Məhkəmə qərarları › İş №2(001)-4752/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4752/2023

25.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4752/2023 25.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçi iştirakı ilə, X2 17 iyun 2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə 25 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 08 sentyabr 1971-ci il tarixdə doğulmuş əri X2 17 iyun 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, mərhum əri 17 iyun 2023-cü il tarixdə ev şəraitində qəfil vəziyyəti pisləşmiş, o dərhal təcili yardım çağırsa da, həkimlər gələnədək əri ürək tutmasından vəfat etmiş, Xırdalan qəbirstanlığında dəfn olunmuşdur. Yas mərasimlərindən sonra o, ərinin ölümü ilə bağlı müvafiq şəhadətnamə almaq üçün qeydiyyat şöbəsinə müraciət etsə də, ondan ölüm haqqında tibbi şəhadətnamə tələb olunmuşdur. Lakin, ölüm haqqında tibbi şəhadətnamə ala bilməmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, ərizəçinin oğludur, mərhum atası 17 iyun 2023-cü il tarixdə yaşadıqları evdə ürək tutmasından rəhmətə getmişdir. Onlar mərhumu Xırdalan qəbirstanlığında dəfn etmişlər. Mülki iş materiallarında olan: - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X2 arvadıdır. - Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, X5 17 iyun 2023-cü il tarixdə Xırdalan Qəbirstanlığında dəfn olunmuşdur. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlandırılmış 11 iyul 2023-cü il tarixli məktubda göstərilmişdir ki, “ərinizin adına ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir.” - “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs “10 nömrəli şəhər Poliklinikası” tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanlandırılmış 25 iyun 2023-cü il tarixli məktubda göstərilmişdir ki, “ünvan 3 ünvanında qeydiyyatda olmuş, 17 iyun 2023-cü il tarixdə saat 06:30-da Sabunçu rayonu, Pirşağı qəsəbəsi, İİ sovxoz ünvanında vəfat etmiş 08 sentyabr 1971-ci il təvəllüdlü X2 Binəqədi rayonu 10 nömrəli şəhər poliklinikasında ambulator kartası yoxdur və poliklinikaya hər hansı bir xəstəliklə əlaqədar müraciəti olmamışdır. Bu səbəbdən 10 nömrəli şəhər poliklinikası tərəfindən mərhumun ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil.” Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X2 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi əri X2 17 iyun 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 08 sentyabr 1971-ci il tarixdə doğulmuş X2 17 iyun 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar