Məhkəmə qərarları › İş №2(001)-4646/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4646/2025

08.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4646/2025 08.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X5 Hüseynağa qızının sədrliyi, Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, Ərizəçilərin nümayəndəsi və vəkili X1 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, X4 xx.xx.2025-ci il tarixdə naməlum şəraitində vəfat etmiş, polis tərəfindən meyiti mərkəzi morqa təhvil verilmiş, prokurorluq tərəfindən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, mərhum təbii səbəblərdən vəfat etmişdir. Bakı şəhərində Sergey Borisovun yaxın qohumlarından yalnız yaşlı və xəstə anası vardır. Həmin şəxs mərhumun ölümü ilə bağlı yaşı və səhhəti ilə əlaqədar olaraq məşğul olmamışdır. Qanuni nümayəndə ilə mərhum X4 arasında nikah xx.xx.2006-cı il tarixdə bağlanmış, həmin nikahdan tərəflərin 2 uşağı- xx.xx.2007-ci il təvəllüdlü Ərizəçi2 və xx.xx.2009-cu il təvəllüdlü Ərizəçi1 doğulmuşdurlar. Qeyd olunan nikah Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Hazırda mərhumun keçmiş arvadı və uşaqları İspaniya krallığında daimi əsasslarla yaşayırlar. Atalarının ölüm xəbərini ölümdən təxmini iki həftə sonra öyrənmişlər. Lakin qanunla müəyyən edilmiş müddətlər ötürüldüyü üçün Bakı şəhərinə gəldikdən sonra hər hansı sənəd və ya şəhadətnamə ala bilməmişdirlər. Ölüm haqqında şəhadətnamənin alınması üçün Bakı şəhəri Səbail Rayon qeydiyyat şöbəsinə müraciət etsələr də, Səbail Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası"nın 8.5-ci bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə" olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin məktubla qeydiyyat şöbəsi məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Mərhum X2 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakı qalmışdır. Vərəsəlik işinin açılması üçün tələb olunan ölüm haqqında şəhadətnamə olmadığına görə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Mərhum Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon qəbiristanlığında (M.Ə.Rəsulzadə qəsəbəsi) dəfn edilmişdir. xx.xx.1967-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili ərizəni müdafiə edərək geniş izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iş materiallarını və tərəflərin mövqeyini nəzərə alıb, hesab edir ki, hazırki mübahisəyə məhkəmə qaydasında baxıla bilməməsi əsası ilə xitam verilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, ... “Araşdırma zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 33 saylı rəyindən görünür ki, X2 dilatasion kardiomiopatiya nəticəsində inkişaf edən kəskin ürək-damar çatışmazlığı olmuşdur. Sergey Borisovun meyitində başın sağ təpə-alın nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən ölümündən az əvvəl əmələ gəlmişdir, həyatidir, ölümlə bilavasitə səbəbli əlaqəsi yoxdur, sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcəsi təyin edilmir. Həmin xəsaratlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə, o cümlədən öz boyu hündürlüyündən sərbəst yıxılaraq yerin bərk örtüyünə və ya küt əşyalara dəyməsi, çarpılması nəticəsində yarana bilərdi. Sergey Borisovun ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan xx.xx.2025-ci il tarixdə, saat 16:15-də) 8-12 saat əvvəl baş vermişdir. Sergey Borisovun meyitinden götürülmüş qanda etil spirti, narkotik ve güclü təsirə malik maddələr aşkar edilməmişdir. Qeyd olunanlar 10.05. il tarixli, 326-c-23 nömrəli Rey sənədlərlə sübut olunur. xx.xx.2025-ci il tarixli, 326-c-23 nömrəli rəydən görünür ki, Sergey Borisovun ölümünə sabab kəskin ürək damar çatışmazlığı olmuşdur. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Sergey Borisovun ölümündə cinayətin əlamətlərini özündə əks etdirən hadisəsi yoxdur...” Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” haqqında qərarının 4.1-ci bəndinə əsasən “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.4.5-ci bəndinə əsasən ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir.

Məhkəmənin mövqeyi Sadalanan qanunvericilik normalarına, o cümlədən də yuxarı instansiya məhkəməsinin hüquqi tövsiyyəsini nəzərə alaraq işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, hazırki mübahisəyə məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən, həmçinin ərizəçinin nümayəndəsinin izahatından, tədqiq edilmiş cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarda, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 33 saylı rəyindən müəyyən olunur ki, xx.xx.1967-ci il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə meyitxana müayinəsindən təxminən 8-12 saat əvvəl kəskin ürək-damar çatışmazlığından vəfat etmişdir. Göründüyü kimi şəxsin ölüm tarixi, yeri, səbəbləri aşkardır, istintaq orqanı tərəfindən müəyyən edilmişdir. Belə olan halda isə hazırki məzmunda ərizənin məhkəmə icraatı qaydasında təmin olunmasına heç bir lüzum mövcud deyil. O ki, qaldı ölüm haqqında şəhadətnamənin verilməməsinə şəxsin bununla əlaqədar ilk öncə ölümün qeydiyyatını aparmış, ölümün səbəblərini, zamanını müəyyən etmiş tibb orqanına müraciət etməsi tövsiyyə edilməli, imtina edildiyi halda isə tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırmaq hüququ istisna deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi üzrə işə məhkəmə icraatı qaydasında baxıla bilməz və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə işin icraatına xitam verilsin. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən ödənilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli 100 (yüz) manat dövlət rüsumu ona qaytarılsın. Ərizəçilərə ölüm haqqında şəhadətnamənin verilməsi üçün müvafiq tibb müəssisəsinə müraciət etmək hüquqları izah edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar