Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4414/2021 08.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs qeyd edərək, ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin 11.09.1974-ci il təvəllüdlü əri X7 17 aprel 2021-ci İl tarixdə ev şəraitində ürək tutmadan vəfat etmişdir. Təcili və X5 çağırılsa da, həkimlərin gəlişinə qədər artıq ölüm baş vermişdir. Bundan sonra ərizəçi tibbi ölüm şəhadətnaməsini almaq üçün yaşadığı ərazi üzrə 9 saylı şəhər poliklinikasına müraciət etmiş, lakin oradan ərizəçiyə bildirildi ki, mərhum yoldaşının qəfil ölümünə görə araşdırmalar aparıldığı üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil. Bundan sonra ərizəçi 1 saylı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsinə ölüm şəhadətnaməsinin verilməsi üçün müraciət etmiş, lakin oradan ona haqlı imtina edilərək ölümü təsdiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən 04.05.2021-ci il tarixli məktubla məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda o, məhkəməyə bildirmişdir ki, hal-hazırda vərəsəlik məsələlərini həll etməli olduğu halda, müvafiq şəhadətnamə olmadan bunu edə bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X7 ilə X1 19.11.2000-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan Təcili və X5 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 17.04.2021-ci il tarixdə X2 adına çağırış olmuş və çağırış olunan ünvanda həkimə qədər ölüm, kişi cinsli meyitin olması aşkar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsinin 20.05.2021-ci il tarixli, 303 nömrəli arayışından görünür ki, X7 17.04.2021-ci il tarixdə vəfat etmiş və Pirşağı qəsəbəsi 2 saylı sovxoz qəbirstanlığında dəfn edilib. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı cavabdan görünür ki, ona ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində məhkəməyə bildirdi ki, ərizəçi onun bacısıdır, mərhum X7 isə bacısının yoldaşı idi. O, 17.04.2021-ci il tarixdə Bakı şəhərində ölmüş və Pirşağı qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində məhkəməyə bildirdi ki, ərizəçi onun qızıdır, mərhum X7 isə kürəkəni idi. O, 17.04.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən isə, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizəçinin əri 11.09.1974-ci il təvəllüdlü X2 17.04.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan və bu faktın müəyyən edilməsi ərizəçiyə lazım olduğundan həmin hüquqi fakt müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 11.09.1974-ci il təvəllüdlü X2 17.04.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-4414/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4414/2021
08.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver