Məhkəmə qərarları › İş №2(001)-4367/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4367/2025

07.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4367/2025 07.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X11 Xidməti cəlb edilməklə) “müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X11 Xidməti cəlb edilməklə) “müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh (işəgötürən) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsinə dair cavabdehin xx.xx.2025-ci il tarixli əmrin qanunsuz hesab edilməsi, onun cavabdehin Bərdə X6 və Fumiqasiya Mərkəzinə baş aqronom vəsifəsinə bərpa edilməsi və həmin vəzifədən qanunsuz kənarlaşdırıldığına görə xx.xx.2025-ci ildən hazırkı iddia tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı olan tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, həmçinin mediasiya xidmətinə görə ödədiyi 60 manatın cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ixtisas etibarı ilə ali təhsilli aqronomdur. 1994-cü ildə X14 Akademiyasını bitirmişdir. İxtisası üzrə 25 il əmək stajı vardır. 13 aprel 2020-ci ildən 13 mart 2025-ci il tarixədək olan müddətdə fasiləsiz olaraq 5 il ərzində müddətli əmək müqavilələri ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və X3 X6 və Fumiqasiya Mərkəzində baş aqronom vəzifəsində işləmişdir. Onunla bağlanmış ilk müddətli əmək müqaviləsi xx.xx.2020-ci il tarixli, xxxxxxx000115 №-li olmaqla, hər 3 ayda bir dəfə bu müqavilə 15 dəfə yenilənmiş, yəni “İşə götürən”lə onun arasına yenidən müddətli əmək müqavilələri bağlanmış, sonuncu dəfə “İşə götürən”lə onun arasında bağlanmış müddətli əmək müqaviləsi xxxxxxx000115 №-li olmaqla həmin müqavilənin bitmə tarixi: xx.xx.2025ci il olmuşdur. Cavabdeh tərəfindən Elektron qaydada xx.xx.2025-ci il tarixdə ona aşağıdakı məzmunda məlumat göndərilmişdir: “Sizinlə bağlanmış əmək müqavilənizin qüvvədə olma müddətinin bitməsi səbəbi ilə xx.xx.2025-ci il tarixindən əmək müqavilənizə xitam veriləcəkdir. Qeyd edilənləri nəzərə alaraq, sizə məxsus əmək kitabçasını Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Kadr və Kargüzarlığın təşkili şöbəsindən götürməyiniz xahiş olunur”. xx.xx.2025-ci il tarixdən sonra cavabdehin Bakı şəhərində yerləşən Mərkəzi ofisinə gedərək əmək müqaviləsinə xitam verilməsinin əsil səbəbini öyrənməyə cəhd etmiş, lakin görüşdüyü bütün rəhbər şəxslər əmək müqaviləsinə bilavasitə X4 və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin direktorunun şəxsi istəyi ilə xitam verildiyini bildirirək onunla görüşüb səbəbi öyrənməyi məsləhət bilmişlər. Bir neçə gün Bakı şəhərində qalıb direktorun qəbuluna düşməyə çalışsa da, onu şəxsən qəbul etməkdən yayınmışdır. Odur ki, mübahisənin məhkəmədən kənar - “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun surətdə onun tərəfindən əvvəlcə cavabdehə Mediasiya prosesinin tətbiqi barədə təklif (xx.xx.2025-ci il tarixdə sifarişli poçt göndərişi ilə) göndərilmiş. Təklifinə həmin Qanunla müəyyən edilmiş 10 iş günü müddətində cavabdeh tərəfindən heç bir münasibət bildirilmədiyinə görə mübahisənin mediatorun vasitəçiliyi ilə həlli üçün xx.xx.2025-ci il tarixdə Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət təqdim etmişdir. X7 tərəfindən dəfələrlə rəsmi qaydada dəvət edilməsinə baxmayaraq cavabdeh xx.xx.2025-ci il tarixə təyin edilmiş X5 (İMS) heç bir üzürlü səbəb olmadan nümayəndəsini göndərməmiş, bununla da mübahisənin məhkəmədən kənar-barışıq yolu ilə həllindən imtina etdiyini nümayiş etdirmişdir. Mediasiya xidmətinə görə cəmi 61 manat rüsum da onun tərəfindən ödənilmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə məhkəmə müdafiəsindən yararlanaraq pozulmuş əmək hüququnun bərpasına nail olmaq istəyir. İddia tələbini ona görə əsaslı hesab edir ki, Bərdə X6 və Fumiqasiya Mərkəzində işlədiyi 5 il ərzində heç bir intizam tənbeh almamış, əksinə yaxşı işinə görə həmişə həvəsləndirmə qaydasında mükafatlandırılmışdır. Son 3 ildə isə rəsmi əmrlə əvvəlcə 3 ay müddətinə X12 direktoru vəzifəsinin müvəqqəti icrası ona həvalə edilmiş, buna görə direktorun vəzifə maaşının 50%-i də əsas işi üzrə əmək haqqına əlavə edilməklə ona ödənilmiş, həmin 3 aylıq müddət də başa çatdıqdan sonra isə rəsmi əmr verilmədən cavabdehin rəhbərliyi X12 direktoru vəzifəsini vakant saxlamaqla davam edərək rəsmi əmr vermədən, şifahi tapşırıq əsasında direktor vəzifəsinin icrasını ona həvalə etmiş, odur ki, heç bir əlavə əmək haqqı verilmədən daha 2 il 9 ay X12 direktoru vəzifəsini icra etməkdə davam etmişdir - xx.xx.2025-ci il tarixədək. Həmin 2 il 9 ay ərzində həm baş aqronom vəzifəsini, həm də direktorun vəzifə funksiyaları layiqincə icra etmiş, Mərkəzin möhürü və əsas hesabat və nəzarət sənədləri onda olub, hesabatları o hazırlayıb, imzalayıb, göndərmişdir. İşçilərin əmək intizamına nəzarəti, bir sözlə direktorun vəzifə səlahiyyətlərinə aid olan bütün məsələləri o icra etmişdir. Bu fakt onu təsdiq edir ki, pis işçi olmuş olsa idi cavabdeh 3 il ərzində ona bu etimadı göstərməzdi, yaxud 5 il ərzində onunla hər 3 aydan bir müddətli əmək müqaviləsini yenilməzdi. Bərdə X6 və Fumiqasiya Mərkəzində baş aqronom vəzifəsi xx.xx.2025-ci ildən bu günədək də vakansiyadır, çünki Mərkəzdə baş aqronom ştatı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2025-ci il üçün ştat vahidləri və işçi sayı təsdiqlənərkən nəzərdə tutulub. Bu ştat Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu günədək də ixtisar və ya ləğv edilməyibsə, deməli ona ehtiyac vardır. Belə olan halda hesab edir ki, cavabdehin rəhbərliyi onunla olan müddətli əmək müqaviləsinə onun müddətinin bitməsi əsası ilə qanunsuz olaraq xitam vermişdir. Bu qanunsuzluğun isə nədən irəli gəldiyi ona məlum deyildir. X8 müvafiq ixtisası olmadığı halda, digər ixtisaslarda, o cümlədən də aqronom ixtisası tələb edilən ştatlarda işlədilən əməkdaşlar vardır. Belə olan halda cavabdeh onun - 25 illik aqronom stajı olan ali təhsilli alim-aqronomun deyil, məhz həmin şəxslərin müddətli əmək müqavilələrinə xitam verməli idi. Onunla bağlanmış müddətli əmək müqaviləsinə cavabdeh - işə götürən tərəfindən xitam verilməsi üçün təkcə onun müddətinin başa çatması əsas ola bilməz. Paralel olaraq digər əsaslar, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan əsaslar da mövcud olmalı idi. Belə əsaslar isə olmamışdır. Şərh etdiyi səbəblərdən hazırki iddia əriəsi ilə məhkəməyə müraciət etməyini əsaslı olmaqdan başqa, həm də qanuni hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, müqavilənin müddəti bitdiyi üçün iddiaçı işdən çıxarılmışdır. İddiaçı ilə işləmək istəmədiklərinə, həmçinin bir sıra pozuntuların olduğuna görə də müqavilənin vaxtı uzadılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, müstəqil tələb irəli sürən üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin tələblərini nəzərə alaraq, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına olan: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-22-1-1/3-1-105/2025 nömrəli “H.S.Hüseynovun əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrinin surətindən görünür ki, X4 və Fumiqasiya (zərərsizləşdirmə) X9 Mərkəzinin baş aqronomu İddiaçı xx.xx.2025-ci il tarixdən əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin qüvvədə olma müddətinin bitməsi səsəbi ilə xx.xx.2025-ci il tarixindən əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdar edilmişdir. Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, iddiaçı hazırki mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediatora müraciət etməsinə baxmayaraq, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Məlumatdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzində baş aqronom vəzifəsində işləmişdir. AB-İ seriyalı 049456 nömrəli Azərbaycan Respublikası diplomunun surətindən görünür ki, İddiaçı 1989-cu ildə S.Ağamalı oğlu adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına daxil olmuş və 1994-cü ildə aqronomluq ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının xx.xx.1994-cü il tarixli qərarı ilə ona alim-aqronom ixtisası verilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinin xx.xx.2024-cü il tarixli İddiaçı, S.İ.Əhmədov və E.C.Hümbətovun işdən kənar edilməsi haqqında əmrinin surətindən görünür ki, X4 və Fumiqasiya (zərərsizləşdirmə) X9 Mərkəzinin baş aqronomu İddiaçı, aparıcı aqronomu X13 və xüsusi təyinatlı avtomobil sürücüsü X2 xx.xx.2024-cü il tarixindən cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikləri üçün istintaq davam edənədək işdən kənalaşdırılmışdırlar. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinin xx.xx.2024-cü il tarixli İddiaçı, S.İ.Əhmədov və E.C.Hümbətovun əmək fəaliyyətinin bərpa edilməsi haqqında əmrinin surətindən görünür ki, X4 və Fumiqasiya (zərərsizləşdirmə) X9 Mərkəzinin aşağıda adları qeyd olunan əməkdaşları barədə açılmış cinayət işinə xitam verilməsi ilə əlaqədar əmək fəaliyyətlərinə xx.xx.2025-ci il tarixdən bərpa edilmişdirlər. İddiaçı – baş aqronom X13 – aparıcı aqronom X2 – xüsusi təyinatlı avtomobil sürücüsü. Azərbaycan Respublikasının Prokurorluğu Xankəndi Şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Xankəndi ŞPŞ-nin İstintaq bölmısində istintaqı aparılmış X10, İddiaçı və X1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata əməllərində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyinə görə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-2622/2025 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına İddiaçı xeyrinə 3645 manat məbləğində maddi ziyan və 1000 manat məbləğində mənəvi zərərin əvəzi, ümumilikdə 4645 manat pul vəsaitinin ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 16-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır; 16-cı maddəsinin 4-cü hissəsinə əsasən ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər; 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır; 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər; 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixli əmr ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və X3 Regional Mərkəzində baş aqronom vəzifəsinə işə qəbul olunmuş, həmin tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində müddətli əmək müqavilələri ilə orada çalışmış, daha sonra isə xx.xx.2025-ci il tarixli, 3-22-1-1/3-1-105/2025 saylı əmr ilə əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən əmək müqaviləsinə xitam verilməklə, tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 5 ilə yaxın müddət həmin mərkəzdə çalışmış, onunla bağlanan əmək müqavilələri müddətli olmasına baxmayaraq, onunla olan əmək müqavilələri müxtəlif tarixlərdə təzələnmiş. Həmçinin, iddiaçı işlədiyi müddət ərzində heç bir intizam tənbehi almamış, əksinə mükafatlandırılmış, hətta müvəqqəti olaraq direktor vəzifəsini də icra etmişdir. Əlavə olaraq iş materiallarından görünür ki, iddiaçı və mərkəzin digər işçiləri xx.xx.2024-cü il tarixindən cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikləri əsası ilə istintaq davam edənədək işdən kənalaşdırılmış, daha sonra xx.xx.2024-cü il tarixli əmr ilə açılmış cinayət işinə xitam verilməsi ilə əlaqədar əmək fəaliyyətlərinə xx.xx.2025-ci il tarixdən bərpa edilmişdirlər. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının həmin mərkəzdə işləməsinin 5 il tamam olmasına yaxın müddət qaldığı bir zamanda onunla bağlanılan əmək müqaviləsinə heç bir əsaslı səbəb olmadan xitam verməsi iddiaçının hüquqları pozmuşdur. Belə olan halda da, iddiaçı hazırkı iddia ərizəsi ilə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iddianın xx.xx.2025-ci il tarixdən hazırkı iddia tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı olan tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində hesab edir ki, iddia bu hissədə qismən təmin olunmalıdır. Belə ki, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi yekun məhkəmə aktı qüvvəyə mindikdən sonra icra mərhələsində həll edilən məsələdir və bu tələbin hazırkı iddiada təmin edilməsi cavabdehin hüquqlarının lüzumsuz dərəcədə pozulmasına gətirib çıxaracaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin “H.S.Hüseynovun əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli, 3-22-1-1/3-1-105/2025 nömrəli əmri ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin X8 “baş aqronom” vəzifəsinə işə bərpa edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1 və 9.1.1 maddələrinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin “H.S.Hüseynovun əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli, 3- 22-1-1/3-1-105/2025 nömrəli əmri ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin X8 “baş aqronom” vəzifəsinə işə bərpa edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən ödənilsin. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 (altmış) manat cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzindən alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzindən 100 (yüz) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar