Məhkəmə qərarları › İş №2(001)-4372/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4372/2023

10.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4372/2023 10.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs və Bakı 3 saylı Mediasiya Təşkilatı cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, MŞB/3-01341 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, birinci tərəf qismində Ərizəçi, ikinci tərəf Maraqlı şəxs ilə aralarında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisənin məhkəmədən kənar həll edilməsi üçün Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Müraciəti əsasında MŞB/3-01341 nömrəli mediasiya işi açılmış və baxılması üçün mediatora həvalə edilmişdir. Mediatorun iştirakı ilə mübahisənin müzakirəsi zamanı ikinci tərəf Maraqlı şəxs ilə aralarında 200 manat alimentin ödənilməsi barədə razılaşma olmuş və bu barədə barışıq sazişi imzalanmışdır. Saziş mediator tərəfindən imzalanıb, təsdiq edilməsinə baxmayaraq, Maraqlı şəxs tərəfindən icra edilməmişdir. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsi ilə müəyyən edilmiş müddətdən xeyli keçmişdir. Cavabdeh isə hər ay ödəniş edəcəyini bildirsə də, hər hansı ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirmişdir ki, ərizəsini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh ona və uşağına baxmamış, maddi cəhətdən saxlanmalarını təmin etməmişdir. Onların saxlanılmasını valideynləri təmin etmişlər. xx.xx.2022-ci ildə aralarında olan barışıq sazişindən sonra düşünmüşdür ki, cavabdeh onları gəlib öz evlərinə aparacaq. Amma cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Cavabdeh atasına bıçaq çəkmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs izahatında bildirmişdir ki, 22 avqust 2022-ci il tarixində aralarında barışıq sazişi bağlandıqda, sazişin mahiyyətini düzgün başa düşmədiyindən aliment ödəməmişdir. Hesab etmişdir ki, həmin barışıqdan sonra yoldaşı evə qayıdacaq. Çünki onu evdən qovmamış, qayınatası gəlib aparmışdır. Lakin hazırki sazişlə özü boşanmaq şərtilə könüllü surətdə 200 manat ödənilməsinə razılıq vermişdir. Bundan başqa arvadından şübhələndiyindən telefonunu tələb etmiş, lakin arvadı telefonu ona verməmişdir ki, atasının 8 mart hədiyyəsidir. Bu mübahisəyə görə qaynatası onu polisə vermişdir. Son 2-3 aydır ki, işləmir. Lakin əlinə pul düşdükcə, uşaq üçün pul verir. Digər cəlb edilmiş maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə baxılmasını mümlün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 056928 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs ilə X2 arasında xx.xx.2015-ci il tarixində nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 537 № ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Muradova” soyadı verilmişdir. 1 saylı Bakı “ASAN Xidmət” X1 tərəfindən verilən doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixində Sumqayıt şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Belə ki, Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/3-01341 saylı barışıq sazişi aşağıdakı şərtləri özündə ehtiva edir: - Birinci tərəf saziş imzalandıqdan sonra ikinci tərəflə qarşı iddiasını dayandırır. Belə ki, birinci tərəfin ikinci tərəfə qarşı alimentin tutulması barədə iddiasını ikinci tərəf qəbul edir və ikinci tərəf birinci tərəfə uşağın saxlanılması üçün hər ay 200 manat aliment ödənilməsini öhdəlik götürür. Tərəflər öhdəlik götürürlər ki, barışıq sazişini heç vaxt pozmayacaqlar. - Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq, tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur və s. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları: Göründüyü kimi, tərəflər arasında uşağa aliment ödənilməsi ilə bağlı mediasiya prosesində 22 avqust 2022-ci il tarixli barışıq sazişi imzalanmışdır. Saziş əsasında X3 200 aliment ödənilməsinə dair tərəflər arasında razılıq əldə edilmişdir. Lakin Maraqlı şəxs barışıq sazişi imzalandığı andan hazırki günədək (saziş imzalandığı vaxtdan 11 ay) ərzində sazişin şərtlərini icra etmədiyindən Ərizəçi barışıq sazişinin həmin hissəsinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs isə razılaşdırılmış həcmdə alimenti ödəməməsini bağlanan barışıq sazişinin mahiyyətini düzgün anlamamaqla əlaqələndirmiş, 200 manat alimentin ödənilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İşin hallarından göründüyü kimi barışıq sazişinin təsdiq edildiyi vaxtdan keçən müddət ərzində maraqlı şəxs barışıq sazişi ilə müəyyən edilmiş alimenti ödəməmişdir. Halbuki barışıq sazişinin şərtinə görə Maraqlı şəxs barışıq sazişi bağlandıqdan sonra könüllü olaraq hər ay uşaq üçün 200 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Odur ki, Ərizəçi mediasiya prosesində bağlanmış barışıq sazişinin alimentin ödənilməsi hissəsində məcburi icrasi üçün təsdiq edilməsi barədə ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Birinci tərəf Ərizəçi ilə ikinci tərəf Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/3-01341 saylı barışıq sazişi təsdiq edilsin, barışıq sazişi ikinci tərəfin xx.xx.2017-ci il təvəllüdlü X3 hər ay 200 (iki yüz) manat məbləğində aliment haqqını birinci tərəfin xeyrinə ödənilməsi hissəsində məcburi icraya yönəldilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar