Məhkəmə qərarları › İş №2(001)-4624/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4624/2025

01.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4624/2025 01.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs1 və 11 saylı Mediasiya Təşkilatına qarşı mülki iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs1 və 11 saylı Mediasiya Təşkilatına qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi Maraqlı şəxs1 və 11 saylı Mediasiya Təşkilatına qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, nikahın məhkəmə qaydasında pozulmasına dair ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi olduğunu nəzərə alaraq tərəflər arasında xx.xx.2024-cü il tarixdə mediasiya qaydasında bağlanmış barışıq sazişinin digər şərtlərinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, tərəflər 2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və birgə nikahdan Fuad adlı övladları anadan olmuşdur. Tərəflərin ailə münasibətləri pozulduğuna görə 11 saylı Mediasiya Təşkilatına müraciət etmiş və aralarında xx.xx.2024-cü il tarixli Barışıq Sazişi imzalanmışdır. Lakin maraqlı şəxs sazişin şərtlərinə könüllü olaraq əməl etmədiyinə görə ərizəçi sazişin məhkəmə qaydasında təsdiq edilməsi üçün müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə icraatı iştirakçıları:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, ərizəçi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab edir.

Mülki işin materialları:

4. Bakı 11 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/11/2024-01128 nömrəli Barışıq Sazişinə əsasən: - tərəflər Saziş imzalandıqdan sonra aralarında olan 2 saylı Bakı “Asan Xidmət” mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə nikahın bağlanmsı haqqında akt qeydləri kitabında 822 nömrə ilə qeydə alınmış nikahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşdılar; - ikinci tərəf övladları xx.xx.2023-cü il doğum tarixli X1 birinci tərəfin himayəsində qalmasına etiraz etmir. - ikinci tərəf birinci tərəfə xx.xx.2024-cü il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladının yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər 400 manat olmaqla sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. - birinci tərəf ikinci tərəfə yuxarıda qeyd edilən övladı ilə həftədə bir dəfə şəxsən və ya elektron vasitələrlə (telefon, kompyuter və s.) ünsiyyətdə olmaq üçün şərait yaradacaq. Bu ünsiyyət forması üçün ikinci tərəf birinci tərəfə 1 gün əvvəlcədən istənilən vasitə ilə məlumat verməyə borcludur. Ünsiyyət zamanı uşaqla görüşdə yalnız birinci tərəf və ikinci tərəf iştirak etmək hüququna malikdirlər. Digər kənar şəxslər bu ünsiyyətdə iştirak edə bilməzlər.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

5. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir.

6. Məhkəmə qeyd edir ki, tərəflər mediasiya prosesi zamanı öz aralarında razılığa gəlmiş, alimentin ödənilməsi və uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi barədə xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmışdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

7. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

8. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.

9. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.

10. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır.

11. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

12. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

13. Müəyyən edilmişdir ki, tərəflər arasında aliment ödənilməsinə dair xx.xx.2024cü il tarixdə barışıq sazişi bağlanılmasına baxmayaraq indiyədək sazişin şərtlərinə əməl edilməmiş və ərizəçi xx.xx.2025-ci il tarixdə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.

14. Beləliklə məhkəmə hesab edir ki, barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilməli, Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/11/2024- 01128 saylı barışıq sazişi təsdiq edilməlidir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizəçi dövlət rüsumundan azad edildiyindən, maraqlı şəxsdən 100 manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

Ərizəçi Maraqlı şəxs1 qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış aşağıdakı məzmunlu xx.xx.2024-cü il tarixli, MŞB/11/2024-01128 saylı barışıq sazişi təsdiq edilsin: -ikinci tərəf övladları xx.xx.2023-cü il doğum tarixli X1 birinci tərəfin himayəsində qalmasına etiraz etmir. - ikinci tərəf birinci tərəfə xx.xx.2024-cü il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladının yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər 400 manat olmaqla sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. - birinci tərəf ikinci tərəfə yuxarıda qeyd edilən övladı ilə həftədə bir dəfə şəxsən və ya elektron vasitələrlə (telefon, kompyuter və s.) ünsiyyətdə olmaq üçün şərait yaradacaq. Bu ünsiyyət forması üçün ikinci tərəf birinci tərəfə 1 gün əvvəlcədən istənilən vasitə ilə məlumat verməyə borcludur. Ünsiyyət zamanı uşaqla görüşdə yalnız birinci tərəf və ikinci tərəf iştirak etmək hüququna malikdirlər. Digər kənar şəxslər bu ünsiyyətdə iştirak edə bilməzlər. Dövlət rüsumu olaraq Maraqlı şəxs1 100 (bir yüz) manat pul məbləği tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar