Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4950/2024 09.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 29 sentyabr 2023-cü il tarixdə mediasiya qaydasında bağlanılmış “Barışıq Sazişi”nin təsdiq olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, yəni Ərizəçi Maraqlı şəxs qarşı “uşaqla görüş və cehiz əşyalarının evdən çıxarılması” tələbi barədə mediasiyaya müraciət etmişdir.13 saylı mediasiya prosesində tərtib olunan 29 sentyabr 2023-cü il tarixli barışıq sazişinə əsasən:
1. Tərəflər razılaşır ki, Maraqlı şəxs ünvan 1 ünvanında yerləşən mənzildən 3 ay müddətində özünə məxsus əşyaları çıxarsın.
2. Tərəflər razılaşır ki, Ərizəçi birgə nikahlarından dünyaya gələn övladları xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 ilə həftənin şənbə və bazar günləri ünsiyyətdə olacaq. Qeyd edilən şərtlərlə onlar barışıq sazişini imzaladıqdan növbəti ayın 1-dən 10-na kimi, yəni oktyabr ayından etibarən aralarında razılaşdırılmış şərtlərə əməl olunacağı barədə yazılı razılığa gəlmişlər. Maraqlı şəxs ilə arasında barışıq sazişinin olmasına baxmayaraq hələ də evdə olan cehiz əşyalarını gəlib evdən çıxarmamış, evi boşaltmamışdır. Belə olduqda maraqlı şəxs öz üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, o, maraqlı şəxs tərəfindən barışıq sazişində göstərilən şərtlərə əməl edilmədiyindən aralarında yaranmış mübahisənin məhkəmə qaydasında həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etməklə yanaşı, ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Ərizəçi barışıq sazişinin 2-ci şərtinin də maraqlı şəxs tərəfindən tam icra edilmədiyini, övladları ilə ünsiyyət hüququn maraqlı şəxs tərəfindən tam təmin edilmədiyini bildirmişdir. Məhkəmə iclası barədə Maraqlı şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəmənin əvvəlki baxış iclasında iştirak edərək, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin şərtini, yəni cehiz əmlakların mənzildən çıxarılması şərtini 10 gün müddətində yerinə yetirəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29 sentyabr 2023-cü il tarixli, MŞB/13/2023-01372 nömrəli Barışıq sazişindən görünür ki, Ərizəçi, Maraqlı şəxs və mediator X8 arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə tərəflər sazişi imzalamaqla “1. Tərəflər razılaşır ki, Maraqlı şəxs ünvan 1 ünvanında yerləşən mənzildən 3 ay müddətinə özünə məxsus əşyaları çıxarsın. 2. Tərəflər razılaşır ki, Ərizəçi birgə nikahlarından dünyaya gələn övladları xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 ilə həftənin şənbə və bazar günləri ünsiyyətdə olacaq.” barədə razılığa gəlmişlər. Göründüyü kimi Ərizəçi, Maraqlı şəxs və mediator X8 arasında mediasiya prosesi nəticəsində 29 sentyabr 2023-cü il tarixli MŞB/13/2023-01372 nömrəli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə tərəflər Maraqlı şəxs ünvan 1 ünvanında yerləşən mənzildən 3 ay müddətinə özünə məxsus əşyaları çıxarmasını və X5 birgə nikahlarından dünyaya gələn övladları xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 ilə həftənin şənbə və bazar günləri ünsiyyətdə olmasını razılaşdırmışlar. Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə görə məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə görə barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə baxışı zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında mediasiya prosesində bağlanmış barışıq sazişi bağlansa da, həmin saziş üzrə Maraqlı şəxs öz üzərinə götürdüyü ünvan 1 ünvanında yerləşən mənzildən 3 ay müddətinə özünə məxsus əşyaları çıxarması ilə bağlı öhdəliyini icra etmədiyinə görə Ərizəçi barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə mülki-prosessual qanunvericiliyin barışıq sazişinin təsdiq edilməsi ilə bağlı müvafiq tələblərinə əsaslanaraq belə qənaətə gəlir ki, barışıq sazişinin 1-ci bəndi aşağıdakı məzmunda təsdiq edilməlidir. Tərəflər razılaşır ki, Maraqlı şəxs ünvan 1 ünvanında yerləşən mənzildən 3 ay müddətində özünəməxsus əşyaları çıxarsın. Bununla yanaşı məhkəmə Barışıq Sazişinin 2-ci bəndi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin Məcəllənin “uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququ” başlıqlı 50-ci maddəsinə görə isə, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi barədə razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi, Maraqlı şəxs və mediator X8 arasında mediasiya prosesi nəticəsində bağlanmış 29 sentyabr 2023-cü il tarixli, MŞB/13/2023-01372 nömrəli Barışıq sazişin 2-ci bəndində olan şərt qeyri-müəyyən ifadə edildiyindən, görüş vaxtının günləri müəyyən edilsə də, saatları konkret olaraq göstərilmədiyindən, bunun özü gələcəkdə tərəflər arasında mübahisəyə səbəb olacağından və həmin sazişinin icrasında çətinliklər yaradacağından barışıq sazişi həmin hissədə təsdiq edilməməlidir. Beləliklə, ərizə qismən təmin edilməli, Ərizəçi, Maraqlı şəxs və mediator X8 arasında mediasiya prosesi nəticəsində 29 sentyabr 2023-cü il tarixli, MŞB/13/2023-01372 nömrəli Barışıq sazişi qismən təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə qismən təmin edilsin. Ərizəçi, Maraqlı şəxs və mediator X8 arasında mediasiya prosesi nəticəsində 29 sentyabr 2023-cü il tarixli, MŞB/13/2023-01372 nömrəli Barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin:
1. Tərəflər razılaşır ki, Maraqlı şəxs ünvan 1 ünvanında yerləşən mənzildən 3 ay müddətində özünə məxsus əşyaları çıxarsın. Barışıq sazişinin qalan hissədə təsdiq edilməsindən imtina edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Məmmədov