Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4243/2020 25.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı xx.xx.1961-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1961-ci il təvəllüdlü bacısı X3 xx.xx.2020-ci il tarixdə saat 16:20 radələrində uzun müddət Şizofreniya paranoid forma xəstəliyindən əziyyət çəkdiyi üçün vəfat etmişdir. Həmin gün eve çağırılmış Təcili və X5 Stansiyası tərəfindən, ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Bugünə qədər ölümü təsdiq edən sənədi almamışdır. Lakin hazırda bəzi sənədləşmə işlərinin aparılması üçün ölüm haqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu barədə ərizə üzrə poliklinikaya və qeydiyyat şöbəsinə yazılı ərizə ilə müraciət etmişdir. Lakin poliklinika arayışı, qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnaməni verməkdən imtina etmişdir. Eyni zamanda öz imtina ərizəsində bu barədə məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, Adisə ərə getməmişdir və ondan başqa yaxın qohumu yoxdur. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etmədiyinə görə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuş, ata qrafasında Nəsirov Nurullah, ana qrafasında Rəsulova Kaminat qeyd olunmuşdur. İİİ-JQ seriyalı, 499040 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Bakı şəhərində doğulmuş, ata qrafasında Nəsirov Nurullah, ana qrafasında Rəsulova Kaminat qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/Q-1107/13 nömrəli məktubuna əsasən Ərizəçi ərizəsinə cavab olaraq ölüm barədə həkim şəhadətnaməsi olmadığından ölüm haqqında qeydiyyatın aparılmasından imtina edilmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; Azərbaycan respublikası Səhiyyə Nazirliyi 10 saylı şəhər Poliklinikası tərəfindən verilmiş Ambulator kitabçadan Çıxarışın surətindən görünür ki, xx.xx.1950-ci il təvəllüdlü X2 şizofreniya, paranoid forma diaqnozu qoyulmuşdur. Bakı şəhəri Təcili və X4 Stansiyasınln 16 saylı bölməsinin məktubundan görünür ki, xx.xx.2020-ci il saat 16:20-də 59 yaşlı X1 adına çağırış daxil olmuşdur, qadın cinsli meyid aşkar olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakışəhər 35 saylı Şəhər poliklinikasının xx.xx.2020-ci il tarixli, 190 saylı məktubuna əsasən Ərizəçi ərizəsinə cavab olaraq xx.xx.1961-ci il təvəllüdlü X1 hər hansı bir xəstəliklə qeydiyyatda olmaması, müraciət olunmaması və ambulator kartının olmaması bildirilmişdir. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək üçün 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır.Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, Ərizəçi xx.xx.1961-ci il təvəllüdlü X1 qardaşıdır. X1 xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etməsi ölüm haqqında xəbərdarlıq vərəqəsi ilə sübut olunur. Ərizəçi bacısının ev şəraitində vəfat etməsinə görə, səhiyyə orqanlarından tibbi şəhadətnamə əldə edə bilmir. Həmin sənədin alınması ərizəçiyə X1 ölüm haqqında şəhadətnaməsini almaq, habelə onun ölümündən sonra yaranmış bir sıra hüquqi məsələləri həll etmək üçün lazımdır. Odur ki, Ərizəçi bacısı xx.xx.1961-ci il təvəllüdlü X1 xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1961-ci il təvəllüdlü X1 xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1961-ci il təvəllüdlü X1 xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-4243/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4243/2020
25.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver