Məhkəmə qərarları › İş №2(001)-4457/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4457/2020

16.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4457/2020 16.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Bakı şəsəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu X1 qarşı “ilkin ağlı-satqı müqaviləinin etibarsız hesab edilməsi və evdən çıxarılma” tələbi barədə iddia ərizəsinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh1 arasında xx xxx 2020-ci il tarixdə Bakı şəhəri 26 saylı Notariat Ofisində bağlanmış ilkin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsi, döngə 3 ünvanında yerləşən evindən çıxarılması, həmin evin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, ailə qurduqdan sonra Rusiya Federasiyasına köçmüş, orada yaşamışdır. xx xxx 2006-cı il tarixdə əri ilə nikahları pozulmuş və o, Bakı şəhərinə qayıtmışdır. Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsi, döngə 3 ünvanında özünə fərdi yaşayış evi alıb orada tək yaşamışdır. 2020-ci ilin may ayının əvvəllərində Cavabdeh2 ilə tanış olmuş, bundan sonra Sərxan zorla onun evinə soxularaq orada yaşamağa başlamışdır. Birgə yaşadıqları müddətdə Sərxan ona müxtəlif fiziki, psixolji təzyiqlər göstərmiş, lakin o, bu barədə müvafiq orqanlara məlumat verməmişdir. Görünür ki, Sərxan müxtəlif dərmanlardan ona içirmiş, bunun nəticəsi olaraq o, Sərxanın hərəkətlərinə reaksiya verə bilməmişdir. Sərxan ona yaşadıqları evin satılmalı olduğunu dedikdə də o əks reaksiya verməmiş, razılaşmışdır. xx xxx 2020-ci il tarixdə o, Sərxanla birlikdə Bakı şəhəri 26 saylı Notariat Ofisinə getmişlər. Orada Sərxan onu Cavabdeh1 ilə tanış etmiş, o, evinin Familə satılacağını orada bilmişdir. Notariat Ofisində evin alğı-satqısına dair ilkin müqavilə bağlamış, o, həmin müqaviləyə imza etmiş, evin pulunu isə Famil Sərxana ödəmişdir. Qalıq 5000 manatı da bir neçə gün sonra yenə üçünün iştirakı ilə Famil Sərxana vermişdir. Sərxan isə, həmin puldan ona heç nə verməmişdir. Bundan sonra onlar Sabunçu qəsəbəsində Sərxanın kirayə götürdüyü evə köçərək orada Sərxanın qardaşı ilə birlikdə yaşamışlar. Burada da Sərxan ona fiziki zor tətbiq etdiyindən o, evi tərk etmiş, hazırda yaşamağa yeri yoxdur. Cavabdeh1lə aralarında alğı-satqı müqaviləsi bağlanarkən o, Cavabdeh2 təzyiqi altında iradəsinə zidd şəkildə müqaviləni imzaladığından hazırda həmin müqavilənin etibarsız hesab edilməsini xahiş edir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən xəbərdar etməmişlər. İş materiallarında olan: Bakı şəhəri 26 saylı Notariat ofisində bağlanmış xx xxx 2020-ci il tarixli ilkin alğısatqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqıdan 473 nömrəli Arayışa əsasən Bak ışəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsi, döngə 3 ünvanında yerləşən istifadəsində olan fərdi yaşayış evini 38000 manata Cavabdeh1 satmış, pulun 500 manatı beh kimi əvvəlcədən verilmiş 32500 manat notariat ofisinin depozit hesabı vasitəsilə ödənilmiş qalıq 5000 manatın isə 5 gün ərzində ödənilməsi müəyyənləşdirilmişdir. Alğısatqıda İddiaçı şəxsən iştirak etmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq etməklə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, İddiaçı izahatında Cavabdeh2 tərəfindən münasibətdə olduqları müddətdə işgəncələrə məruz qalmasını, döyülməsini, hətta Cavabdeh2 ona xüsusi növ dərman preparatlarından istifadə etdirdiyindən şübhələndiyini bildirmişdir. Bunun nəticəsində də, o, öz iradəsindən asılı olmayaraq Cavabdeh1lə evinin satılmasına dair müqavilə bağlamışdır. Məhkəmə iddiaçının bu məzmunlu izahatını inandırıcı və əsaslı hesab etmir. Belə ki, İddiaçı istifadəsində olan mənzildən onun iradəsinə zidd şəkildə Cavabdeh2 zorla istifadəsi, orada müəyyən müddət yaşaması ağlasığmazdır. Çünki, əmlaka sahiblik konstitusion hüquq olmaqla hər bir şəxsin əmlak hüquqları dövlət tərəfindən qorunur. Şəxsin mənzilinə zorla daxil olmaq əmlak hüquqlarının məhdudlaşdırılması ilə yanaşı, həm də cinayət məsuliyyəti yaradan əməldir. Belə olan halda İddiaçı heç bir aidiyyəti quruma müraciət etməməsi sonuncunun izahatının doğruluğunu şübhə altına alır. Eləcə də, Cavabdeh2 tərəfindən iddiaçıya edilmiş işgəncələr, iddiaçının psixoloji gərginlik altında Cavabdeh2la birlikdə yaşaması və s. bu kimi digər halları da təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, İddiaçı iddianın əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş və məhkəmə araşdırması zamanı xx xxx 2020-ci il tarixli ilkin alğı-satqı müqaviləsi bağlanarkən mülki qanunvericiliklə müəyyənləşdirilmiş hər hansı şərtin pozulması halının mövcudluğu müəyyən edilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə göstərilən xüsusatları şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Bakı şəsəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu X1 qarşı “ilkin ağlı-satqı müqaviləinin etibarsız hesab edilməsi və evdən çıxarılma” tələbi barədə iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar