Məhkəmə qərarları › İş №2(001)-4028/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4028/2022

26.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4028/2022 26.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində işə cəlb edilməklə “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu il tarixdə anadan olmuş X1 ev şəraitində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və iş materiallarında olan sübutlara əsaslanaraq, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X6 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, X1 xalası qızıdır. X5 təxminən 3-4 ay bundan əvvəl Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmişdir. O, xərcəng xəstəliyindən əziyyət çəkirdi. 01 sentyabr 2021-ci il tarixdə digər xalası qızı Ərizəçi ona zəng edərək, X1 vəziyyətinin ağırlaşdığını bildirmiş və ondan yaşadığı mənzilə gəlməsini xahiş etmişdir. Lakin o, mənzilə gələndə Ərizəçi artıq dünyasını dəyişmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində Hərbi şəhərcikdə yaşayır. Ərizəçi və X5 ilə yaxşı münasibətdə olmuşdur. Ərizəçi ona zəng edərək, bacısı X1 vəziyyətinin pisləşdiyini bildirmiş və onların yaşadığı mənzilə gəlməyi xahiş etmişdir. O mənzilə gələndə X1 vəziyyətinin çox ağır olduğunu görmüşdür. Bir müddət sonra X5 dünyasını dəyişmişdir. Bu hadisə 2021-ci ilin 01 sentyabr tarixində baş vermişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçini, habelə şahidlərin ifadəsini dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verib, hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Bakı şəhərində doğulmuş X1 bacısıdır. Ərizəçi Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, orada yaşayır. Onunla birlikdə yaşayan bacısı X5 01 sentyabr 2021-ci il tarixdə həmin mənzildə ölmüşdür. Bu hal həmin tarixdə çağırışa gəlmiş Bakı şəhər Təcili və X2 Stansiyasının 17 saylı bölməsinin təcili tibbi yardım briqadası tərəfindən aşkar edilmişdir (briqada evdə qadın cinsli meyit aşkar etmişdir). Bu şəxs 01 sentyabr 2021-ci il tarixdə Xəzər rayonu, Buzovna qəbirstanlığında dəfn edilmiş və bu barədə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərüfatı Departmenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən xx.xx.2022-ci il tarixdə arayış verilmişdir. Ərizəçi ölüm haqqında tibbi şəhadətnamə alınması üçün Bakı şəhər Baş Səhiyyə İdarəsi 15 saylı şəhər Poliklinikasına müraciət etmiş, lakin X1 poliklinikaya hər hansı xəstəliklə bağlı müraciət etməməsi səbəbindən şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından Bakı şəhəri Maraqlı şəxs ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Bu səbəbdən ərizəçi hazırda ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X1 ölüm faktının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qərarın 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Bununla belə, Ərizəçi bacısı, xx.xx.1969-cu il tarixdə Bakı şəhərində doğulmuş X1 01 sentyabr 2021-ci il tarixdə qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 2, 4 saylı evin, 13 saylı mənzilində, ev şəraitində ölməsi və 01 sentyabr 2021-ci il tarixdə Xəzər rayonu, Buzovna qəbirstanlığında dəfn edilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən qəbirüstü fotoşəkillə öz təsdiqini tapmışdır. Ərizəçi bacısının ölüm faktını təsdiq edən sənədi əldə etmək üçün aidiyyəti tibb müəssisəsinə müraciət etmiş, lakin ona bu sənədin verilməsindən imtina edilmişdir. Bu barədə sənəd olmadığından aidiyyəti qeydiyyat şöbəsində də ölüm barədə qeyd aparmaq mümkün olmamış və nəticədə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hüquqi nəticə etibarı ilə ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Bu sənədin alınması ərizəçiyə bacısı X1 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi, habelə onun ölümündən sonra yaranmış bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1969-cu il tarixdə Bakı şəhərində doğulmuş X1 01 sentyabr 2021-ci il tarixdə ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1969-cu il tarixdə Bakı şəhərində doğulmuş X1 01 sentyabr 2021-ci il tarixdə ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar