Məhkəmə qərarları › İş №2(001)-4725/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4725/2025

07.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4725/2025 07.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 2025(04)07-0013 №-li əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi buraxılmış iş günlərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Baku Electronics” MMC-də xx.xx.2023cü ildən 07.04 2025-ci ilə qədər satış təmsilçisi vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə hər hansı bir nöqsanı olmamış və barəsində əmək intizamının pozulması ilə bağlı heç bir tədbir olmamışdır. xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC-nin vəzifəli şəxsləri tərəfindən təşkilatın əsas binasına çağrıldığından, rəhbərliyin tələbinə əsasən, onların yanına gəlmişdir. Cavabdeh təşkilatın rəhbər vəzifəsində çalışan işçiləri ilə söhbət əsnasında onlar ondan təkidlə, guya öz xahişi ilə işdən çıxmağı ilə bağlı ərizə yazmağını tələb etməyə başlamışlar. Onlara bunu etməyəcəyini dedikdə, onlar mübahisə etməyə və istənilən halda, onu işdən çıxaracaqlarını bildirdilər. Bütün bu təziqlərə baxmayaraq işdən öz xahişi ilə çıxmağı ilə bağlı ərizəyə imza etməmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən qanunvericiliyin şərtlərini pozmaqla xx.xx.2025-ci il tarixdə N°2025(04)07-0013 saylı əmrlə o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmışdır. Ona cavabdeh tərəfindən xx.xx.2025-cil tarixdə göndərilən məktubda xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər hər hansı üzürlü səbəb olmadan işə gəlmədiyini əsas gətirirlər ki, guya o, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər üzürlü səbəb olmadan işə gəlməmişdir. Halbuki, bu həqiqəti əks etdirmir. Sadəcə olaraq işlədiyi filiala təyin olunan təzə müdür öz tanışını onun yerinə işə düzəltmək istəyirdi. Bu səbəbdən də, onu işdən hər hansı bahanə ilə azad etmək istəyirdilər. Bununla bağlı onda olan WhatsApp səs yazılarılarından da görünür ki, müəssisənin mənafeyinə xələl gətirməmiş,əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini hüquqa uyğun yerinə yetirmişdir. Həmin əmrlə razı deyil, hesab edir ki, əmr ləğv edilməli və məcburi buraxılmış iş günləri ödənilməlidir. O, əmək fəaliyyəti zamanı heç bir səhvə, hüquq pozuntusuna yol verməmiş, işəgötürənin, müəssisənin mənafeyinə xələl gətirməmiş, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini hüquqauyğun yerinə yetirmişdir.Onun hərəkətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a”, 70-ci maddəsinin “ç” bəndinin tələblərinin təsiri altına düşmür. Bu səbəbdən barəsində verilmiş əmr qanuni deyil. Dəfələrlə müraciət etsə də, xx.xx.2025-ci il tarixli əmr ona təqdim edilməmişdir. Qanunvericiliyin tələbinə görə ilkin mediasiya prosesləri başlayıb. xx.xx.2025-ci il tarixdə isə poçt vasitəsilə cavabdehə mübahisənin mediasiya vasitəsilə həll edilməsi təklif olunaraq ona müvafiq təklif göndərilib. Lakin, təklif cavabsız qalıb. Ərizəsi əsasında xx.xx.2025-ci il tarixə, saat 10.30-a təyin edilmiş ilkin mediasiya sessiyasına cavabdeh gəlməmişdir. Ona görə də məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında görstərdi ki, o, cavabdeh təşkilatda xx.xx.2023-cü ildən xx.xx.2025-ci il tarixə qədər satış məsləhətçisi vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə hər hansı nöqsanı olmamış və barəsində əmək intizamının pozulması ilə bağlı heç bir tədbir olmamışdır. Bir müddət sonra ondan, öz xahişi ilə işdən azad edilməsi xahiş edilmiş, lakin o, buna etiraz edərək ərizəni yazmaqdan imtina etmişdir. O, işlədiyi vaxt ərzində heç bir səhvə, hüquq pozuntusuna yol verməmiş, işəgötürənin, müəssisənin mənafeyinə xələl gətirəcək əməl törətməmişdir. Başqa sözlə o, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərimi hüquqauyğun yerinə yetirmişdir. Hesab edir ki, o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun işdən azad edilməsi üçün əsaslar yoxdur. Göstərdiklərini nəzərə alaraq iddi tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia ələbinə etiraz edərək izahatında göstərmişdir ki, iddiaçı ilə Cavabdeh MMC arasında əmək münasibətləri mövcud olmuş, işçinin vəzifə öhdəliklərini yerinə yetirməməsi səbəbindən əmək müqaviləsinin xitamı qanuni əsaslarla həyata keçirilmiş, əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək münasibətlərinə xitam verilməsi barədə Cavabdeh MMC tərəfindən əmr verilmiş və bu əmr işçinin əmək intizam qaydalarını pozmasına dair daxili sənədlər və aktlar ilə sübuta yetirilmişdir. Hesab edir ki, iddiaçı tərəfindən işə bərpa tələbi əsassızdır, işçinin əmək müqaviləsinin xitamı əmək qanunvericiliyinə uyğun şəkildə həyata keçirilmiş və əsaslandırılmışdır. Odur ki, qeyd etdiklərini nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən (kontrakt) görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında müddətsiz əmək müqaviləsi bağlanaraq işçi X6nə satış məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.3-cü bəndində işçinin xx.xx.2023-cü il tarixdən işə başlaması nəzərdə tutulmuşdur. 4.1-ci bəndinə görə, işçiyə hər ay 380 manat məbləğində əmək haqqı ödənilir. 4.16-cı bəndində işçinin gündə 8 saatdan, həftə ərzində 40 saatdan çox olmayaraq işləyəcəyi göstərilmiş, həmçinin iş vaxtının rejimi ilə bağlı qeyd edilmişdir ki, işçi gündə 7 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir; iş saat 9:00 başlanır, saat 22:00 qurtarır; işçi istirahət günündən öncəki gün 5 saat natamam iş günü işləyir; İş 4 növbəlidir; -Birinci növbə saat 9:00 başlanır va saat 17:00 qurtarır; Nahar vaxtı saat 13:00-dan 14:00-a dək -İkinci növbə saat 10:00 başlanır va saat 18:00 qurtarır; Nahar vaxtı saat 14:00-dan 15:00-a dək - Üçüncü növbə saat 12:00 başlanır və saat 20:00 qurtarır; Nahar vaxtı saat 16:00-dan 17:00-a dək -Dördüncü növbə saat 14:00 başlanır və saat 22:00 qurtarır: Nahar vaxtı saat 18:00-dan 19:00-a dək istirahət günü həftadə 1 gündür. 4.22-ci bəndinə görə, işçi işə gəlib getməsi üçün nəqliyyatla təmin edilir. İddiaçı Cavabdeh MMC-nin Pərakəndə Satış Departamentinin rəhbərin adına yazdığı xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, həmin gün iş qrafikini səhv salaraq 13:00da gəlməli olduğu işə 10:00-da gəldiyi üçün, yuxusuz olduğu üçün yatmışdır. Anbarda yatması ilə bağlı heç kimə məlumat verməmişdir. Bu halın bir daha təkrarlanmayacağını bildirib nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh MMC-nin X8 müdiri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, Cəmiyyətin X6nin Bakıxanov 2 mağazasında satış məsləhətçisi vəzifəsində çalışan İddiaçı (İ-3585), davranış qaydalarının 9.2 bəndinə əsasən (Şirkətin biznes proseslərinə/standart əməliyyat prosedurlarına riayət etməmək) yazılı xəbərdarlıq verilməsi xahiş edilmişdir. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 2024/10/03- 0016 nömrəli “əmək intizamının pozulmasını nəzərə alaraq yazılı xəbərdarlıq verilməsi haqqında” əmrdən görünür ki, cəmiyyətin Pərakəndə satış departamenti X6 Satış məsləhətçisi vəzifəsində çalışan İddiaçı Əlvan oğlu daxili inzitam qaydalarını pozduğuna görə, ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq verilmişdir. Cavabdeh MMC-nin mağaza satış meneceri – X4, əməliyyat mütəxəssisi – X3 və xəzinədar – X2 tərəfindən imzalanmış (işçinin işə gəlmədiyi günlərə dair) Aktdan görünür ki, Cavabdeh MMC-nin (bundan sonra “işəgötürən”) əməkdaşı, satış məsləhətçisi vəzifəsində çalışan İddiaçı İ-3585 xx.xx.2025 tarixindən, xx.xx.2025 tarixinədək işə gəlməmiş və gəlməməsinin hər hansı bir üzrlü səbəbinin olması barədə işə götürənə məlumat verməmişdir (AR Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinin tələblərinə əsasən üzrlü səbəblər barədə işə götürənə məlumat verilmədiyini nəzərə alınaraq, işçinin işə üzrsüz səbəbdən gəlmədiyi günlər tərəflərindən aktlaşdırılmışdır). Cavabdeh MMC-nin mağaza satış meneceri – X4, əməliyyat mütəxəssisi – X3 və xəzinədar – X2 tərəfindən imzalanmış (işçinin işə gəlmədiyi günlərə dair) Aktdan görünür ki, Cavabdeh MMC-nin (bundan sonra “işəgötürən”) əməkdaşı, satış məsləhətçisi vəzifəsində çalışan İddiaçı İ-3585 xx.xx.2025 tarixindən, xx.xx.2025 tarixinədək işə gəlməmiş və gəlməməsinin hər hansı bir üzrlü səbəbinin olması barədə işə götürənə məlumat verməmişdir (AR Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinin tələblərinə əsasən üzrlü səbəblər barədə işə götürənə məlumat verilmədiyini nəzərə alınaraq, işçinin işə üzrsüz səbəbdən gəlmədiyi günlər tərəflərindən aktlaşdırılmışdır). Cavabdeh MMC-nin İnsan resursları və inzibati işlər üzrə kiçik mütəxəssisi – Rəhimli Z.E, əmək münasibətləri üzrə aparıcı mütəxəssisi – Vəliyev Y.E və əmək münasibətləri üzrə qrup rəhbəri – Həsənzadə H.M tərəfindən imzalanmış (işçinin xəbərdarlıq sənədini imzalamamasına dair) xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, Cavabdeh MMC-nin (bundan sonra “işəgötürən”) əməkdaşı, satış məsləhətçisi vəzifəsində çalışan İddiaçı (İ- 3585) 03 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xəbərdarlıq” sənədi ilə tanış olmaqdan və imzalamaqdan imtina etmişdir. Cavabdeh MMC-nin direktor müavini R.C.Hümbətovun Cavabdeh MMC-nin X6 Satış məsləhətçisi İddiaçı edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 20 fevral 2025-ci il tarixli xəbərdarlığından görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin d) bəndinə və Sizinlə Şirkət arasında əmək münasibəltərini tənzimləmək məqsədi ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin 9.5.1-ci maddəsinin d) bəndinə əsasən sizə bu barədə xəbərdarlıq sənədi təqdim ediləndən 1 ay sonra və ya xx.xx.2025-ci il tarixli il tarixdən tutduğu vəzifədən azad olunacağı, İddiaçı iş axtarmağa və ya qeydiyyatda olduğu ərazi üzrə Məşğulluq idarəsinə müraciət etmək hüququ izah edilmişdir. Eləcə də, ondan xəbərdarlıq sənədinin ikinci nüsxəsində sənədi aldığı barədə qeydlər edib (imza və tarix), onu insan Resursları departamentinə təhvil verməsi xahiş edilmişdir. Cavabdeh MMC-nin direktor müavini R.C.Hümbətov tərəfindən xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC-nin X6 Satış məsləhətçisi vəzifəsində çalışan və Yevlax rayonu, Aran qəsəbəsi ünvanında qeydiyyatda olan İddiaçı ünvanlanmış məktubdan (müraciət) görünür ki, İddiaçı diqqətinə çatdırılmışdır ki, "08" fevral 2025-ci il tarixindən "20" fevral 2025-ci il tarixinədək hər hansı bir üzrlü səbəbdən işə gəlməyəcəyi barədə qabaqcadan müəssisəni aidiyyəti şəxslərinə heç bir yazılı və ya şifahi məlumat vermədən, bütün iş günləri işə gəlməmişdir. Ondan, hazırki məktubun onun ünvanına çatdığı tarixdən 3 (üç) iş günü müddətində işə gəlməməyini hər hansı bir üzrlü səbəbdən olduğunu təsdiq edə biləcək müvafiq sənədi müəssisənin aidiyyəti şəxslərinə təqdim etməsi tələb olunmuşdur. "xxxx" MMC-nin Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli Aktından görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2025-ci il tarixində 137293 saylı qaimə ilə Yevlax rayonu, Aran qəsəbəsi ünvanında qeydiyyatda olan İddiaçı məktubun göndərilməsi sifariş edilmiş, lakin verilən məlumata əsasən şəxs həmin ünvanda qeydiyyatda olsa da, həmin ünvanda yaşamadığından və zənglərə cavab vermədiyindən, məktub ünvana geri qaytarılmışdır. Cavabdeh MMC-nin direktor müavini R.C.Hümbətov tərəfindən xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC-nin X6 Satış məsləhətçisi vəzifəsində çalışan və ünvan 2 ünvanında yaşayan İddiaçı ünvanlanmış məktubdan (müraciət) görünür ki, İddiaçı diqqətinə çatdırılmışdır ki, "08" fevral 2025-ci il tarixindən "06" mart 2025-ci il tarixinədək hər hansı bir üzrlü səbəbdən işə gəlməyəcəyi barədə qabaqcadan müəssisəni aidiyyəti şəxslərinə heç bir yazılı və ya şifahi məlumat vermədən, bütün iş günləri işə gəlməmişdir. Ondan, hazırki məktubun onun ünvanına çatdığı tarixdən 3 (üç) iş günü müddətində işə gəlməməyini hər hansı bir üzrlü səbəbdən olduğunu təsdiq edə biləcək müvafiq sənədi müəssisənin aidiyyəti şəxslərinə təqdim etməsi tələb olunmuşdur. Cavabdeh MMC-nin İnsan resursları üzrə direktoru X1 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 2025/xx/xx-0013 nömrəli əmrindən görünür ki, işçinin işə gəlmədiyinə dair aktlar, HRM proqramındakı boşdayanma qeydləri əsas götürülərək, “X6” bölməsində “Satış Məsləhətçisi” vəzifəsində işləyən İddiaçı Əlvan oğlu ilə bağlanmış əmək xxxxxxx000400 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70 ”ç” – işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2025-ci il tarixdən xitam verilmiş, işçinin xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 21,73 manat məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, müəssisənin mənafeyinə xələl gətirmədiyini, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini qanuna uyğun yerinə yetirdiyini əsas gətirərək onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsini əsassız və qanunsuz hesab edir. Məhkəmə araşdırılması zamanı, eləcə də təqdim edilmiş sübutlarla müəyyən olunmuşdur ki, iş üzrə İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-də satıcı vəzifəsinə təyin edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixli izahat alınmış və o, izahatında həmin gün iş qrafikini səhv salaraq 13:00-da gəlməli olduğu işə 10:00-da gəlmədiyini, yuxusuz olduğu üçün yatdığını, anbarda yatması ilə bağlı heç kimə məlumat vermədiyini göstərmiş, habelə bu halın bir daha təkrarlanmayacağını bildirib nəzərə alınmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh MMC-nin X8 müdiri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli təqdimata əsasən Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 2024/10/03- 0016 nömrəli “əmək intizamının pozulmasını nəzərə alaraq yazılı xəbərdarlıq verilməsi haqqında” əmrinə əsasən cəmiyyətin Pərakəndə satış departamenti X6 Satış məsləhətçisi vəzifəsində çalışan İddiaçı Əlvan oğlu daxili inzitam qaydalarını pozduğuna görə, ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3cü hissəsinə əsasən xəbərdarlıq verilmişdir. Daha sonra müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2025-ci il tarixindən, xx.xx.2025-ci il tarixinədək, eləcə də xx.xx.2025-ci il tarixindən, xx.xx.2025-ci il tarixinədək işə gəlmədiyindən şirkət əməkdaşları tərəfindən müvafiq aktlar tərtib olunaraq imzalanmışdır. İddiaçının həmin tarixlərdə işə gəlməməsinin hər hansı bir üzrlü səbəbinin olması barədə işəgötürənə məlumat vermiş olduğu məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Göstərilən səbəbdən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə “AR ƏM-nin 70 ”ç” – işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Əmək münasibətləri dedikdə - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə Əmək Məcəlləsinin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Nəzərə alınmalıdır ki, əmək hüququ - işçi ilə işəgötürən arasında heç bir ayrıseçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 11-ci maddəsinin “b” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinini “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci hissəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərində göstərildiyi kimi, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı Əmək Müqaviləsinə əsasən, işçinin Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməli olmasına, Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, işçinin əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək və iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq vəzifələri daşımasına baxmayaraq o, bunlara əməl etməyərək, xx.xx.2025-ci il tarixindən, xx.xx.2025-ci il tarixinədək, eləcə də xx.xx.2025-ci il tarixindən, xx.xx.2025-ci il tarixinədək işə gəlməmiş və gəlməməsinin hər hansı bir üzrlü səbəbinin olması barədə işə götürənə məlumat verməmişdir. Qeyd edilən hal işə əlavə edilmiş aktlar və xəbərdarlıqlarla öz təsdiqini tapmışdır. Məhkəmə, İddiaçı Əmək Müqaviləsinə əsasən, işçinin Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməli olmasına, Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, işçinin əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək və iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq vəzifələri daşımasına baxmayaraq, qeyd edilənlərə riayət etməməsini, işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi kimi qiymətləndirir və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə əmək müqaviləsinin işəgötürən tərəfindən qeyd edilən əsasla qanuna müvafiq olaraq ləğv edilə bilməsini nəzərə alaraq, əmək funksiyalarının və əmək müqaviləsi üzrə öhdəliklərinin pozulmasının nəticəsi olaraq Cavabdeh MMC-nin İnsan resursları üzrə direktoru X1 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 2025/xx/xx-0013 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq İddiaçı xx.xx.2025-ci il tarixdən Cavabdeh MMC-nin “X6” bölməsində “Satış Məsləhətçisi” vəzifəsindən azad edilməklə əmək müqaviləsinə xitam verilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, həmçinin xüsusilə qeyd edir ki, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı tələblərinin əsası kimi istinad etdiyi halları tutarlı sübut növləri ilə sübuta yetirə bilməmiş, cavabdeh tərəf isə iddia tələblərinin əsassız olması ilə bağlı öz hüquqi mövqeyini mötəbər sübutlarla sübut edə bilmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl edilməklə iddiaçının əmək müqaviləsinə xitam verildiyindən iddaçının iddia ərizəsində göstərdiyi dəlilləri qanuni və əsaslı olan əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli, 2025/xx/xx-0013 nömrəli əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, iddia tələbi əmrin ləğvi hissəsində təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin işə bərpa edilməsi və məcburi buraxılmış iş günlərinin ödənilməsi ilə bağlı hissəsini araşdıraraq qeyd edir ki, iddia tələbinin əmrin ləğvi hissəsi əsassız olaraq rədd edildiyindən, iddia tələbinin işə bərpa edilməsi və məcburi buraxılmış iş günlərinin ödənilməsi hissəsi törəmə hüquq münasibəti olduğundan, yəni ilk tələbdən yarandığından, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanması” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar