Məhkəmə qərarları › İş №2(001)-4354/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4354/2025

04.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4354/2025 04.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi İddiaçı (maraqlı şəxs qismində Cavabdeh cəlb edilməklə) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, 3580,50 manat borc məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında əmək müqaviləsinə xitam əsasının dəyişdirilməsi və işəgötürənə borcun qaytarılmasına dair mübahisə üzrə İddiaçı MMC-nin etdiyi müraciət əsasında mediasiya reyestrində 00002 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 vasitəsilə xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinin 2-ci bəndinə əsasən, sazişdə birbaşa müəyyən olunub-olunmamasından asılı olmayaraq, tərəflər bu barışıq sazişi üzrə öhdəliklərini yerinə yetirmək üçün zəruri olan bütün hərəkətləri, müraciətləri vicdanla və ləngitmədən həyata keçirəcək, eyni qaydada sənədləri tərtib edəcək və ya imzalayacaqlar. Cavabdeh qəbul və təsdiq edir ki, İddiaçı MMC-yə cəmi 3580,80 (üç min beş yüz səksən manat səksən qəpik) məbləğində borcu var və həmin məbləği aşağıdakı qaydada ödəyəcək: a) 3000 manat məbləğini- bu sazişin 3-cü bəndində nəzərdə tutulmuş yazılı ərizəni İddiaçı MMC-yə təqdim etdiyi gün; b) Qalıq 580,80 manat məbləğini saziş hüquqi qüvvəyə mindiyi tarixdən 6 ay ərzində. Hesab edirlər ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi könüllü şəkildə ödəmək niyyətində deyil. Məhkəmə iclasında ərizəçi İddiaçı nümayəndəsi Nümayəndə2 ərizəsini müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verdi. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixdə, Bakı 15 saylı Mediasiya təşkilatı vasitəsi ilə Cavabdeh və İddiaçı MMC arasında bağlanmış barışıq sazişindən görünür ki: Tərəflər aşağıda göstərilən tələblər üzrə göstərilən şərtlərlə razılığa gəldilər.

1. Tərəflər razılaşırlar ki, hazırki mübahisəni məhkəmədən kənar öz aralarında həll edəcəklər.

2. “İkinci tərəf” “Birinci tərəf” olan Cavabdeh AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi barədə xx.xx.2020-ci il tarixdə verdiyi 394/k nömrəli əmrini ləğv etməyi və onu öz ərizəsinə əsasən işdən azad etməyi, eləcə də bununla bağlı müvafiq elektron hökümət portalında zəruri dəyişikliklər etməyi öhdəsinə götürür.

3. “Birinci tərəf” öhdəsinə götürür ki, onun AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi barədə “İkinci tərəf”in əmri ləğv edildiyi gün işdən azad edilməsi barədə ərizə ilə “İkinci tərəf”ə müraciət edəcək.

4. Bu sazişdə birbaşa müəyyən olunub-olunmamasından asılı olmayaraq, tərəflər bu barışıq sazişi üzrə öhdəliklərini yerinə yetirmək üçün zəruri olan bütün hərəkətləri, müraciətləri vicdanla ləngitmədən həyata keçirəcək, eyni qaydada sənədləri tərtib edəcək və imzalayacaqlar.

5. “Birinci tərəf” qəbul və təsdiq edir ki, “İkinci tərəf”ə cəmi 3580,80 (üç min beş yüz səksən manat səksən qəpik) məbləğində borcu var və həmin məbləği aşağıdakı qaydada ödəyəcək: a) 3000 manat məbləğini- bu sazişin 3-cü bəndində nəzərdə tutulmuş yazılı ərizəni İkinci Tərəfə təqdim etdiyi gün; b) Qalıq 580,80 manat məbləğini saziş hüquqi qüvvəyə mindiyi tarixdən 6 ay ərzində.

6. “Birinci tərəf” əmək mübahisəsi ilə bağlı “İkinci tərəf”ə qarşı heç bir şikayətinin və tələbinin olmadığını etiraf edir və bu məqsədlə məhkəməyə və ya digər dövlət orqanlarına müraciət etməyəcəyini öhdəsinə götürür.

7. İlkin mediasiya xərci (50 AZN) və Tam mediasiya xərci (150 AZN) Cavabdeh tərəfindən ödənilir. 06 may 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işdə iştirak edən şəxslər tərəfindən imzalanmış 06 aprel 2023-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək və Mülki Prosessual Məcəllənin 355-26.1-ci göstərilən barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, maraqlı şəxs Cavabdeh barışıq sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi məcburi icrası üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ərizə təmin edildiyindən, ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi оlaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti maraqlı şəxs Cavabdeh ərizəçi İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. xx.xx.2023-cü il tarixdə, Bakı 15 saylı Mediasiya təşkilatı vasitəsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış aşağıdakı şərtləri özündə əks etdirən MŞB/MT015/2024- 0100/02 saylı barışıq sazişinin aşağıda göstərilən hissələri məcburi icrası üçün təsdiq edilsin:

1. “Birinci tərəf” qəbul və təsdiq edir ki, “İkinci tərəf”ə cəmi 3580,80 (üç min beş yüz səksən manat səksən qəpik) məbləğində borcu var və həmin məbləği aşağıdakı qaydada ödəyəcək: a) 3000 manat məbləğini- bu sazişin 3-cü bəndində nəzərdə tutulmuş yazılı ərizəni İkinci Tərəfə təqdim etdiyi gün; b) Qalıq 580,80 manat məbləğini saziş hüquqi qüvvəyə mindiyi tarixdən 6 ay ərzində. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi оlaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar