Məhkəmə qərarları › İş №2(001)-4893/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4893/2024

25.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4893/2024 25.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, ərizəçinın nümayəndəsi (vəkil) Vəkil, Maraqlı şəxs iştirakları ilə, X5 Maraqlı şəxs qismində cəlb olunmaqla “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X1 Ramil Nürəddin oğluna qarşı ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə onun arasında 18 may 2024- cü il tarixdə Bakı 11 saylı Mediasiya Təşkilatında bağlanmış Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə 13 aprel 2013-cü il tarixdə nikaha daxil olub ailə qurmuşlar. Birgə nikahlarından 29 sentyabr 2014-cü il tarixdə anadan olmuş X11 və 22 avqust 2016-cı il tarixdə anadan olmuş X7 adlı iki övladı doğulmuşdur. Xarakterləri uyğun gəlmədiyindən aralarında olan nikahlarının pozulması, övladlarının onun himayəsində saxlanması və aliment tələbi barədə iddia tələbi ilə Bakı 11 saylı Mediasiya Təşkilatına rəsmi qaydada müraciət etmişdir. Mediasiya təşkilatının sesiyasında iştirak edən Maraqlı şəxs Nuraddin oğlu nikahın pozulması, uşaqların onun himayəsində saxlanması və övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün 18 may 2024-cü il tarixdən başlayaraq hər ayın 10- qədər, hər birinə 225 (iki yüz iyirmi beş) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla bağlı 18 may 2024-cü il tarixdə Bakı 11 saylı X4 sazişi imzalamış və qanunvericiliyin tələblərinə uyğun olaraq barışıq sazişinin nikahın pozulması hissənin həlli məqsədilə iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Hazırda qeyd olunan iddia ərizəsi iiə bağlı mülki işə məhkəməsinin iclasındadır. Lakin Maraqlı şəxs barışıq sazişinin alimentin ödənilməsi ilə bağlı hissəsini- şərtini yerinə yetirməkdən imtina edir. Odur ki, Mülki Prosessual Qanunvericiiliyin tələblərinə uyğun olaraq maraqlı şəxslə onun aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinın nümayəndəsi (vəkil) Vəkil ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Mediasiya təşkilatında tərəflər arasında barışıq sazişi bağlanmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etmir. Sazişdə evdən çıxmaqla bağlı heç bir şərt yoxdur. Göstərdiklərini nəzərə alaraq ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında göstərmişdir ki, mediasiya təşkilatında ərizəçi ilə razılığa gəlmişlər ki, onun müəyyən məbləğdə borcu olduğundan 01 iyul 2024-cü il tarixdə ödəniş edəcək. Həmçinin ərizəçi iyun ayının sonuna qədər evdən çıxmağına söz vermişdir. Evdən çıxmadığı üçün o, alimenti ödəmir. Lakin alimenti ödəməkdən imtina etmir. Belə ki, ərizəçi evdən çıxsın, o, həm iyul həm avqust ayının ödənişini edəcəkdir. Aşağıdakılara görə məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Ərizəyə əlavə edilmiş MŞB/11/2024-00452 nömrəli 18 may 2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər Saziş imzalandıqdan sonra aralarında olan Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-ci il tarixdə, nikahın bağlanması haqqında akt qeydləri kitabında 477 nömrə ilə qeydə alınmış nikahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşdılar. İkinci tərəf övladları xx.xx.2014-ci il doğum tarixli X8 və xx.xx.2016-cu il doğum tarixli X3 birinci tərəfin himayəsində qalmasına etiraz etmir. İkinci tərəf birinci tərəfə xx.xx.2024-cü il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladı(ları) yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, hər birinə 225 (iki yüz iyirmi beş) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. Birinci tərəf ikinci tərəfə yuxarıda qeyd edilən övladları ilə günün istənilən vaxtlarında, heç bir maneə yaratmadan ünsiyyət qurmağına (uşağı götürməyinə, yanında saxlamağına) şərait yaradacaq. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. İşin hallarından görünür ki, hazırkı halda Maraqlı şəxs tərəfindən 18 may 2024-cü il tarixli, MŞB/11/2024-00452 nömrəli “Barışıq Sazişi” üzrə götürdüyü öhdəlik icra edilməmişdir. Bu hal məhkəmə iclasında Maraqlı şəxs izahatı ilə də, öz təsdiqini tapmışdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinin tələbləri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizə təmin edildiyindən məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu və mediasiya xərcləri Maraqlı şəxs aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307 və 355-23 - 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X9 ilə Maraqlı şəxs arasında bağlanmış 18 may 2024-cü il tarixli, MŞB/11/2024- 00452 nömrəli “Barışıq Sazişi” təsdiq edilsin. İş üzrə ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat məbləğində mediasiya xərcləri Maraqlı şəxs tutularaq X6 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar