Məhkəmə qərarları › İş №2(001)-4937/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4937/2025

24.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4937/2025 24.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X11 Məhyəddin qızının sədrliyi, Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı “mənzildən çıxarılma və köçürülmə” tələbinə dair iddiası və iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı “mənzilə qanunsuz müdaxiləyə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddiasını dəqiqləşdirərək Cavabdeh1 ona məxsus ünvan 1 ünvanındakı fərdi yaşayış evindən çıxarılmaqla, onun sahibliyində olan evə köçürülməsinə və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə X2 ilə Baki şəhəri 11 saylı Notariat ofisində bağladığı Podrat müqavilsinə əsasən V.Xankişiyeva ünvan 1 ünvanda yerləşən bir mərtəbəli iki otaqlı fərdi yaşayış evini tikib ona təhvil verməyi, özü isə aralarında olan razılaşmaya əsasən həmin evin qiyməti olan 25500 (iyirmi beş min beş yüz) manat pulu ona verməyi öhdəsinə götürmüşdür. Müqavilədən sonra qeyd edilən evi özünün və qızının əmək haqqı hesabına təmir etdirmişdir. Bundan sonra qızı Cavabdeh2 ailə qurduqda, ərinin evi olmadığına görə həmin evi müvəqqəti yaşamaları üçün və gələcəkdə ev aldıqdan sonra evi boşaltmaları şərti ilə qızına vermişdir. Qeyd edir ki, evin bütün kommunal ödənişləri ilə bağlı sənədlər həmçinin telefon qovşağı ilə bağlı olan sənədlər, hamısı öz adınadır. Bağladığı podrat müqaviləsi əsasında gələcəkdə həmin evə çıxarış almaq niyyəti var. Lakin ərinin qızını döyməsi nətcəsində bir müddət onun yanında qalması, qızının boşanması və keçmiş ərinin həmin evdən çıxmaqdan imtina etməsi məsələlərinə başı qarışdığı üçün hələ ki, çıxarış almaq üçün müraciət etməyə vaxt tapmamışdır. O evi alarkən qızı Əfsanə xx.xx.2021-ci il tarixində "xxxx" ASC-dən 8100 manat məbləğində kredit xətti ilə pul götürmüş, indiyə qədər həmin pulu ödəyir. Qızıllarını məhz həmin evin alınması üçün satmışdır. Bu evin təmiri onun və qızının pulu hesabına başa çatmışdır. Bu faktı evi təmir edən Zaur adlı usta təsdiqləyə bilər, çünki material almağa onunla getmiş, ödənişlərini özü etmişdir.

3. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsi, 989 ünvanında yerləşən həmin evdən sərbəst istifadə etməyinə və maneəsiz yaşamağına, Cavabdeh2 Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsi, ev 989 ünvanındakı qanunsuz və təkbaşına sahibliyinə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2021-ci ildə Cavabdeh2 ilə rəsmi nikaha daxil olmuş və həmin nikah Qeydiyyat Şöbəsində rəsmiləşdirilmiş, birgə nikahdan övladları olmamışdır. Nikaha daxil olduqdan sonra birgə nikah dövründə birgə vəsaitləri hesabına Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsi, 989 ünvanında yerləşən özbaşına tikili statusunda olan yarım tikilini əldə etmişlər. Həmin yarım tikilini əldə etdikdən sonra ona “Azəriqaz” İB-dən, "xxxx" ASC-dən, "xxxx" ASC-dən sayğaclar quraşdırılmış və sayğaclar quraşdırıldıqdan sonra onlar kommunal xətlərlə təchiz olunmuşdur. Cavabdeh1 kommunal xətlərdən suya dair müqavilə bağlayaraq su xətti çəksə də (ona **********000 nömrəli abonent kodu verilmişdir) işlərinin çoxluğu və vaxt tapa bilmədiyindən qaz və işıq xətlərini arvadı Cavabdeh2 adına keçirməsinə razılıq vermişdir. Cavabdeh isə əvvəlcədən ayrılmaq niyyətində olduğundan planlı şəkildə qaz və işıq sayğaclarını anası İddiaçı adına sənədləşdirmişdir. Sonradan bu faktın bilindiyi halda cavabdeh iddiaçıya qaçqın statusunda olduğundan öz adına sənədləşdirəcəyi təqdirdə gələcəkdə dövlət tərəfindən ona Füzuli şəhərində ev verilməyəcəyini bildirib heç bir pis niyyəti olmadığında inandırmışdır. Cavabdeh1 qeyd edilən evdə tək yaşamış və həmin kod vasitəsi ilə su və komunal pulu ödəmişdir. Lakin cavabdeh planlı olaraq nikahın pozulması barədə məhkəməyə müraciət etmiş və həmin ərəfədə (xx.xx.2025-ci ildə) hansısa forma və qaydada su sayğacını da qanunsuz olaraq anası (Cavabdeh1 qaynanası) İddiaçı adına dəyişdirmişdir. Qeyd etmək istəyir ki, "xxxx" tərəfindən İddiaçı adına sənədləşdirilmiş abonent kodlu, **********49 nömrəli sayğacın, “Azəriqaz” tərəfindən (Kart:DOD8249FB3010000) quraşdırılmış GPG13101711 nömrəli sayğacın formal olaraq cavabdein anasının adına sənədləşdirilməsinə baxmayaraq yarımtikilini nikah dövründə və birgə vəsaiti hesabına əldə edilmiş və sonradan onun vəsaiti ilə usta olan qardaşı tərəfindən yaşayışa tam yararlı olmaqla təmir edilmişdir. Bunun üçün kifayət qədər vəsait xərcləsə də cavabdeh həm şifahi danışıqda, həm də mediasiya prosesində iştirak edən vəkili vasitəsi ilə ona cəmi 6000 manat pul təklif edərək evdən çıxmağı tələb etmişdir. Bu səbəbdən mediasiyada heç bir razılığa gələ bilməmişlər. O isə cavabdehə bildirdi ki, əgər 6000 manat verməklə mənzildən çıxmağı istəyirsə ona 2-3 qat artığını verir ki, evə dair heç bir iddia irəli sürməsin. Lakin cavabdeh onunla heç bir təklif barədə razılığa gəlmədi. Cavabdehin özbaşına və qanunsuz olaraq təkbaşına evi ələ keçirərək onun hüquqlarından istifadə etməyinə mane olmaqla mənzildə rahat yaşamağının qarşısını almağa cəhd etməklə yanaşı qanunsuz olaraq sayğacları anasının adına keçirtməklə evin nikah dövründə əldə edildiyi gerçəyini də dəyişməyə cəhd etmişdir. Onu da qeyd edir ki, mübahisəli tikilinin heç bir hüquqmüəyyənedici sənədi olmasa da birgə vəsaitləri ilə nikah dövründə əldə etdikləri tikilidir və cavabdehin anasının ora xərci çıxmamış, bir gün belə orada yaşamamış, bir manat belə kommunal xərc ödəməmişdir. Bunu şahidlərlə də təsdiq edə bilər. Cavabdeh həmin mənzildə yaşamağına hər cür maneə törətməyə başlayır. Belə ki, cavabdeh kommunal xətlərin sayğaclarını anasının adına keçirməklə onun vasitəsilə onu polis və ya məhkəmə ilə hədələyir, qapının kilidini polis vasitəsilə dəyişərək evə buraxmayacağını və mənzildə olan əşyalarını qaytarmayacağını bildirir. Başqa yaşayış yeri olmadığından, orda yaşamağa məcbur qaldığından və cavabdehin həmin ünvanda rahat yaşamağına maneçilik törətdiyindən hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Tərəflərin izahatları və iddiaya münasibəti:

5. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini, Cavabdeh1 iddiasının cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş iş üzrə iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etmiş, İddiaçı iddiasının cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş iş üzrə cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında bildirmişdir ki, Rövşən onun qardaşıdır. Mübahisəli evin kosmetik təmirini, yəni divar kağızının çəkilməsini özü etmişdir. Lakin evin bayırından suvaq onun tərəfindən çəkilməmişdir. Təmir xərcini qardaşının, anasının hesabına təmin etmişdir. Anası 300 manat pensiya alır. Bacısı və bacısının uşaqları da onlarla birlikdə yaşayırlar. Qardaşı pensiya almaqla yanaşı işləyir və qazanır. Kosmetik işlərin görülməsi üçün qardaşından təxminən 3000 manat pul alıb. Başqasına baha iş görsə də qardaşı üçün bu işləri daha ucuza ərsəyə gətirib. Ev 5-6 il olar alınıb, təmir isləri 2-3 il olar ki, başa çatıb. Evin təmiri fasilələrlə davam edib. Təmirdən əvvəl evdə qardaşı və yoldaşı yaşayıb. Ev alınanda təmirsiz olub.

10. Məhkəmə iclasında şahid qismində dindirilən X8 izahatında bildirimişdir kiİ, Cavabdeh1 qonşusudur. Əfsanə xanımı evdə görsə də Nailə xanımı orada görməyib. Evin əvvəlki sahibi qadın olub, ev təxminən 2021-2022-ci illərdə alınıb. Həmin evdə yaşayan Rövşəni, anasını və arvadını görüb. Evin özü tək daş tikildiyindən keyfiyyətsiz idi. Evdə təmir işlərini aparan Rövşənin qardaşı Elşəni görüb. Bayırdan suvaq işlərini də Elşən görüb. Təmir üçün materialları gətirənin kim olduğunu bilməsə də deyirdilər ki, evi Rövşən və öz anası təmir etdirir. Təxminən evin 25000-26000 manata alındığı deyilirdi. Evin alğısatqısında, pulun kim tərəfindən verilməsində iştirak etmədiyindən, dəqiq məlumatı yoxdur.

11. Məhkəmə iclasında şahid qismində dindirilən X9 izahatında bildirmişdir ki, Rövşən onun oğludur. Daha sonra qeyd etdi ki, ev 24000 manata alınıb. Evi alanda Rövşən, arvadı, anası ilə birlikdə olub. Özü bankdan pul götürüb, onlara verib. Ev nəğd pulla alınıb. Əfsanə evə görə 9000, özü isə 8000 manat qoymuşdur. Ev satılanda evin sahibi oğlan idi. Ev alınanda isə yararsız idi. Təmirini oğlu Elşən edib, təmirinə 3000 pul verib. Materialı yarsını qarşı tərəf, yarsını öz oğlu alıb. Evin bayırdan suvağını da Elşən vurub. Krediti nəvəsi 6000 manat olaraq, nəğd götürüb. Hansı bankdan götürdüyünü bilmir. Həmin borcu nəvəsi özü qaytarıb. 8000 manat faizi ilə birgə hesablanıb. Özü 450 manat pensiya alır.

12. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında bildirmişdir ki, Nailə qardaşının arvadıdır, ona dedi ki, qızı Nailə ailə qurur. Mübahisəli evi müvəqqəti yaşayış üçün aldı ki, qızıgil özlərinə ev alana kimi orada qalsınlar. Notariusda özü və Nailə olub. Rövşəni orada görməyib. Rövşəni bir dəfə qardaşının evində görüb, 2020-ci ildə Əfsanə ilə nikahları bağlanıb, 1 il olar ki, boşanıblar. Nailə xanım evi özü üçün alırdı. 26000 manat pul evi satan qadına verildi. Evi Nailə özü üçün axtarıb, tapıb. Təmiri Zaur adlı usta edib, divar kağızı vurub. Ev alınanda yaşayış yox idi, ev boş idi.

Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 1852/2025 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” X5 bağlanmış nikahın pozulması qət edilmişdir.

14. İddiaçı ilə X2 arasında bağlanan xx.xx.2021-ci il tarixli podrat müqaviləsinin surətindən görünür ki, ikinci tərəf öz materiallarından istifadə edilməklə, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsi ərazisində olan sahəsi 69 kv.m təşkil edən 7 mişar daşı hündürlüyü olan kürsü üzərində yerləşən 01 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evini tikib, yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək, müqavilə üzrə müəyyən edilmiş dəyəri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci maddəsinə əsasən tikilinin ümumi dəyəri 25500 manat təşkil edir. Sifarişçi tərəfindən podratçıya ödəniş nağd şəklində həyata keçirilir.

15. Bakı Telefon Rabitəsi MMC tərəfindən verilən xx.xx.2022-ci il tarixli təhviltəslim aktından görünür ki, İddiaçı məxsus M.Ələkbərov küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə 444-377-89 telefon nömrəsi üçün xətt çəkilmişdir.

16. "xxxx" ASC tərəfindən verilən bildirişin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə müraciət əsasında "xxxx" ASC-yə münasibətdə istehlakçı X1 Nailə Əvəz qızı ilə dəyişdirilmişdir.

17. AKX-03182xx/xx-2021 saylı, xx.xx.2021-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında bağlanan qazın alğı-satqısı barədə müqavilənin surətindən görünür ki, “Azəriqaz” İB istehlakçı İddiaçı keyfiyyətli qazla təmin etməyi öhdəsinə götürmüşdür.

18. "xxxx" MMC tərəfindən verilən xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyinə görə fərdi yaşayış evi 28000 manat qiymətləndirilmilş, tikinti sahibi kimi İddiaçı göstərilmişdir.

19. "xxxx" ASC ilə Cavabdeh2 Məmməd qızı arasında bağlanan xx.xx.2021-ci il tarixli, 6334sİNSH/21 saylı müqavilə əsasında Cavabdeh2 Məmməd qızına 47 ay müddətinə illik 28 % olmaqla, 8100 manat məbləğində kredit verilmişdir.

20. “E Manat” ödəniş terminaldan olan qəbzlərdən görünür ki, “Azəriqaz” İB-nə ödənişlər xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində İddiaçı tərəfindən, "xxxx" ASC-yə isə xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2025-ci illərdə İddiaçı tərəfindən ödəniş edilmişdir .

21. İri şəhərlərin X13 PHŞ tərəfindən verilən ödəniş qəbzlərindən görünür ki, ünvan 2 ünvanındakı fərdi yaşayış evində sudan istifadə üçün xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərində abonent Cavabdeh1 tərəfindən ödənilmişdir.

22. Bakı şəhəri MKTD Binəqədi MKTB tərəfindən verilən məişət tullantılarının daşınması üçün xx.xx.2022, xx.xx.2022 və xx.xx.2024-cü il tarixli, qəbzlərə görə ödənişlər Cavabdeh1 tərəfindən ödənilmişdir.

Tətbiq edilən maddi hüquq normaları:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

24. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

25. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

26. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

27. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

28. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

29. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

30. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

31. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

32. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

33. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır;

34. 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir;

35. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir;

36. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

37. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

38. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

39. Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinin mənasından aydın olur ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. İkincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Göründüyü kimi Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etmişdir. Məhkəmənin mövqeyi:

40. İddia tələbləri üzrə tərəflər Cavabdeh2 ilə Cavabdeh1 keçmi ər-arvaddırlar. Onlar arasında xx.xx.2020-ci il tarixində bağlanmış nikah xx.xx.2025-ci il tarixində pozulmuşdur. İddiaçı isə Cavabdeh2 anası, Cavabdeh1 keçmiş qaynanasıdır. Hazırda İddiaçı iddia edir ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evini özünün və qızının bankdan götürdüyü vəsait hesabına özü üçün almışdır. Birləşən iş üzrə ididaçı Cavabdeh1 isə mübahisəli mənzilin birgə nikah dövründə və birgə vəsait hesabına alındığını iddia edir.

41. Məhkəmə mübahisənin xarakterini nəzərə alaraq hesab edir ki, hər iki iddia üzrə müqaisəli təhlil aparılmaqla, mübahisənin həllinə nail olmaq olar.

42. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025ci il tarixli qərardadında qeyd edilmişdir ki, məhkəmələr şəxsin marağının nədə ifadə olunduğunu, bu marağın qanunla qorunub-qorunmadığını, belə marağın bu və ya digər subyektiv hüququn icrası vasitəsilə müdafiəsinin mümkünlüyünü hər bir işin hallarından asılı olaraq müəyyən etməlidir. Həmçinin qanunla qorunan maraqların məhkəmə müdafiəsi hüququndan sui-istifadəyə yol verilməməli, real hüquqi əsaslar olmadan tələblərin irəli sürülməsi qanunsuz və əsassız üstünlüklərin əldə olunmasına gətirib çıxarmamalıdır. Odur ki, hər bir mübahisəyə hüquqi qiymət verilərkən maraqların ziddiyyəti, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması vasitəsilə, qanunvericilik normaları və hüququn ümumi və sahəvi prinsipləri nəzərə alınmaqla məhkəmələr tərəfindən həll olunmalıdır.

44. Bundan əlavə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

45. İşin faktiki halları ilə müəyyən edilir ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi isə qanunsuz tikili olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bununla belə, həmin yaşayış sahəsi bir iqtisadi dəyər kimi mövcuddur və şəxslərin mənzil ehtiyacını qarşılayır. Hansı ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. İşin müəyyən edilmiş faktiki halları baxımından məhkəmə o qənaətə gəlir ki, hazırda birləşdirilən iş üzrə iddia tələbinin hüquqi əsasını sahibliyin müdafiəsi və özbaşına tikililərin nəticəsi təşkil edir.

46. İlk olaraq İddiaçı mübahisəli fərdi yaşayış evini xx.xx.2021-ci il tarixli podrat müqaviləsi əsasında V.Xankişiyevadan 25500 manat nağd ödəniş etməklə almış olması, Cavabdeh2 evin alındığı ərəfələrdə "xxxx" ASC ilə arasında bağlanan xx.xx.2021-ci il tarixli, 6334sİNSH/21 saylı müqavilə əsasında 8100 manat məbləğində kredit götürməsi iş materialları ilə müəyyən edilir.

47. Birləşən iş üzrə ididaçı Cavabdeh1 isə mübahisəli mənzilin birgə nikah dövründə və birgə vəsait hesabına alındığını, təmir işlərinin öz vəsaiti hesabına aparıldığını iddia etməklə, mənzilə münasibətdə mülkiyyətçi kimi ondan istifadə və sahiblik hüquqlarının pozulduğunu iddia edir.

48. Bununla bağlı, məhkəmə qeyd edir ki, birgə nikah dövründə əldə edilmiş əmlakın ümumiliyi prezumpsiyasına görə əksi sübut edilməyincəyədək ər-arvadın nikah dövründə əldə etdikləri əmlaklar onların ümumi birgə mülkiyyəti hesab edilir. Halbuki iş materialları ilə müəyyən edilir ki, sözügedən fərdi yaşayış evi tərəflərin birgə nikahda olduqları dövrdə alınsa da birgə vəsaitləri hesabına alınmamışdır. Belə ki, fərdi yaşayış evinin 25500 manata cavabdehin anası tərəfindən alınmış olması tədqiq edilən müqavilə ilə öz təsdini tapır.

49. Digər tərəfdən məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilən şəxslərin (hansı ki, onlardan E.Məmmədov (qardaşı) və A.Məmmədova (anası) onun birinci dərəcəli qohumlarıdır) ifadələri ziddiyətli olaraq qəbul edilir. Belə ki, şahidlər fərdi yaşayış evinin alınma qiyməti, təmir vəziyyəti barədə ziddiyətli ifadələr vermişlər.

50. Mülki prosessual qanunvericiliyin sübutlar və sübut etmə qaydaları ilə bağlı normalarına əsasən təqdim olunan sübutlar işə baxan məhkəmə tərəfindən qiymətləndirilməlidir. Bu zaman işdə iştirak edən şəxslər həmin sübutlara etiraz etmək, onların mötəbər olmaması barədə dəlillər və əks-sübutlar təqdim etmək hüququna malikdirlər.

51. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X17 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68)

52. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X17 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyyən etmişdir.

53. Hazırki işdən görünür ki, ərizəçi öz iddiasını əsaslandıra, dəlillərini sübuta yetirə bilməmişdir.

54. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.

55. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPMnin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır.

56. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

57. Beləliklə, sübutetmə yükü daşıyan iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, birləşən iş üzrə iddiaçı Cavabdeh1 iddiası təmin edilməməlidir.

Tətbiq edilən prosessual normalar:

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

59. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

60. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

61. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə:

62. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı “mənzildən çıxarılma və köçürülmə” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsi ünvanında yerləşən ümumi sahəsi 69 kv.m olan, 01 mərtəbəli, 2 otaqlı (989 saylı) fərdi yaşayış evindən çıxarılmalı, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsi ünvanında yerləşən ümumi sahəsi 69 kv.m olan, 1 mərtəbəli, 2 otaqlı (989 saylı) ünvanındakı fərdi yaşayış evinə köçürülməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq, İddiaçı ödənilməli, iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı “mənzilə qanunsuz müdaxiləyə son qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.

63. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh1 qarşı “mənzildən çıxarılma və köçürülmə” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsi ünvanında yerləşən ümumi sahəsi 69 kv.m olan, 1 mərtəbəli, 2 otaqlı (989 saylı) fərdi yaşayış evindən çıxarılsın, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsi ünvanında yerləşən ümumi sahəsi 69 kv.m olan, 1 mərtəbəli, 2 otaqlı (989 saylı) fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq, İddiaçı ödənilsin. İddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı “mənzilə qanunsuz müdaxiləyə son qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar