Məhkəmə qərarları › İş №2(001)-4126/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4126/2025

16.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4126/2025 16.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Ərizəçi “ölüm haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı Ərizəçi “ölüm haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1946-cı il təvəllüdlü X1 adına ölüm haqqında şəhadətnamənin verilməsinə köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin yolverilməzliyinə görə icraata qəbulundan imtina olunmalıdır. Belə ki, mülki prosessual qanunvericilik məhkəmə qaydasında müəyyən edilməli olan hüquqi əhəmiyyəti olan faktlar haqqında işlərin dairəsini müəyyən etmişdir. Həmin işlərin növləri MPM-nin 307-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2-ci maddəsinə əsasən, məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: - 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; - 307.2.2. şəxsin öhdədə olması faktının; - 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; -307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; - 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; - 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; - 307.2.7. bədbəxt hadisə faktının; -307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; - 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; - 307.2.10. atalığın etiraf olunması faktının; - 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; - 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Həmin Qaydanın 8.1, 8.5, 8.14-cü bəndlərinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. Qeyd edilməlidir ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünən odur ki, Ərizəçi məhkəməyə müraciət etməsində məqsədi anasının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnaməni ala bilməməsi, buna görə də, şəhadətnamənin məhkəmə qaydasında alınması üçün ona köməklik göstərilməsi ilə bağlıdır. Əvvəla iddiaçının ərizə ilə müraciət edərkən prosessual qanunvericiliyin tələblərinə əməl edibetməməsi məsələsinə münasibət bildirmədən öncə tələbin mahiyyəti ilə bağlı bildirilməlidir ki, hazırda irəli sürülmüş tələb üzrə qərar qəbul etmək məhkəmənin səlahiyyətinə aid edilməmişdir. Belə ki, yuxarıda sadalanmış olan qanunun mənasına görə xüsusi icraat qaydasında məhkəmənin baxmaq səlahiyyətinə malik olduğu işlərin dairəsi aydın şəkildə göstərilmişdir. Həmin işlər sırasında şəxsin ölüm faktının müəyyən edilməsi yer alsa da, şəhadətnamə vermək qanunla məhkəmənin səlahiyyətinə aid edilməmişdir. Bu səbəbdən məhkəmənin qənaətinə görə aidiyyəti şəxsin məlumatı və yaxud məhkəmənin qətnaməsi əsasında ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamənin verilməsi qeydiyyat orqanın səlahiyyətinə aid edildiyi üçün hazırki ərizənin icraata qəbulundan tələbə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə imtina edilməli, ərizəçiyə şəhadətnamənin verilməsi məsələsi ilə əlaqədar aidiyyəti qeydiyyat orqanına müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə və ya mülki mühakimə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Bundan başqa, iddia ərizəsinin forma və məzmun məsələsinə gəldikdə qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmənin iddia icraatı, xüsusi icraat, sadələşdirilmiş icraat və əmr icraatı qaydasında işlərə baxmaq səlahiyyəti müəyyən edilmişdir. Eyni zamanda qeyd edilir ki, məhkəmə işə xüsusi icraat qaydasında baxdıqda, tərəflər ərizəçi və maraqlı şəxs adlanır və müraciət ərizə formasında təqdim edilir. Lakin hazırki işdə Ərizəçi qismində müraciət etsə də, hansı orqanı maraqlı şəxs qismində cəlb etdiyini qeyd etməmiş, eləcə də müraciətini ərizə əvəzinə iddia ərizəsi qismində təqdim etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1, 306.2-ci maddələrinin tələblərinə görə məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Təsvir olunanları nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya izah edilməlidir ki, iddiaçı hazırki tələbi ilə bağlı ölüm haqqında şəhadətnamənin verilməsini həyata keçirən inzibati orqana, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aidiyyəti struktur qurumuna müraciət etməli və tələb edilən ölüm haqqında şəhadətnamə verilmədikdə, belə bir sənədin verilməsi ilə bağlı müvafiq öhdəliyin həmin inzibati orqanın üzərinə qoyulmasına dair və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməli, eyni zamanda iddiaçı Ərizəçi vəfat etmiş anası X1 adından xx.xx.2025-ci il tarixdə, ********** nömrəli qəbzlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Ərizəçi “ölüm haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və ərizəçiyə qaytarılsın. İddiaçı Ərizəçi izah edilir ki, o, hazırki tələbi ilə bağlı ölüm haqqında şəhadətnamənin verilməsini həyata keçirən inzibati orqana, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aidiyyəti struktur qurumuna müraciət etməli və tələb edilən ölüm haqqında şəhadətnamə verilmədikdə, belə bir sənədin verilməsi ilə bağlı müvafiq öhdəliyin həmin inzibati orqanın üzərinə qoyulmasına dair və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. İddiaçı Ərizəçi vəfat etmiş anası X1 adından xx.xx.2025-ci il tarixdə, ********** nömrəli qəbzlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçı Ərizəçi özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar