Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4873/2025 30.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Füzuli Rayon Qeydiyyat Şöbəsinə qarşı mülki iş üzrə Açar sözlər: (ölüm faktının müəyyən edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Füzuli Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. Ərizəçi maraqlı şəxs Füzuli Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək qardaşı X4 xx.xx.2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X6 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnamənin alınması üçün qeydiyyat şöbəsinə müraciət etsə də ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Gələcəkdə dəfn xərcləri ilə bağlı veriləcək pulun və ya ondan miras qalmış əmlakın alınması üçün vərəsəlik şəhadətnaməsi olması məcburiyyəti yarandığından ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək qardaşının xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşı oğludur. X3 da onun qardaşı oğlu olub. Mərhumun epilepsiya xəstəliyindən müalicə aldığını, son vaxtlar vəziyyətinin gərginləşdiyini və 05 iyun 2025-ci ildə evdə vəfat etdiyini bildirdi.
6. Məhkəmə iclasında iştirak edən Şahid2 ifadə verərək bildirdi ki, X3 onun oğlu idi. Mərhum oğlunun epilepsiya xəstəliyindən müalicə aldığını və 05 iyun 2025-ci ildə evdə vəfat etdiyini bildirdi.
7. Məhkəmə iclasında iştirak edən Şahid3 ifadə verərək bildirdi ki, ərizəçi onun əmisi nəvəsidir. X1 uşaq vaxtından epilepsiya xəstəsi olduğunu və 05 iyun 2025-ci ildə evdə vəfat etdiyini bildirdi.
Mülki işin materialları:
8. AR Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Binəqədi rayon sektoru tərəfindən verilmiş arayışa əsasən X2 rayonundan məcburi köçkün kimi Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 9 ünvanında müvəqqəti qeydiyyatda olub.
9. AR “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ “Bakı şəhər Baş Səhiyyə Mərkəzi PHŞ-in 35 №-li Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü 2-ci qrup əlil X6 xx.xx.2024-cü il tarixdə poliklinikada dispanser qeydiyyatda olub. Lakin ölüm səbəbi olan hər hansı xroniki xəstəliyi olması haqqında heç bir tibbi sənəd olmadığı üçün “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi mümkün olmamışdır.
10. Füzuli Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-cü il tarixli, 33-16-5-8-11-309/2025 saylı məktubundan görünür ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün dövlət qeydiyyatına alınması mümkün olmamışdır.
11. Bakı şəhər TTYS tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 05:45-də X4 adına “həkimə qədər ölüm, kişi cinsli meyit aşkar olunduğu” qeyd edilmişdir.
12. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Ərizəçi və xx.xx.1990-cı il təvəllüdlü X4 atası X7, anası Şahid2dır.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin:
13. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
16. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
17. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
18. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
19. 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.
21. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 8 saylı Qərarının 1.2-ci bəndinin izahına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 4.8-ci bəndinin izahına əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə ərizəçinin izahatını nəzərə alıb, şahid ifadələrini, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.
23. Mülki işin materiallarından da görünür ki, Ərizəçi qardaşının ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qardaşının ölüm faktı müvafiq sənəd ilə təsdiq olunmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir.
24. Məhkəmə qanunvericiliyin tələblərinə görə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmçinin qeyd olunmalıdır ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə məhkəmə o zaman hüquqi əhəmiyyəti olan faktları müəyyən edir.
25. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
26. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin onun ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində ərizəçi X4 ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 xx.xx.2025-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır.
27. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir.
28. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödənilməsindən azaddırlar.
29. Belə ki, iş materiallarına olan Elektron Məhkəmə Portalından Çıxarışa əsasən Ərizəçi məcburi köçkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikaı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Füzuli Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. xx.xx.1990-cı il il tarixdə anadan olmuş X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova