Məhkəmə qərarları › İş №2(001)-5025/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5025/2025

02.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5025/2025 02.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2 xx.xx.1993-cü il tarixində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda qeydiyyatda olmaqla yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M2 korpus 93, 66 ünvanında yerləşən ev mərhum atası Cabbar Əliyevdən miras qalmışdır. Həmin əmlaka dair Bakı şəhəri 14 saylı Notariat ofisində vərəsəlik işi açılması üçün müraciət edilmişdir. Tələb olunna sənədlərin siyahısında miras buraxan şəxsin, eyni zamanda mirası qəbul edən şəxsin valideynlərinin sənədləri vardır. Həmin vaxt məlum olmuşdur ki, mərhum anası X1 ölüm haqqında şəhadətnaməsi mövcud deyildir. Bununla bağlı müvafiq qeydiyyat şöbəsinə müraciət edilmişdir. Qeydiyyat orqanı tərəfindən xx.xx.2025-ci il tarixli arayış verilmiş, eyni zamanda həmin tarili məktubda göstərilmişdir ki, mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizə təmin edilməmiş, ölüm haqqında akt qeydi aşkar edilməmişdir. X4 1993-cü il tarixində vəfat etdiyindən onun barəsində ölüm haqqında tibbi şəhadətnamənin qeydiyyat orqanına təqdim edilməsi mümkün deyildir. Üstəlik qeydiyyat orqanının məktubunda qeyd edilmişdir ki, X1 ölməsinə dair ümumiyyətlə hər hansı qeyd aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin dəlillərinə uyğun izahat vermiş və iddanın təmin olunmasını, bununla bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ölüm haqqında şəhadətnamə ona mənzilə dair çıxarış almaq üçün lazımdır. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirmişdir ki, mərhum onun anasıdır.Anası uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkmişdir. Əməliyyatdan 4 ay sonra isə ölmüşdür. Anası ölən zaman evdə olmuşlar və təcili tibbi yardım çağırsalar da, yardım gələnə kimi anası vəfat etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edilməməsinin səbəbini isə iş yükünün çoxluğu ilə əlaqələndirməklə, nümayəndənin iştirakı olmadan iclasın keçirilməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, ərizəçi qardaşıdır. Mərhum isə anasıdır və 1993-cü ilin sentyabr ayında ölmüşdür. Ölüm səbəbi isə xərçəng xəstəsi olması idi. Anası ölən zaman özü evdə olmuş, mərhum Binəqədi qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşı, mərhum isə anasıdır. Anası 1993-cü ilin sentyabr ayında yaşadığı evdə ölmüşdür. Ölüm səbəbi isə xərçəng xəstəsi olması idi. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdam rayon VVAQ şöbəsi tərəfindən verilən АЗ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tariində Ağdam rayonunda doğulmuş, atası Cabbar Əliyev, anası Kifayət Əliyevadır. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X1 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama edilmiş və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda göstərilir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Anası adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin təmin edilməsi mümkün olmamışdır.” Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi“ X12 “Bakı şəhər Baş Səhiyyə Mərkəzi“ X12 35 nömrəli Şəhər Poliklinikası tərəfindən verilən arayışın mətnində göstərilir ki, X3 Bakı şəhəri, Binəqədi rayonu, 35 №-li şəhər poliklinikasına heç bir müraciəti olmadığına görə, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil. Bakı şəhəri Binəqədi rayonu Binqədi qəsəbə Bələdiyyəsi tərəfindən Ərizəçi ünvanlanna xx.xx.2025-ci il tarixli məktubda göstərilir: Qəbirstanlığın ərazisində baxış keçirilmiş, həqiqətən xx.xx.1993-cü il tarixdə Binəqədi qəsəbəsinin inzibati ərazisində yerləşən Kənd qəbirstanlığında X1 dəfni icra olunmuşdur. İddia tələbindən görünür ki, iddiaçının tələbinin hüquqi əsasını şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi təşkil edir. Belə ki, ərizəçi mərhum anasının ölümü ilə bağlı tibbi şəhadətnamənin əldə edilməsinin mümkünsüzlüyünə görə ölüm haqqında şəhadətnamə ala bilmir. Hansı ki, həmin şəhadətnamə ona sənədləşmə işlərinin aparılması üçün lazımdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, ölüm faktı müəyyən edilməsi xahiş edilən X4 Ərizəçi anasıdır. X1 xx.xx.1995-ci il tarixində ölməsi həm qəbir daşının üzərində olan tarixlə, həm də şahid ifadələri ilə müəyyən edilir. Belə ki, mərhumun ölümünün hansı şəraitdə baş verməsi ilə bağlı isə şahid ətraflı məlumat vermiş və məhkəmə həmin ifadəni mötəbər sübut kimi qəbul etmişdir. Odur ki, 27 avqust 1937-ci il təvəllüdlü X1 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində vəfat etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından və ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli olduğundan ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi anası 27 avqust 1937ci il təvəllüdlü X1 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizəsi təmin edilsin. 27 avqust 1937-ci il təvəllüdlü X1 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar