı formada bağlanmalıdır.

26. Maddə 280.2. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir.

27. Maddə 300.0. Girov aşağıdakı növlərdə ola bilər: 300.2. əşyanın lombardda girovu.

28. Maddə 302.1. Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar lombardlar həyata keçirə bilərlər.

29. Maddə 302.7. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir.

30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

31. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından

32. asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

33. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

34. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

35. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

36. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

37. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

38. Maddə 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.

39. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

40. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

41. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

42. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

43. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

44. Maddə 417.3. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir.

45. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

46. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

“X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2021-ci il tarixli qərarı

47. Əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il # ######, N.Əsədovanın şikayəti üzrə 2021-ci il ## ##### tarixli Qərarları). Əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5ci maddələrinə əsaslanmaqla istəyə bilər.

“T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2020-ci il tarixli qərarı

48. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli qərar

49. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

55. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

58. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlilləri əsasında araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

60. Iddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

61. Kassasiya şikayətinin digər dəlilləri isə işin faktiki hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların aydınlaşdırılmaması barədədir, bu dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

62. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli *(*-*)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar