Məhkəmə qərarları › İş №2(001)-3969/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3969/2025

06.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3969/2025 06.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən işə bərpa olunması, məcburi işburaxma üçün ona kompensasiyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 150.1-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); Məhkəmə ilk olaraq qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə cavabdehə çatması üçün iddia ərizəsinin surəti əlavə edilməmişdir Digər tərəfdən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması müəyyən edilmir. Belə ki, iddia ərizəsinə vəkilin nümayəndə kimi iddiaçını təmsil etməsinə dair etibarnamə əlavə edilsə də, vəkilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iş aparmaq barədə tapşırıq verildiyi, yəni bu barədə müqavilə bağlandığı(order) müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 73.5. Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. “Vəkillər və vəkillik fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsində göstərilmişdir ki, vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir. Vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bundan əlavə “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamədə qeyd edilmişdir ki, Vəkil orderi– müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə səlahiyyətlərin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur Beləliklə hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilən sənədlər iddiaçıya geri qaytarılmalı iddiaçıya izah edilməlidir ki, Mülki-Prosessual Məcəllənin iddianın mümkünlüyü şərtlərini müəyyən edən 149-152-ci maddələrinin tələblərinə riayət etməklə yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar