Məhkəmə qərarları › İş №2(001)-4350/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4350/2025

31.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4350/2025 31.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X3, Cavabdeh Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinə qarşı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin də üçüncü şəxs qismində cəlb olunduqları “işə bərpa, əmrin ləğv edilməsi və sair” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinə qarşı “işə bərpa, əmrin ləğv edilməsi və sair” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, yəni İddiaçı 2013-cü ildən şəkərli diabet xəstəsidir. Hazırda insulindən asılıdır. 32 il fortepiano ixtisası üzrə müəllim vəzifəsində fəaliyyət göstərmişdir. Bu müddətin son 14.5 ilini Bakı şəhəri Binəqədi rayonu 11 nömrəli Onbirillik musiqi məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsində çalışmışdır. 25 dekabr 2025-ci il tarixdə məktəbin direktoru tərəfindən attestasiya keçiriləcəyi barədə 17 №-li xəbərdarlıq bildirişini almış və həmin xəbərdarlıqda müəllimlərin attestasiyasının keçiriləcəyi qeyd edilmişdir. Lakin attestasiyanın konkret müddətləri, keçirilmə qaydaları və yeri barədə məlumat verilməmişdir. 03 mart 2025-ci il tarixdə mobil telefonuna 05 mart 2025-cil tarixdə saat 10:45-də Bakı Xoreoqrafiya Akademiyasında attestasiya olunacağı barədə SMS daxil olmuşdur. 05 mart 2025-ci il tarixdə attestasiya otağına daxil olarkən həyəcandan ani olaraq şəkəri artdığına görə özünü çox pis hiss etmiş, gözləri qaralmış, soyuq tər gəlmiş, fortepianonu bulanıq görmüşdür. Nə qədər çalışsa da, gözündə olan qaranlıq itməmişdir. O, komissiyaya şəkərli diabet xəstəsi olmasını bildirmiş və özünü toparlamaq üçün ona 15 dəqiqə vaxt verilməsini xahiş etmişdir. Lakin komissiya əlləri ilə kameraları göstərərək, icazə olmadığını bildirmişdir. O, düşünür ki, bu cür vəziyyətlərdə komissiyanın diqqətli və həssas yanaşması vacib idi, belə bir vəziyyətin komissiya tərəfindən nəzərə alınmaması qanunla nəzərdə tutulan müvafiq nəzakət və qayğıkeşlik qaydalarına uyğun deyildir. Gözləri bulanıq gördüyü üçün klaviaturanı aydın seçə bilməmişdir. Ani olaraq sağ əl barmaqları getməmişdir. Buna baxmayaraq, çətinliklə də olsa, əsəri ifa etmişdir. Sonra ona 4 sual vermişlər. O, sualları cavablandırmışdır. Lakin sualın düz və ya səhv cavablandırması barədə ona heç bir irad bildirilməmişdir. Bir neçə dəqiqədən sonra ona şifahi şəkildə attestasiyadan keçmədiyini bildirmişlər. Binəqədi rayonu 11 nömrəli Onbirillik musiqi məktəbinin direktoru attestasiyanın nəticələrini əsas götürərək, 01 aprel 2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə əmək müqaviləsinə xitam vermişdir. Keçirdiyi həyəcan və stresslərdən bir müddət evdə xəstə yatmışdır. xx.xx.2025-ci il tarixdə məktəbə getmiş və saat 11:15-də sənədlərin verilməsinin qeydiyyatı kitabının imza qrafasında sənədin qəbul etmə tarixini və saatı göstərməklə imza edərək Əmək kitabçasını, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini və attestasiya vərəqəsinin əslini qəbul etmişdir. Əmrdə qeyd olunmuşdur ki, güya o, Əmək Məcəlləsinin 79-cu maddəsinə aid olub-olmamağı barədə suala cavab verməkdən imtina etmişdir. Buna görə də xitam əmri verilərkən Əmək Məcəlləsinin 79-cu maddəsini ona tətbiq etmək mümkün olmamışdır. Bundan başqa, 12 bənddən ibarət olan attestasiya vərəqəsinin 5 bəndinin kobud səhvlərlə doldurulduğunu və 4 bəndinin tamamilə doldurulmadığını, məktəb direktorunun əmək müqaviləsinə xitam verilməsi haqqında 01 aprel 2025-ci il tarixli əmrindəki məlumatların Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə zidd olduğunu və bu əmrdə onun barəsində yazılan əsassız, yanlış və qurma fikrləri oxuduqda özünü çox pis hiss etmiş, sağlamlıq vəziyyəti daha da ağırlaşmışdır. Attestasiyaya hazırlıq və attestasiyanın keçirilməsi zamanı, attestasiyadan sonra aşağıdakı nöqsan və qanun pozuntuları aşkar edilmişdir: O, hesab edir ki, aşağıdakı səbəblərdən xx.xx.2025-ci tarixdə keçirilən attestasiyanın nəticələri və attestasiya komissiyasının onunla bağlı “tutduğu vəzifəyə uyğun deyil” qərarı qanunsuz sayılmalı və ləğv edilməli, attestasiyanın nəticələri qanunsuz sayılmalı və ləğv edilməli, attestasiya komissiyasının tərtib etdiyi attestasiya vərəqəsi etibarsız hesab olunmalı və ləğv edilməlidir: 1.İşəgötürən tərəfindən attestasiya əvəzinə imtahan keçirilmişdir (ƏM-nin 65.5ci maddəsi); 2.Attestasiya zamanı səhhəti ilə bağlı yaranmış ani vəziyyət (şəkərinin qalxması ilə səhhətinin pisləşməsi) komissiya tərəfindən nəzərə alınmamışdır; 3.Attestasiyanın keçirilməsi və attestasiya vərəqəsinin doldurulması zamanı Əmək Məcəlləsinin 65-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” 23 may 2001-ci il tarixli 97 nömrəli Qərarının tələblərinin kobud pozulması halları müşahidə edilmişdir: - həmin Qərarla təsdiq edilmiş Qaydaların 1.2-ci bəndinə əsasən attestasiyanın keçirilməsinin konkret müddətləri attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılmalı olduğu halda, ona attestasiyanın keçirilməsinin dəqiq tarixi attestasiyadan 2 gün əvvəl SMS-lə bildirilmişdir; - attestasiya komisssiyasının məktəb direktorunun xx.xx.2024-cü il tarixli 202 nömrəli əmri ilə yaradılmasına baxmayaraq, komissiyanın tərkibində həmkarlar ittifaqı təşkilatının sədri istisna olmaqla, məktəbin müəllimlərindən heç kim olmamışdır. Komissiyanın sədri və üzvləri digər qurumlardan təyin edilmişdir. Bu necə ola bilər? Əmr məktəbin, üzvləri isə qeyri-məktəb və qurumlardan. O, hesab edir ki, belə əmr özü qanunsuzdur; - attestasiya komissiyası onun əmək fəaliyyətini yoxlamamış və onun barəsində qərar qəbul edərkən 32 illik əmək stajını və əmək fəaliyyətini nəzərə almamışdır; - attestasiyanın keçirilməsi haqqında məktəb direkorunun xx.xx.2024-cü il tarixli 202 nömrəli əmri olduğu halda, attestasiya işçinin öz iş yerində deyil, məktəbdən kənarda - Bakı Xoreoqrafiya Akademiyasında keçirilmişdir. Bu isə öz növbəsində növbəti çətinliklər yaratmışdır. Belə ki, əsərini ifa etdiyi fortepiano köklənməmiş vəziyyətdə idi. Fortepianonun köklənməməsi - əsərin ifası üçün lazımi şəraitin yaradılmaması, testin düzgün və obyektiv qiymətləndirilməməsinə gətirib çıxarır. Bu, həmçinin ədalətli attestasiya və qiymətləndirmə hüququnun pozulmasıdır; - Əmək Məcəlləsinin 65-ci maddəsinin və Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 1.2, 1.8, 2.2, 2.4, 2.6, 2.7, 3.2-ci bəndlərinin tələbləri kobud şəkildə pozulmuşdur; - həmin Qaydaların 1.8-ci bəndinə əsasən, komissiyanın tərkibi işgüzar mənafelərə əsaslanan prinsipial yanaşmanı təmin etməmiş, əmək fəaliyyətinə obyektiv qiymət verilməmiş, onun konkret hansı vəzifədə istifadə olunma imkanları haqqında tövsiyələr verilməmişdir; həmin Qaydaların 2.2-ci bəndinə əsasən, attestasiya komissiyası onun gördüyü işlər haqqında məlumatı dinləməmiş, son 5 (beş) illik əmək fəaliyyəti komissiya tərəfindən yoxlanılmamış və qərar qəbul edilərkən nəzərə alınmamışdır; - həmin Qaydaların 2.4-cü bəndinə əsasən, attestasiya komissiyası tərəfindən ona yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqlarının, vəzifələrinin dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilməli olduğu halda, komissiya ona ancaq ixtisas üzrə suallar vermiş, qeyd olunan digər bəndlər üzrə suallar verilməmişdir. Ancaq Əmək Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndi və “İşçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 2.4-cü bəndi işçinin tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün bunu tələb edir. Yəni onun attestasiyası keçirilməmiş, o sadəcə ixtisas üzrə imtahan edilmişdir. O, hesab edir ki, məhz Qanunun bu bəndi kobud şəkildə pozulmuşdur. Ancaq ixtisas üzrə suallar verərək attestasiyanı tamamlamaq qanunsuzdur. - həmin Qaydaların 2.6-cı bəndinə əsasən, attestasiya komissiyası attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir, həmçinin attestasiyanın nəticələrinə görə ixtisas tələblərində qoyulmuş xüsusi hazırlığı və iş stajı olmayan, ancaq üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi praktiki təcrübəsi olan işçini müstəsna hallarda xüsusi hazırlıq və iş stajı tələb edən vəzifəyə təyin edilməsinin mümkünlüyü barədə tövsiyə edə bilər. 32 il əmək stajı olan bir müəllimin attestasiya vərəqəsində heç bir tövsiyə yazılmamışdır; - həmin Qaydaların 2.7-ci bəndində göstərilir ki, attestasiya vərəqəsi işçinin şəxsi işində saxlanılır, lakin məktəbdə onun şəxsi işi yoxdur; - həmin Qaydaların 3.2-ci bəndində göstərilir ki, müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir. Tövsiyələr verilməmiş, ancaq qərar qəbul olunmuşdur. O, hesab edir ki, bu birtərəfli və qanuna söykənməyən bir qərardır; - attestasiya şəffaf keçirilməmiş, komissiyanın üzvləri Mədəniyyət Nazirliyi tərəfindən tez-tez dəyişdirilmişdir. Bu gün attestasiyadan keçən müəllimi sabah komissiyanın üzvi təyin etmişlər. Bu üzvlər müxtəlif məktəblərdən olmuşdur. Bu isə öz növbəsində Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü bəndinə tam ziddir. Halbuki komissiyanın tərkibi işəgötürən tərəfindən attestasiyadan öncə əmrlə təyin edilir. Komissiya hər gün dəyişdiriləcəkdirsə niyə attestasiyadan 1 ay öncə əmrlə təyin edilirdi. Qanunvericiliyə tam ziddir. O, düşünür ki, Mədəniyyət Nazirliyinin komissiyanın işinə bu cür müdaxilələri attestasiyanın şəffaflığını tam olaraq kölgə altına salmışdır; 4. Attestasiyanın nəticələri obyektiv şəkildə əsaslandırılmamışdır. Musiqi əsərinin ifası və verilən suallara cavabların qiymətləndirilməsi üzrə öncədən təsdiq edilmiş meyarlar olmamışdır. Qiymətləndirmə meyarları olmadıqda qiymətləndirmə subyektiv fikirlərlə tamamlanır. İşçinin qiymətləndirilməsi obyektiv aparılmır. Bu meyarlar olsaydı attestasiya vərəqəsində sualların-cavablarının qarşısında “tam doğru cavab verə bilmədi və s.” buna bənzər fikirlər yazılmazdı. 97 nömrəli Qərar isə tələb edir ki, attestasiya vərəqəsində cavabların qısa məzmunu qeyd edilsin. 5. 32 il əmək stajı olan bir müəllimin həyat və əmək taleyini həll edən əsas sənəd - attestasiya vərəqəsi düzgün doldurulmamışdır. Belə ki, attestasiya vərəqəsində doğum tarixi, təhsil aldığı məktəbin adı, təhsil müəssisəsini bitirdiyi il, əmək stajı, vəzifəyə təyin olunduğu vaxt, son iş yerində işlədiyi əmək stajı kobud səhvlərlə göstərilmiş, vərəqənin 8, 9, 11, 12-ci bəndləri tamamilə doldurulmamış, vərəqənin 7-ci bəndində cavabların qısa məzmunu göstərilməmiş, vərəqənin 8-ci bəndində attestasiya komissiyası üzvlərinin rəy və təklifləri (əgər işçinin fəaliyyəti və karyerası ilə bağlı rəy və təklif verilməyibsə, bu, gələcəkdə onun peşəkar inkişafını, əmək şəraitini və hüquqlarını əhəmiyyətli şəkildə məhdudlaşdıra bilər), 9-cu bəndində onun rəy və təklifləri, 11-ci bəndində attestasiya komissiyasının tövsiyələri, 12-ci bəndində müvafiq qeydlər tamamilə göstərilməmiş, boş buraxılmışdır. Bu bəndlərin boş qalması, attestasiya prosesinin qeyri-kafi aparılmasını və işçinin qiymətləndirilməsinin düzgün aparılmamasını göstərir. Vərəqənin 12-ci bəndindən sonra komissiyanın sədri və üzvləri bu Qaydalarda göstərilən nümunəyə uyğun göstərilməmiş, komissiyaya katib təyin olunmuş (katib iclasda təyin edilir), 13-cü bənddə müəssisə rəhbərinin qərarı və onun qəbul olunduğu tarix göstərilməmişdir. Qərarın əvəzinə məktəb direktorunun əmri qeyd edilmişdir. Attestasiya vərəqəsinin 7-ci bəndində qeyd edilən məlumatlar həqiqəti tam əks etdirmir: - həmin bəndin 1-ci sətrində qeyd etmişlər ki, forma təhlil olunmadı. O, formanı təhlil etmişdir; - 2-ci sətrdə qammanın ifası: “fis moll” ondan ifa soruşmadılar. Ondan dominant-seftakordu soruşmuşlar, o, da cavab vermişdir. - 3-cü sətrdə tez templər haqqında məlumat. Ondan “tez” yox “yavaş” templər soruşulmuş, o, cavab vermişdir.- 4-cü sətrdə qeyd ediblər çox zəif idi. Qiymətləndirmə meyarlarında çox zəif neçə baldır? - 5-ci sətrdəki suala cavab vermişdir; - 6-cı sətrdə şagirdlə ilk dərsə necə başlayırsız? Ona belə məzmunda sual verilməmişdir. Sual verilmişdir ki, şagird ifaya hansı barmaqdan başlamalıdır. O, da cavab vermiş 3-cü barmaqdan. - 7-ci sətrdə cavab vermiş; 8-ci sətrdə İ.S.Bax neçə partitanın müəllifidir. Ondan partita soruşmamışlar, invensiya soruşmuşlar, o, cavab vermişdir; - 9-cu sətrdə qeyd edilən sual ona verilməmiş; - 10-cu sətrdəki sualda ondan “YTK” açılışını soruşmuşlar. O, cavab vermiş və demişdir ki, Baxın 24/24 prelüd fuqası var; - 11-ci sətrdəki sualda ondan A.Zeynallının həyat və yaradıcılığını soruşmamışlar. Ondan uşaq süitasını soruşmuşlar, o, cavab vermişdir ki, 3-cü pyes “Rəqs”. Attestasiya vərəqəsindən görünür ki, komissiya üzvləri “tam dolğun cavab verə bilmədi”, “cavab verə bilmədi” və “çox zəif idi” fikirlərindən tez-tez istifadə etmişlər. Görəsən onlar sualların cavablarının doğru və ya səhv olmasını qiymətləndirmək üçün hansı təsdiq olunmuş qiymətləndirmə meyarlarından istifadə etmişlər. Ümumiyyətlə attestasiyadan əvvəl təsdiq olunmuş suallar toplusu və bu sualların Boloniya təhsil sisteminin tələblərinə əsasən təsdiq edilmiş qiymətləndirmə meyarları olubmu? O, düşünür ki, musiqi əsərinin ifası və verilən suallara cavabların qiymətləndirilməsi üzrə öncədən təsdiq edilmiş meyarlar olmamışdır. Çünki bu meyarlar olsaydı, onda sualların qarşısında belə sözlər yox konkret ballar olmalı idi və bu balların ümumi cəmini taparaq attestasiya olunanın neçə bal topladığını görmək olardı. Qiymətləndirmə meyarları olmadıqda, onların qiymətləndirilməsi subyektiv fikirlərə dayanır. Bu isə Boloniya təhsil sistemində qiymətləndirmə qaydalarına ziddir. Attestasiya vərəqəsinin 10-cu bəndində “Attestasiya olunan tutduğu vəzifəyə uyğun deyil” qərarında səslərin miqdarı: lehinə (yəni razı) - 1 nəfər, əleyhinə (yəni narazı) - 4 nəfər qeyd edilmişdir. Bu isə o deməkdir ki, komissiyanın üzvlərindən 4 nəfər bu qəbul olunmuş qərarla razı olmamışlar. Cəmi 1 nəfər bu qərarla razı olmuşdur. Onların səsverməsinin nəticələrinə görə o, tutduğu vəzifəyə uyğundur. 6. Attestasiya vərəqəsində onun barəsində məlumatların səhvlərlə və natamam doldurulması, komissiyanın sədri və üzvlərinin düzgün qeyd edilməməsi, komissiyaya katib təyin olunması və attestasiya vərəqəsində məktəb direktorunun attestasiyanın nəticələrinə görə qərarının olmaması və qərarın qəbul olunduğu tarixinin göstərilməməsi kimi ciddi qeyri-qanuni addımlar attestasiya komissiyasının şəffaflığı və peşəkarlığı barədə ciddi şübhələr yaradır. Attestasiya vərəqəsində onunla bağlı göstərilən məlumatlardan təkcə adı və soyadı düzdür. O, hətta bu attestasiya vərəqəsinin onun olmasına şübhə ilə yanaşır. Attestasiya vərəqəsinin düzgün doldurulmaması, yalnız sadə prosedur pozuntusu deyil, həm də onun hüquqlarının pozulması deməkdir. Qanunvericiliyə əsasən şəxsi məlumatların yanlış təqdim olunması hüquq pozuntusu hesab edilir.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 mart 2000-ci il tarixli 38 №-li Qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”na əsasən Bakı Xoreoqrafiya Akademiyasındakı iş yerlərinin attestasiyadan keçməsi şübhə altındadır. Sual olunur: Beş nəfərdən ibarət attestasiya komissiyası işçinin taleyini həll edən bir attestasiya vərəqəsini Qaydalarda göstərilən tələblərə uyğun doldura bilmirsə, müəllimləri görəsən hansı meyarlara əsaslanaraq attestasiya etmiş və onların 32 illik əmək fəaliyyətinə “yararsız” damğası vurmuşlar? Azərbaycan Respublikasının bağladığı və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X5 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq sosial və hüquqi baxımdan xüsusi qorumaya ehtiyacı olan bir qrup işçilərin əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işəgötürənin və işçilərin hüquqlarını, vəzifələrini tənzimləmək məqsədi ilə dövlət tərəfindən Əmək Məcəlləsində 79-cu maddə yer almışdır. 1. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində açıq-aşkar vurğulanır ki, işəgötürən tərəfindən işçinin şəkərli diabet və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi QADAĞANDİR. 2. 79-cu maddənin 2-ci hissəsində isə, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmədiyi (tətbiq edilmədiyi) qeyd edilmişdir. 3. Şəkərli diabet xəstəsi olmağı səbəbindən ona da bu xitamın qadağan olunmalı olduğu açıq-aşkar görünür. Çünki Əmək Məcəlləsinin 79-cu maddəsinin 2-ci hissəsi artıq bu cür həssas qrupa aid olan və dövlət tərəfindən daimi qorumaya ehtiyacı olan işçilərin əmək müqavilələrinə bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin qadağan edilməsinə son nöqtəni qoyur. Əmək Məcəlləsinin 70-ci maddəsində qeyd edilmişdir ki, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər. Bu maddə ilə bağlı qeyd olunmalıdır ki, qanunun bu göstərişi imperativ xarakter daşımır. Belə ki, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Əmək Məcəlləsinin 79-cu maddəsinə gəldikdə isə, bu maddə Məcəllənin “Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları” adlanan on birinci fəslində yer almışdır. Məcəllənin bu fəslində işçilərin digər təminatları ilə yanaşı 79cu maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar müəyyən edilmişdir. Bu normanın tələbinə görə işəgötürən tərəfindən 79-cu maddənin 1-ci hissəsində qeyd edilən işçilərin, həmçinin işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Burada isə qanunun bu göstərişi imperativ xarakter daşıyır. Bu qaydadan istisnaya isə yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “a" bəndində nəzərdə tutulan müəssisənin ləğv edildiyi hallarda və əmək müqaviləsinə bu Məcəllənin 73-cü maddəsi ilə xitam verilən hallarda yol verilir. On birinci fəslin adından da göründüyü kimi, Məcəllənin 79-cu maddəsində müəyyən edilmiş hallar əgər işəgötürən üçün qadağa hesab edilirsə, ayrı-ayrı işçi kateqoriyaları üçün isə bu dövlətin, qanunvericinin onlara verdiyi imtiyazdır (güzəştdir) və belə işçilərin dairəsi qanunda dəqiq müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi dövlət olmaqla yanaşı, həm də sosial yönümlü dövlətdir. Göstərilənlərə əsasən, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə xitam verilməsinə qadağanın qoyulması Əmək Məcəlləsinin hər hansı bir maddəsinə zidd kimi təvsir edilə bilməz. Əmək Məcəlləsinin 79-cu maddəsinin qanunvericilikdə və cəmiyyətdə bəzi kateqoriya işçilərin sosial müdafiəsinin möhkəmləndirilməsi baxımından öz təyinatı vardır. Qanunverici bu güzəştli normanı müəyyən edərkən şəkərli diabet xəstəsi olan işçilərin sağlamlığının qorunması və ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi mövqeyindən çıxış etmişdir. O, hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci maddəsinə əsasən Azərbaycan dövlətinin demokratik, dünyəvi, hüquqi, unitar Respublika olmasını nəzərə alaraq, vəzifəli şəxsin 32 il əmək təcrübəsi olan bir müəllimi hüquq müstəvisindən kənar bu cür yanaşması qanun pozuntusu hesab olunmalı və Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə onun əmək müqaviləsinə verilən xitam əmri, bu Məcəllənin 79-cu maddəsinin qoruması altına düşdüyü üçün qanunsuz sayılmalı və ləğv edilməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, xx.xx.2025-ci il tarixli attestasiya komissiyasının onunla bağlı “tutduğu vəzifəyə uyğun deyil” qərarının qanunauyğunluğu və əsaslılığının müəyyən edilməsi və ləğv edilməsi, xx.xx.2025-ci tarixli attestasiyanın nəticələrinin qanunsuz sayılması və ləğv edilməsi, attestasiya vərəqəsinin etibarsız hesab olunması və ləğv edilməsi, Binəqədi rayonu 11 nömrəli Onbirillik musiqi məktəbinin əmək müqaviləsinə xitam verilməsi haqqında 01 aprel 2025-ci il tarixli 45 nömrəli əmrinin qanunsuz hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə və vəzifəsinə - Binəqədi rayonu 11 nömrəli Onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə müəllimi vəzifəsinə bərpa olunması, əmək müqaviləsinə xitam verildiyi xx.xx.2025-ci il tarixdən etibarən işə bərpa olunacağı günə qədər olan əmək haqqının ödənilməsi, işdən azad edilmə ilə bağlı ona vurulmuş mənəvi zərərə görə 2**** manat məbləğində kompensasiyanın ödənilməsi, vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi nəticəsində fiziki şəxslərin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurulması faktının və vəzifə səlahiyyətlərini aşma faktının araşdırılması, əmələ hüquqi qiymət verilməsi və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi X6 hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bununla yanaşı, İddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə ilə müraciət edərək, Arif Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbi tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli 45 nömrəli əmrin qanunsuz hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, əmək müqaviləsinə xitam verildiyi gündən (xx.xx.2025-ci il) etibarən işə bərpa olunacağı günə qədər olan əmək haqqının ödənilməsi və onun əvvəlki iş yerinə və vəzifəsinə müddətsiz əmək müqaviləsi bağlayaraq bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul elməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndəsi X1 musiqi məktəblərinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində könüllü olaraq formalaşdırıldığını, həmin musiqi məktəblərində sertifikasiya imtahanlarının keçirilməsinin yolverilməz olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin, həmçinin cavabdehin və üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10258/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə qarşı “attestasiya komissiyasının qərarının ləğv edilməsi və s.” tələbinə dair iddiası mümkün sayılmamışdır. İş materiallarında olan İddiaçı ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 15 sentyabr 2010-cu il tarixdə 109 nömrəli əmrlə Bakı şəhəri 11 saylı uşaq Musiqi Məktəbinə Fortepiano ixtisası üzrə müəllim vəzifəsinə təyin olunmuş, xx.xx.2014-cü il tarixdə 149 nömrəli əmrlə Bakı şəhəri 11 saylı uşaq Musiqi Məktəbinin adı Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi adlandırılmış, xx.xx.2025-ci il tarixdə isə 45 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 03 aprel 2025-ci il tarixdən etibarən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan İddiaçı ilə Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi arasında bağlanmış 24 yanvar 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı fortepiano ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Bak şəhər Mədəniyyət Baş İdarəsi Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi tərəfindən verilmiş 01 aprel 2025-ci il tarixli 45 nömrəli əmrin surətindən görünür ki, Bakı şəhəri Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi tərəfindən Attestasiya Komissiyasının 05 mart 2025-ci il tarixli qərarı və İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmadığı nəzərə alınaraq, Bakı şəhər Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı 03 aprel 2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcələsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrdə qeyd edilmişdir ki, Bakı şəhəri Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli qərarı ilə həmin məktəbin fortepiano müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun olmadığı qərara alınmışdır. Bununla əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilmiş halların mövcud olub-olmadığına dair məlumatın təqdim edilməsi İddiaçı təklif edilmiş, lakin sonuncu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmadığı nəzərə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin işçilərin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dair 05 mart 2025-ci il tarixli 1 nömrəli protokolun surətindən görünür ki, attestasiyada 16 nəfər əməkdaş, bunlardan 13 nəfər əməkdaş - Bakı şəhəri Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri Roza Parmas, fortepiano şöbəsinin müəllimləri Qızılgül Ağakişiyeva, Ofeliya Muradova, İddiaçı, Kifayət Abdullayeva, Camalə Cabbarova, Tubu Cabbarova, Samirə Dehqani, Mətanət Əhmədova, Yeganə Güçlü, Şəlalə Əliyeva, Əzizova Günel, Xəyalə Hidayətli iştirak etmişdir. Həmin protokoldan müəyyən edilir ki, Bakı şəhəri Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri Roza Parmas, fortepiano şöbəsinin müəllimləri Qızılgül Ağakişiyeva, Camalə Cabbarova, Tubu Cabbarova, Mətanət Əhmədova, Yeganə Güçlü, Əzizova Günel, Xəyalə Hidayətli tutduqları vəzifələrə uyğun hesab edilmiş, Bakı şəhəri Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimləri Ofeliya Muradova, İddiaçı, Kifayət Abdullayeva, Samirə Dehqani, Şəlalə Əliyeva tutduqları vəzifələrə uyğun hesab edilməmişlər. İş materiallarında olan Şəki orta ixtisas Musiqi Məktəbi tərəfindən verilmiş MT-İ seriyalı, 293758 nömrəli Bakalavr diplomunun surətindən görünür ki, Dövlət İxtisas Komissiyasının 26 iyun 1990-cı il tarixli qərarı ilə İddiaçı müəllim, konsertmeyster ixtisası verilmişdir. İş materiallarında olan “CD” diskdən məlum olur ki, İddiaçı atesstasiyadan keçirilən zaman həyəcanlı olmaqla şəkər xəstəsi olmasını bildirməklə yanaşı, komissiya tərəfindən verilmiş sualların əksəriyyətinə cavab vermiş, komissiya tərəfindən ona təkrar atesstasiyadan keçirilməsinə şərait yaradılmamış, komissiyanın sədri tərəfindən onun şəxsiyyətinə və digər sırf şəxsi dəyərlərinə görə qərəzli münasibət bəslənilmiş, şəxslə bağlı komissiyanın digər üzvlərinə “Burda özlərini sakit aparmaqlarına baxmayın, siz bilmirsiz necə həyasız adam(lar)dı” ifadələrini işlətmişdir. İş materiallarında olan ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan, arayışdan, epikrizdən və s. tibbi sənədlərdən görünür ki, İddiaçı şəkərli diabet və s. xəstəliklərdən əziyyət çəkir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddənin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 11-ci maddəsinə əsasən işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək, işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək, işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək, işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək, əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək, əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək, işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək hüquqları vardır. 46.1-ci maddəyə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. 65.1-ci maddəyə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65.2-ci maddəyə əsasən yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. 65.3-cü maddəyə əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 65.4-cü maddəyə əsasən attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 65.5-ci maddəyə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 65.6-cı maddəyə əsasən attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 65.7-ci maddəyə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 66-cı maddəyə əsasən uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) attestasiyası keçirilmir. 67.1-ci maddəyə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 67.2-ci maddəyə əsasən işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. 67.3-cü maddəyə əsasən iş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir. 67.4-cü maddəyə əsasən iş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz. 67.6-cı maddəyə əsasən attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. 70-ci maddənin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. 71.3-cü maddəyə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 74-cü maddəsinin ikinci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 83-cü maddənin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddənin 2-ci hissəsinə əsasən, elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. 83-cü maddənin 3-cü hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84-cü maddənin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 84-cü maddənin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 84-cü maddənin 3-cü hissəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Həmin Məcəllənin fərdi əmək mübahisələrinin predmetini müəyyən edən 288-ci maddəsində əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisələrinin predmeti kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının: 2.1-ci maddəsinə əsasən attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir. 2.4-cü maddəsinə görə attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 2.6-cı maddəsinə görə attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. Bununla yanaşı, attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq, işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilən səviyyədən aşağı olmamaq şərti ilə), əlavələr etmək, işçini peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olmadıqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir. Attestasiya komissiyası attestasiyanın nəticələrinə görə ixtisas tələblərində qoyulmuş xüsusi hazırlığı və iş stajı olmayan, ancaq üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi praktiki təcrübəsi olan işçini müstəsna hallarda xüsusi hazırlıq və iş stajı tələb edən vəzifəyə təyin edilməsinin mümkünlüyü barədə tövsiyə edə bilər. Bununla belə, attestasiya komissiyası müvafiq tövsiyələrinin səbəblərini göstərir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç”, 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 17 fevral 2016-cı il tarixli qərardadında məhkəmə vurğulamışdır ki, “Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları” Əmək Məcəlləsinin onuncu fəslində təsbit edilmişdir. Bu fəsil Əmək Məcəlləsinin 68-76-cı maddələrini əhatə edir və əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtləri müəyyən edən 76-cı maddə ilə tamamlanır. Bu fəsildə əvvəlcə ümumilikdə əmək müqaviləsinə xitam verilməsinin əsasları, sonra əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin qaydası (69-cu maddə), işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində verilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsi 4 bənddən ibarətdir. Bu maddənin “ç” bəndində deyilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu maddə ilə bağlı qeyd olunmalıdır ki, qanunun bu göstərişi imperativ xarakter daşımır. Belə ki, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Həmin qərardadda Konstitusiya Məhkəməsinin Palatası həmçinin qeyd etmişdir ki, qanunverici bu güzəştli normanı müəyyən edərkən ana və uşağın sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də bəzi kateqoriya işçilərin sağlamlığının qorunması və ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi mövqeyindən çıxış etmişdir. Qeyd olunanlarla bağlı Konstitusiya Məhkəməsinin Palatası belə nəticəyə gəlir ki, müraciətdə göstərilən məsələnin həll edilməsi zamanı Bakı şəhəri Xətai Rayon Məhkəməsi Konstitusiyada təsbit edilmiş və dövlət tərəfindən təmin edilən sosialyönümlü dəyərləri nəzərə almaqla və baxılan işdə tətbiq etməklə müəyyən nəticəyə gələ bilər. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı Bakı şəhəri 11 saylı Uşaq Musiqi Məktəbinin 15 sentyabr 2010-cu il tarixli 109 nömrəli əmrinə əsasən həmin məktəbdə fortepiano müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra xx.xx.2020-ci il tarixli 24 nömrəli əmrlə Musiqi Məktəbinin adı dəyişdirilərək Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi adlandırılmışdır. 05 mart 2025-ci il tarixdə işçilərin attestasiyası keçirilmiş və İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin 01 aprel 2025-ci il tarixli 45 nömrəli əmrinə əsasən Bakı şəhər Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı 03 aprel 2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcələsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə işin faktiki hallarını qiymətləndirib yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, iddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının pozulması ilə keçirildiyindən, iddiaçının attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı dövlətin şəkərli diabet xəstələrinin hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də bəzi ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi siyasətinə zidd olmuşdur. Belə ki, ilk növbədə məhkəmə vurğulayır ki, Əmək Məcəlləsinin 70-ci maddənin “c” bəndində nəzərdə tutulmuşdur ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, qanunun bu göstərişi imperativ xarakter daşımır, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Və bu halda həmin məcəllənin 67-ci maddəsinin ikinci bəndi müəyyən edir ki, İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq, işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Attestasiya vərəqəsindən görünür ki, iddiaçı fortepiano ixtisasını 2000-ci ildə almış, ixtisasartırmada iştirak etməmişdir. Beləliklə, Komissiya iddiaçının şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini, ixtisasartırma kursuna cəlb olunmamasını nəzərə almadan onunla bağlı heç bir tövsiyyə yaxud təklif vermədən onun tutduğu vəzifəyə uyğun olmadığı qənaətinə gəlmişdir. Bununla yanaşı işəgötürən iddiaçının bu işə ehtiyacı olduğunu nəzərə almadan, iddiaçının aldığı ali təhsili üzrə yiyələndiyi ixtisasına uyğun olaraq işlə təmin edilməsi imkanlarını nəzərdən keçirmədən, onun şəxsiyyətinə və digər sırf şəxsi dəyərlərinə görə qərəzli münasibət bəsləməklə onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş və bu zaman da əmrin tərtibində Əmək Məcəlləsinin 71-ci maddəsində müəyyən edilmiş tələbi pozmuşdur. Belə ki, həmin maddəyə görə İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. X9 adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi 01 aprel 2025ci il tarixli 45 nömrəli əmrində iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbləri qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin 01 aprel 2025-ci il tarixli 45 nömrəli əmri ləğv edilməli, İddiaçı Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində müəllim vəzifəsinə bərpa edilməli və ona məcburi iş buraxmaya görə 03 aprel 2025-ci il tarixdən işə faktiki bərpa ediləcəyi tarixədək əmək haqqı ödənilməlidir. Bununla yanaşı iddia tələbi “onun əvvəlki iş yerinə və vəzifəsinə müddətsiz əmək müqaviləsi bağlayaraq bərpa olunması” hissəsində təmin edilməməlidir. Belə ki, hazırki qətnamə qanuni qüvvəyə mindikdən sonra İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin 01 aprel 2025-ci il tarixli 45 nömrəli əmri ləğv ediləndən və o, müəllim vəzifəsinə bərpa ediləndən sonra onunla bağlanmış əmək müqavilə əsasında yaranmış əmək münasibətləri kəsilməmiş kimi davam etdiriləcəyindən, onunla yenidən əmək müqaviləsinin bağlanmasına ehtiyac olmadığından həmin hissədə iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin 01 aprel 2025-ci il tarixli 45 nömrəli əmri ləğv edilsin. İddiaçı Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsinə bərpa edilsin. İddiaçı məcburi iş buraxmaya görə 03 aprel 2025-ci il tarixdən işə faktiki bərpa ediləcəyi tarixədək əmək haqqı ödənilsin. İddia tələbi “iddiaçının əvvəlki iş yerinə və vəzifəsinə müddətsiz əmək müqaviləsi bağlayaraq bərpa olunması” hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar