Məhkəmə qərarları › İş №2(001)-4348/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4348/2023

19.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4348/2023 19.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1940-cu təvəllüdlü atası X2 xx.xx.2001-ci il tarixində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1940-cı il təvəllüdlü atası X5 xx.xx.2001-ci ildə ölmüşdür. Bu günə qədər də ölümü təsdiq edən sənədini ala bilməmişdir. Həmin sənəd bəzi sənədləşmə işlərinin aparılması üçün lazımdır. Poliklinika və qeydiyyat şöbəsinə yazılı müraciətlərindən imtina edilmiş və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclaslarında ərizəçi ərizəsinin dəlillərinə uyğun şəkildə izahat vermiş və əlavə olaraq bildirmişdir ki, qardaşı X4 vəfat etdikdən sonra qardaşına məxsus avtomobili satıb onun banka olan borcunu ödəmək istəmişlər. Lakin avtomobili anasının adına keçirtmək üçün atasının ölüm haqqında şəhadətnaməsini tələb etdilər. Onun atası ilə heçvaxt münasibəti olmayıb, onu görməmişdir. Belə ki, onun 7 yaşı olanda anası ilə atasının nikahı pozulmuş və həmin vaxtdan atasını görməmişdir. Nikahları pozulduqdan sonra anası nikaha daxil olmamış, atasının da nikaha daxil olmadığını eşitmişdir. Atası gil tərəfdən heç kimi tanımır və qohumları ilə münasibəti yoxdur. Atasının ölümündən xəbəri olmayıb və qardaşının ölümü ilə bağlı sənədləşmə işləri aparılan zaman öldüyünü bilmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində bildirmişdir ki, ərizəçi onun əmisi Səmədin oğludur və digər əmisi oğlu isə mərhum Samirdir. Əmisi ilə ərizəçinin anası boşandıqdan sonra əlaqələri olmamış, əmisi ikinci dəfə nikaha daxil olmamış və başqa uşağı yox idi. O, əmisi oğlunu fotoşəkillərdən tanımış və çox sonralar sosial şəbəkən bir-birlərini tapmışlar. Onun atası gil 3 uşaq olmuş, əmisi Səməd və bibisi Tamilə idi. Əmisi də onların qonşuluğunda Sovetski deyilən ərazidə yaşayırdı. 2001-ci ildə Sovetski deyilən ərazidə yerləşən evlərində qardaşı İmanov Vüqarın ərgərliyə yola salma məclisində əmisi ürək tutmasından vəfat etmişdir. Belə ki, əmisinə içki olmazdı, lakin o həmin məclisdə spirtli içki qəbul etdiyindən təcili yardım gələnə kimi xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Əmisi Qurd qapısı qəbiristanlığının Lökbatana düşən hissəsində babası Rzanın yanında dəfn edilmişdir. Onun nənəsinin adı sənədlə Ruqiyyə olmuş, lakin Rübabə deyə çağırılmışdır. Əmisinin doğum tarixini bilmir, lakin atasından böyük olduğunu xatırlayır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlardan müəyyən edilir ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X5 milliyəti azərbaycanlı, anası X1 milliyəti azarbaycanlı olmuşdur. Bu barədə Bakı şəhəri Oktyabr rayonu VVAQ şöbəsində xx.xx.1971-ci il tarixdə qeydiyyat aparılmışdır. Ərizəçinin Bakı şəhəri Maraqlı şəxsnə müraciətinə xx.xx.2023-cü il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, X2 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün şəhadətnamə verilə bilmir və bu barədə məhkəməyə müraciət etmək tövsiyyə olunur. “Təbib”-in 16 nömrəli şəhər polinklinikasından vətəndaşın müraciətinə xx.xx.2023-cü il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, xx.xx.1940-cı il təvəllüdlü X2 ölməsi ilə bağlı onlarda heç bir məlumat yoxdur. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, X5 xx.xx.2001-ci il tarixdə Qaradağ rayonu Ümumşəhər(qurd qapısı) qəbiristanlığında dəfn edilmişdir. Qəbirüstü abidəsi vardır və qeyd edilmişdir ki, X5 xx.xx.1940-xx.xx.2001. İddia tələbindən görünür ki, iddiaçının tələbinin hüquqi əsasını şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi təşkil edir. Belə ki, ərizəçi tələbində atasının ölümü barədə qeydiyyat aparılmadığını bildirir və eyni zamanda atasının olümü ilə bağlı tibbi şəhadətnamənin əldə edilməsinin mümkünsüzlüyünə görə ölüm haqqında şəhadətnamə ala bilmir. Hansı ki, həmin şəhadətnamə ona qardaşının ölümündən sonra miras əmlakın qəbul edilməsi ilə bağlı sənədləşmə işlərinin aparılması üçün lazımdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, ölüm faktı müəyyən edilməsi xahiş edilən X5 Ərizəçi atasıdır. Atası ilə anasının nikahı pozulduqdan sonra ərizəçinin atası ilə münasibəti olmamışdır. Dolayısı ilə atası tərəfindən digər qohumları ilə də əlaqəsi olmamışdır. Atasının vəfat etməsindən qardaşının ölümü ilə bağlı sənədləşmə işləri aparılan zaman məlumatı olmuşdur. Ərizəçi xx.xx.2001-ci ildə vəfat etməsi həm qəbirüstü abidənin fotoşəklindən(bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin arayışı da var), həm şahid ifadəsindən, mərhum doğum tarixi isə qəbirüstü abidənin fotoşəklindən müəyyən edilir. Mərhumun ölümünün hansı şəraitdə baş verməsi ilə bağlı isə şahid ətraflı məlumat vermiş və məhkəmə həmin ifadəni mötəbər sübut kimi qəbul etmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquq əhəmiyyətlidir, belə ki, qardaşının ölümü ilə bağlı miras əmlakın bölüşdürülməsi üçün birinci növbəli vərəsələrin müəyyən edilməsi zərurəti vardır və həmin faktın başqa qaydada müəyyən edilməsi müvafiq orqanların imtinalarından məlumdur. Odur ki, Ərizəçi atası xx.xx.1940-cı il təvəllüdlü X2 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində vəfat etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından və ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli olduğundan ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi atası xx.xx.1940-cı il təvəllüdlü X2 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizəsi təmin edilsin. Ərizəçi atası xx.xx.1940-cı il təvəllüdlü X2 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar