Məhkəmə qərarları › İş №2(001)-5118/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5118/2023

03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5118/2023 03.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə (MTK) qarşı mənzilin təhvil verilməsi və və s. tələbinə dair mülki işə 03 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin halları İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 01 noyabr 2017-ci il tarixli, 15 saylı alğı-satqı müqaviləsinə uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının “D” blokunda, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 121,5 kv.metr təşkil edən 3 otaqlı yaşayış sahəsinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, habelə, cavabdeh tərəfindən MTK binasında yaşayış sahəsinin verilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının qərarının ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində inşa edilən hüdürmərtəbəli yaşayış binasının “D” blokunda, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 121,5 kv.metr təşkil edən, 3 otaqdan ibarət yaşayış sahəsinin 145800 manat təşkil edən pay dəyərinin tam ödənilməsi və həmin yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsi barədə 01 noyabr 2017-ci il tarixində 15 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin gün yaşayış sahəsinin tam dəyəri olan 145800 manat pay haqqı iddiaçı tərəfindən cavabdehə ödənilmiş, cavabdehdən qalıq borcun olmaması barədə maliyyə arayışı əldə etmişdir. Müqavilənin 1.3-cü bəndində göstərilmişdir ki, tərəflər tikinti və təmir işlərinin aparılması üçün nəzərdə tutulmuş müddəti, binanın özül işlərinin başlanılmasından 36 ay olmasını qəbul edirlər. Həmin müddət 01 noyabr 2020-ci il tarixdə tamam olmu, bina tikilsə də, mənzil indiyədək iddiaçıya təhvil verilməmişdir. Eyni zamanda, yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı da cavabdeh tərəfindən iddiaçıya verilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirərək, əlavə olaraq izahatında göstərdi ki, mənzilin iddiaçıya təhvil verilməsi kooperativin üzvlərinin ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarla baş tutur. Buna görə də, o, iddia tələbində mənzilin iddiaçıya təhvil verilməsi ilə yanaşı, sözügedən qərarın da verilməsini göstərmişdir. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: - Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 01 noyabr 2017-ci il tarixli, 15 nömrəli müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının “D” blokunda, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 121,5 kv.metr təşkil edən 3 otaqdan ibarət yaşayış sahəsinin 145800 manat təşkil edən pay dəyərini tam ödəyir və həmin yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edir. 1.2-ci bəndində göstərilmişdir ki, “Kooperativ” pay haqqı tam ödənilmiş yaşayış sahəsinə dair hüquqmüəyyənedici bütün sənədləri, o cümlədən də maliyyə arayışını “Payçı”ya təqdim edir. 1.3-cü bənddə göstərilmişdir ki, tərəflər tikinti və təmir işlərinin aparılması üçün nəzərdə tutulmuş müddəti, binanın özül işlərinə başlanmasından hesablanmaqla 36 ay olmasını qəbul edirlər. - Cavabdeh MTK tərəfindən verilmiş 01 noyabr 2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı yuxarıdakı müqavilədə göstərilən yaşayış sahəsinin 145800 manat təşkil edən pay dəyərini tam olaraq Cavabdeh MTK-ya ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Maddə 427.3.Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşin faktiki halları və təqdim edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı ilə cavabdeh «Mahal” MTK arasında xx.xx.2017-ci il tarixdə müqavilə bağlanmış və bununla da onlar arasında öhdəlik münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh «Mahal” MTK tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının “D” blokunda, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 121,5 kv.metr təşkil edən 3 otaqdan ibarət yaşayış sahəsinin dəyəri iddiaçı tərəfindən tam ödənildikdən sonra həmin mənzil ona təhvil verilməlidir. İddiaçı mənzilin müqavilədə razılaşdırılmış dəyərini tam olaraq cavabdehə ödəmişdir. Cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmək vəzifəsini yerinə yetirmir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı bu iddiası həmin mənzilin ona təhvil verilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin digər, yəni kooperativ üzvlərinin yığıncağının qərarının iddiaçıya təhvil verilməsi hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, belə qərarın hazırda mövcud olması iş üzrə müəyyən edilmədiyindən tələb bu hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının “D” blokunda, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 121,5 kv.metr təşkil edən 3 otaqdan ibarət yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının “D” blokunda, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 121,5 kv.metr təşkil edən 3 otaqdan ibarət yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun əvəzi kimi 70 manat məbləğində pul vəsaiti Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar