Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4061/2023 12.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə X2 12 yanvar 1998-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə 12 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 25 may 1996-cı il tarixdə doğulmuş övladı X2 12 yanvar 1998-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Vəkil ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, ərizəçinin övladı Turaxanım 12 yanvar 1998-ci il tarixdə ev şəraitində vəfat etmişdir. Uşağın anadangəlmə böyrəklərində problemlər olmuşdur. Vəfat etdikdən sonra Neftçala rayonunun Xıllı kəndində dəfn olunmuşdur. Ərizəçi həmin vaxt qızı üçün ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda ərizəçinin 30 avqust 2010-cu il tarixdə vəfat etmiş mərhum əri Dadaşov Alim Ağababaş oğlunun vərəsəlik işi buna görə dayanmışdır. Ərizəçi vərəsəlik işini yekunlaşdırmaq üçün qızının ölüm haqqında şəhadətnaməsini almaq niyyətindədir. Bunun üçün 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün müraciətinin icrasından imtina olunmuşdur. Buna görə də, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, mərhum Turaxanım onun bacısıqızıdır. Turaxanım doğulandan böyrəklərində problemlər olmuş, bu səbəbdən də 2 yaşı tamam olmamış vəfat etmiş, Neftçala rayonunun Xıllı kəndində dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 digər şahid B.Ə.Mikayılovun ifadəsinə uyğun ifadə verdi. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X2 anasıdır. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin əri Dadaşov Alim Ağababaş oğlu 30 avqust 2010-cu il tarixdə vəfat etmişdir. - 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 may 2023-cü il tarixli arayışda göstərilmişdir ki, “Vəfat etmiş X2 ölümünün qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli müraciətinizə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə, ölüm haqqında feldşer arayışı) ilə təsdiq edilməlidir. Rəhmətə gedənin ölüm haqqında tibbi şəhadətnaməsi tərəfinizdən şöbəmizə təqdim edilmədiyi üçün ərizənizin təmin edilməsi imkanımız xaricindədir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.” Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin nümayəndəsinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X2 ölüm faktını müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi övladı X2 12 yanvar 1998-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 25 may 1996-cı il tarixdə doğulmuş X2 12 yanvar 1998-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4061/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4061/2023
12.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver