Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4368/2025 29.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinə qarşı “əmrin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinə qarşı “əmrin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi arasında bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilməsinə dair əmrin qanunsuz hesab edilməsi, xüsusi təyinatlı sürücü işinə bərpa edilməsi, xx.xx.2025-ci il tarixdən qətnamə qanuni qüvvəyə minənədək məcburi buraxılmış iş günlərinə görə əmək haqqının və mediasiya xidmətinə görə ödənilmiş 60 manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hərbi xidmət zamanı aldığı xəsarətlə əlaqədar 2-ci dərəcəli ömürlük hərbi əlildir. xx.xx.2018-ci ildən xx.xx.2025-ci il tarixədək olan müddətdə fasiləsiz olaraq 6 il 4 ay ərzində müddətli əmək müqaviləsi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzində xüsusi təyinatlı sürücü işləyib. xx.xx.2018-ci il tarixli əmək müqaviləsi 16 dəfə yenilənmişdir. Cavabdeh tərəfindən sonuncu dəfə iddiaçıya göndərilmiş xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. İşdən çıxarılmasının əsas səbəblərini öyrənmək istəsə də ona mərkəzin direktorunun şəxsi istəyi ilə əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. Lakin Bakı şəhərinə gələrək direktorla görüşmək istəsə də buna imkan olmamışdır. Hətta Mərkəzdən dəfələrlə əmək müqaviləsinə xitam verilməsi barədə əmri tələb etsə də əmr ona təqdim edilməmişdir. İşdən çıxarılması barədə əmrin əsassız olduğunu düşünərək AR Kənd Təsərrüfatı Nazirliyinə şikayət etsə də heç bir müsbət nəticə əldə etməmişdir. Bu səbəbdən də mübahisənin məhkəmədən kənar həll edilməsi üçün Mediasiya təşkilatına müraciət etmişdir. Lakin mediasiya prosessi zamanıda barışıq əldə edilməmişdir. İddiaçı işlədiyi 6 il 4 ay müddət ərzində heç bir intizam tənbehi almamış, əksinə yaxşı işinə görə həvəsləndirmə qaydasında mükafatlandırılmışdır. Həmçinin iddiaçı qeyd etmişdir ki, AR Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən 5 il ərzində fasiləsiz olaraq hər 3 aydan bir yenilənmiş əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab edilir. Bu halda əmək münasibətləri davamlı və daimi xarakter daşıdığından müddətsiz kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bir daha bildirdi ki, o, 14 noyabr 2018-ci ildən 13 mart 2025-ci il tarixədək olan müddətdə fasiləsiz olaraq 6 il 4 ay ərzində müddətli əmək müqaviləsi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidməti Agentliyinin Bitki Mühafizəsi və X1 X4 və Fumiqasiya Mərkəzində xüsusi təyinatlı sürücü işləyib. Onunla bağlanmış ilk müddətli əmək müqaviləsi xx.xx.2018-ci il tarixində yenilənmiş, yəni "İşə götürən” ilə onun arasında yenidən müddətli əmək müqaviləsi bağlanmış, sonuncu dəfə "İşə götürən" ilə onun arasında bağlanmış müddətli əmək müqaviləsinin bitmə tarixi xx.xx.2025-ci il qeyd olmuşdur. Lakin xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən Elektron qaydada ona "Sizinlə bağlanmış əmək müqaviİəsinin qüvvədə olma müddətinin bitməsi səbəbi ilə xx.xx.2025-ci il tarixindən əmək müqavilənizə xitam veriləcəkdir” məzmununda məlumat göndərilmiş və 7 il işlədiyi yerdən qeyd edilən tarixdə onu səbəbsiz olaraq müqavilə müddətinin başa çatması ilə işdən azad ediblər. Hazırda əlavə iş yeri yoxdur və 2-ci qrup əlildir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etmədiklərini bildirdi. Həmçinin qeyd etdi ki, iddiaçının əmək müqaviləsinə müddəti başa çatdığı üçün qanunvericiliyin tələbi ilə xitam verilib. İddiaçı ilə ilk müqavilə xx.xx.2018-ci il tarixdə bağlanılıb. Həmin vaxt müəssisənin adı Respublika Bitki Mühafizə Mərkəzi idi. Daha sonra müəssisənin adı dəyişdirilərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi oldu və iddiaçı ilə yeni müqavilə bağlandı. Bağlanan müqavilə müddətli müqavilə olmaqla, sistem tərəfindən hər 3 aydan bir yenilənirdi. Sonuncu dəfə isə müddət başa çatdığı zaman müqavilə yenilənməyib və iddiaçı işdən azad edilib. Əlavə olaraq da iddia müddətinin ötürülməsinə dair verilmiş ərizənin nəzərə alınaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.
Mülki işin materialları:
5. 78 saylı əmək müqaviləsinin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə İddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika X2 Bərdə Rayon X2 X8 Dəstəsinin sürücüsü vəzifəsinə işə qəbul edilmiş və müddətsiz əmək müqaviləsi bağlanmışdır.
6. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinin xx.xx.2021-ci il tarixli, 106/k nömrəli əmrindən Çıxarışa əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rayon mərkəzlərinin yeni strukturunun təsdiq edilməsini nəzərə alaraq İddiaçı (xüsusi təyinatlı sürücü) xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən keçirilməklə müvafiq vəzifəyə təyin edilməsi əmr edilmişdir.
7. 87 saylı əmək müqaviləsinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və X1 Regional Mərkəzində xüsusi təyinatlı sürücü vəzifəsinə işə qəbul edilmiş və 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanmışdır.
8. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən iddiaçıya verilən cavab məktubundan görünür ki, iddiaçının müraciəti əsasında araşdırma aparılmış və müəyyən edilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Müraciətdə qeyd edilən xüsusatlar araşdırılmış və əmək qanunvericiliyinin tələblərinin pozulması halları aşkar edilməmişdir.
9. Bakı 8 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-00657 saylı arayışından görünür ki, xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfə mediasiyanın tətbiqi barədə təklif göndərilmiş, xx.xx.2025-ci il tarixə mediasiyanın keçirilməsi barədə məlumat göndərilsə də cavabdeh tərəf mediasiya prosessində iştirak etməmişdir.
10. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-22-1-1/3-1- 418/2024 saylı işdən kənar edilmə barədə əmrinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən cinayət tərkibi olan ictimai-təhlükli əməllər törətdikləri üçün istintaq davam edənədək işdən kənar edilmişdir.
11. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-22-1-1/3-1- 667/2024 saylı işdən kənar edilmə barədə əmrinə əsasən İddiaçı barəsində açılmış cinayət işinə xitam verilməsi ilə əlaqədar əmək fəaliyyətinə xx.xx.2025-ci il tarixdən bərpa edilməsi əmr edilmişdir. (xx.xx.2024-cü il tarixli, 3-22-1-1/3-1-418/2024 saylı əmr qüvvədən düşmüş hesab edilmişdir).
12. Xankəndi Şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı barəsində AR CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair olan cinayət işi üzrə icraata xitam verilmişdir.
13. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-22-1/3-1- 106/2025 saylı əmrindən görünür ki, X3 və Fumiqasiya (zərərsizləşdirmə) X5 Mərkəzinin xüsusi təyinatlı avtomobil sürücüsü İddiaçı 13 mart 2025-ci il tarixdən əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir.
14. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2621/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Azərbaycan Respublkası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ibtidai istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyanın və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı vurulmuş mənəvi ziyana görə 400 manat, maddi ziyana görə 2.019,29 manat pul vəsaitinin Azərbaycan Respublkası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi hesabına ödənilməsi qət edilmişdir.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci bəndində göstərilir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin 8-ci bəndində göstərilir ki, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
16. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
17. 45-ci maddəsinin 3-cü bəndinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
18. 45-ci maddəsinin 4-cü bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
19. 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
20. 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlanıla bilər.
21. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
22. 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır.
23. 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
24. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.
25. Məhkəmə qeyd edir ki, Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.
26. 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməlidir.
27. 12-ci maddəsinə əsasən Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri və məsuliyyətindən biri də əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaqdır.
28. Məcəllənin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
29. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə” dair 11 aprel 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır.
31. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı gələcəkdə məhkəmə qətnaməsi ilə tutularaq ona ödənilməli olan əmək haqqının ödənilməsinin gecikdirilməsi halı yarandıqda əmək haqqının gecikdirildiyi hər gün üçün 1 (bir) faiz məbləğində ödənc ödənilməsini tələb etmək hüququna malikdir.
Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsasladır. Buna görə də iddia tələbi təmin edilməlidir.
32. Müəyyən edilmişdir ki, iddiaçı ilə ilk əmək müqaviləsi xx.xx.2018-ci ildə müddətsiz bağlanmışdır. Daha sonra iddiaçı işdən azad edilmədən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rayon mərkəzlərinin yeni strukturunun təsdiq edilməsi ilə əlaqədar hazırkı iş üzrə cavabdehlə xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən keçirilməklə müvafiq vəzifəyə təyin edilmiş və müddətli əmək müqaviləsi bağlanmışdır.
33. Əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. İşin müəyyən edilmiş halına görə iddiaçı ilə əmək müqaviləsi əvvəl müddətsiz olub, eləcə də hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən mübahisə olunmur. Belə olan halda, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən görünmür.
34. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olan halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunub ki, 47-ci maddədə müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. İşəgötürən “f” bəndinə istinad edərək hesab edir ki, əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin müqavi`lənin müddətli bağlanmasına işçinin razılığı olmayıb. “Razılıq” deyiləndə iradə ifadəsi başa düşülür. İradənin ifadə olunması üçün əvvəlcə iradə olmalı, daha sonra o, ifadə olunmalıdır. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün müddətə (3 aya) münasibətdə iradənin olub-olmadığı aydınlaşdırılmalıdır. İradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradənin olub-olmaması motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. İşəgötürənin müddətə (3 aya) münasibətdə iradəsi var, çünki motiv müəyyən olunur. Lakin işçinin motivi müəyyən olunmur: işçinin izahatından görünür ki, müddətə (3 aya) münasibətdə onun motivi (dərk olunmuş marağı) yoxdur, işəgötürənin nümayəndəsi isə bunun əksini təsdiq edən sübut təqdim edə bilmir. Motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur. Müqavilədə işçinin imzasının olması isə müddətə (3 aya) münasibətdə iradə ifadəsi sayıla bilməz.
35. Müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmadığına görə hesab olunur ki, “f” bəndində göstərilən qarşılıqlı razılıq yoxdur. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər 2 tərəfin razılığı nəzərdə tutulur. İşçinin razılığı olmadığına görə qalır 1 razılıq - işəgötürənin razılığı. İşəgötürənin razılığı isə “f” bəndinə uyğun hüquqi nəticə yaratmağa yönəlməyib. Əmək Məcəlləsinin 51-ci maddəsində əmək müqaviləsini 3 aylıq sınaq müddəti ilə bağlamaq imkanı müəyyən edilib, “f” bəndindən bu məqsədlə istifadə oluna bilməz. Əgər işəgötürən müqavilənin müddətli bağlanmasına işçinin həqiqi razılığını almaq istəyirdisə, əvvəlcə müddətlə bağlı öz məqsədini ona bildirməli idi. Çünki “f” bəndindən görünür ki, istənilən razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prisipinə əməl edilməklə əldə olunmuş razılıq müqavilənin müddətli bağlanmasına əsas verir.
36. Göründüyü kimi iddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilmədən xx.xx.2021-ci il tarixdə tutduğu vəzifədən keçirilməklə müvafiq vəzifəyə təyin edilmiş və xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir.
37. Məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə dəyişiklik edilmiş və xx.xx.2025-ci il tarixdə xitam verildiyindən, iddiaçının fasiləsiz olaraq 5 ildən artıq müddətdə yeni müəssisədə (struktur dəyişikliyi nəzərə alınmaqla) işlədiyindən onun bağlanmış əmək müqaviləsi müddətsiz bağlanmış əmək müqaviləsi hesab edilməlidir.
38. Belə olan halda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi arasında bağlanmış əmək müqaviləsinə müddətin başa çatması ilə xx.xx.2025-ci il tarixdən xitam verilməsinə dair əmri qanunsuz hesab edilməli, iddiaçı əvvəlki işinə bərpa edilməlidir.
39. Həmçinin məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçıya işə bərpa olunduqdan sonra məcburi işburaxmaya görə ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq ödənilməlidir.
40. Məhkəmə həmçinin cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə hesab edir ki, hazırkı işdə iddia müddəti tətbiq edilə bilməz.
41. Belə ki, iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.
42. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə işdən azad edilmişdir. Tərəflər arasında olan mübahisə əmək mübahisəsi olduğundan ilkin olaraq xx.xx.2025-ci il tarixdə (əmrdən 13 gün sonra) mediasiyanın tətbiqi barədə təklifi göndərilmiş, daha sonra isə xx.xx.2025-ci il tarixdə (1 aylıq müddəti ötürmədən) ilkin mediasiya təklifinə dair bildiriş göndərilmişdir.
43. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi ilə bağlanmış əmək müqaviləsi müddətsiz hesab edilməli, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-22-1/3-1-106/2025 saylı nömrəli əmri qanunuz hesab edilərək ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzində əvvəlki vəzifəsinə - xüsusi təyinatlı sürücü vəzifəsinə bərpa edilməli, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2025-ci il tarixdən işə bərpa edilən günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı və mediasiya xidməti üçün ödənilmiş 60 manat məbləğində pul İddiaçı ödənilməlidir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
45. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
46. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
47. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 119.2 və "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 8.2, 9.1.1-ci maddələrinə əsasən 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir.
50. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinə qarşı “əmrin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair iddiası təmin edilsin. İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi arasında bağlanmış əmək müqaviləsi müddətsiz bağlanmış əmək müqaviləsi hesab edilsin. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-22-1/3-1-106/2025 saylı nömrəli əmri qanunuz hesab edilərək ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzində əvvəlki vəzifəsinə - xüsusi təyinatlı sürücü vəzifəsinə bərpa edilsin. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2025-ci il tarixdən işə bərpa edilən günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzindən mediasiya müraciəti üçün ödənilmiş 60 (altmış) manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzindən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova