Məhkəmə qərarları › İş №2(001)-3971/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3971/2021

16.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3971/2021 16.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə Ərizəçi “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası, 19 avqust 1976-cı il təvəllüdlü X3 28.11.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, X3 qaynının arvadıdır, onlar elti olmuşdular. 28 noyabr 2020-ci il tarixdə X3 yaşadığı evdə olmuş və o, həmin tarixdə xəstəlikdən ölmüşdür. X1 rayonu, Aşağı Seyidəhmədli kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin o, dəfn mərasimi zamanı Füzulidə olmamışdır. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X6 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, mərhumun baldızıdır. 28 noyabr 2020-ci il tarixdə bacısının evində olan zaman, ona gəlinlərinin vəfat etməsi barədə telefonla məlumat verilmişdir. O, həmin günü X3 evinə gəlmiş və onun dəfn edilməsi üçün bir sıra digər şəxslərlə birlikdə Füzuli rayonuna getmişdir. X1 rayonu, Aşağı Seyidəhmədli kənd qəbirstanlığında dəfn edilmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Ərizəçi izahatını, habelə şahidlərin ifadələrini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 19.08.1976-cı il tarixdə Füzuli rayonunda doğulmuş X5 Ərizəçi anasıdır. Ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olmaqla, orada yaşayır. X5 28 noyabr 2020-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evində, ev şəraitində ölmüşdür. Bu hal həmin tarixdə çağırışa gəlmiş Abşeron rayon X9 və X7 Şöbəsinin təcili tibbi yardım briqadası tərəfindən aşkar edilmişdir (briqada evdə qadın cinsli meyit aşkar etmişdir). Bu şəxs Füzuli rayonu, Aşağı Seyidəhmədli kənd qəbirstanlığında dəfn edilmiş və bu barədə Füzuli rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Seyidəhmədli kəndi üzrə ərazi nümayəndəliyi tərəfindən 06.04.2021-ci il tarixdə arayış verilmişdir. Ərizəçi ölüm haqqında tibbi şəhadətnamə alınması üçün Bakı şəhər Baş Səhiyyə İdarəsi 15 saylı şəhər Poliklinikasına müraciət etmiş, lakin X3 poliklinikanın dispanser qeydiyyatında olmaması və ölümün səbəbinin məlum olmaması səbəbindən şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından Bakı şəhəri Maraqlı şəxs ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Bu səbəbdən ərizəçi hazırda ərizə ilə məhkəməyə müraciət edərək, X3 ölüm faktının müəyyən edilməsini xahiş edir. Ərizəçi məcburi köçkündür və bu baxımdan dövlət rüsumunun ödənilməsindən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qərarın9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Göründüyü kimi, Ərizəçi anası 19.08.1976-cı il tarixdə Füzuli rayonunda doğulmuş X3 28 noyabr 2020-ci il tarixdə Abşeron rayonu Qobu qəsəbəsində ev şəraitində ölməsi və Füzuli rayonu, Aşağı Seyidəhmədli kənd qəbirstanlığında dəfn edilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən fotoşəkillərlə öz təsdiqini tapır. Ərizəçi anasının ölüm faktını təsdiq edən sənədi əldə etmək üçün aidiyyəti tibb müəssisəsinə müraciət etmiş, lakin ona bu sənədin verilməsindən imtina edilmişdir. Bu barədə sənəd olmadığından aidiyyəti qeydiyyat şöbəsində də ölüm barədə qeyd aparmaq mümkün olmamış və nəticədə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hüquqi nəticə etibarı ilə ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Bu sənədin alınması ərizəçiyə anası X3 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi, habelə onun ölümündən sonra yaranmış bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 19.08.1976-cı il tarixdə Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində doğulmuş X3 28 noyabr 2020-ci il tarixdə Abşeron rayonu Qobu qəsəbəsində ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 19.08.1976-cı il tarixdə Füzuli rayonu Aşağı Seyidəhmədli kəndində doğulmuş X3 28 noyabr 2020-ci il tarixdə Abşeron rayonu Qobu qəsəbəsində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar