Məhkəmə qərarları › İş №2(103)-1802/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1802/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1802/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdeh3 nümayəndəsi X7 oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(011)-3082/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları xx.xx.2006-ci il tarixdə Cavabdeh3 ilə Cavabdeh1 MMC arasında ünvan 1 ünvanda 14 mərtəbəli yaşayış evinin 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 86,7 kv.m olan 49 nömrəli mənzilin Cavabdeh3 satılması ilə bağlı müqavilə imzalanmışdır. xx.xx.2008-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanda olan yaşayış evinin 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 86,7 kv.m olan ikiotaqlı, 49 nömrəli mənzilin 22100 manat dəyəri payçı Cavabdeh3 tərəfindən ödənilmişdir. xx.xx.2011-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 MMC arasında ünvan 1 ünvanda 16 mərtəbəli yaşayış evinin 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,7 kv.m olan 49 nömrəli mənzilin İddiaçı satılması ilə bağlı 373 saylı müqavilə imzalanmışdır. xx.xx.2011-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanda olan yaşayış evinin 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,7 kv.m olan üçotaqlı, 49 nömrəli mənzilin 35580 manat dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir. Hazırda İddiaçı Cavabdeh3 yaşadığı mənzili tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 MMC-yə qarşı 25 iyun 2011-ci il tarixdə Cavabdeh1 MMC ilə aralarında bağlanmış 372 və 373 №li müqavilələr üzrə öhdəliyin tam icra edilməsi və müqavilələr üzrə qeyd edilən mənzillərin iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda inşa olunmuş yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Cavabdeh təşkilatla aralarında 25 iyun 2011-ci il tarixli 373 və 372 №li müqavilə bağlanmışdır. Bağlanmış müqavilələrdən biri oğlu X5 digər müqavilə isə öz adına bağlanmışdır. Aralarında bağlanmış 372 №li müqaviləyə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 126 saylı sərəncamı ilə ünvan 3 ünvanda 16 mərtəbəli yaşayış evinin 7-ci mərtəbə, ümumi sahəsi 71,6 kv.m olan 2-ci blok 48№li 2 otaqdan ibarət mənzili 26.420 (iyirmi altı min dördü yüz iyirmi) manata almışdır. Digər 373 №li müqaviləyə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 126 saylı sərəncamı ilə ünvan 3 ünvanda 16 mərtəbəli yaşayış evinin 7-ci mərtəbə, ümumi sahəsi 96,7 kv.m olan 2-ci blok 49 №li 3 otaqdan ibarət olan mənzili 35.580 (otuz beş min beş yüz səksən) manata almışdır. 25 iyun 2011-ci il tarixdə şirkətlə aralarında bağlanmış müqavilə üzrə öhdəliyin tam icra edilməsi, müqavilə üzrə qeyd edilən mənzillərin iddiaçıya təhvil verilməsi barədə cavabdeh şirkətə dəfələrlə müraciət edilsə də, şirkət tərəfindən heç bir tədbir görülməmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 MMC arasında ünvan 1 ünvanda 16 mərtəbəli yaşayış evinin 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,7 kv.m olan 49 nömrəli mənzilin İddiaçı satılması ilə bağlı 373 saylı müqavilə icra olunması və müqavilə üzrə qeyd edilən mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisəli mənzilin faktiki sahibi Cavabdeh3 cavabdeh qismində cəlb edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(011)- 3082/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1 MMC və Cavabdeh3 qarşı “İddiaçı ilə Cavabdeh1 MMC arasında ünvan 1 ünvanda 16 mərtəbəli yaşayış evinin 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,7 kv.m olan 49 nömrəli mənzilin İddiaçı satılması ilə bağlı 373 saylı müqavilənin icra olunması və mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, mübahisə edilən mənzilin iddiaçıya məxsus olduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, ünvan 1 ünvanda yerləşən yaşayış evinin 7-ci mərtəbəsindəki 49 nömrəli mənzil ilkin olaraq, 2006cı ildə Cavabdeh3 satılmış, cavabdeh 2008-ci ildə mənzilin dəyərini tam olaraq ödəmiş və mənzili təmir edərək 2012-ci ildən həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı ilə Cavabdeh1 MMC arasında mübahisəli mənzilə dair müqavilə bağlanılan zaman mənzil artıq Cavabdeh3 satılmış, sonuncu mənzilin dəyərini ödəmişdir. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilədə və Cavabdeh3 ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2006-cı il tarixli müqavilədə mənzillərin sahəsi və binanın mərtəbələrin sayı fərqli göstərilsə də, iddiaçı tərəf mübahisəli mənzilin məhz cavabdeh X1 olan mənzil olduğu təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, 157.8; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edlməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini iddia tələbinin dəlilləri ilə əsaslandırmaqla yanaşı bildirmişdir ki, qanunla qorunan mülkiyyət hüququ tapdalanmış, ona maddi və mənəvi zərər vurulmuşdur. Özünə məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqları əlindən alınmışdır. Cavabdeh isə özünə aid olmayan evi ələ keçirtmiş və əslində evin sahibi olaraq iddiaçı öz evindən çıxarılmışdır. Digər tərəfdən birinci instansiya məhkəməsi şahidləri dindirməkdən boyun qaçırtmışdır. Eyni zamanda birinci instansiya məhkəməsi aydınlaşdırmamışdır ki, mübahisələndirilən ev əslində kimindir. Qeyd edilməlidir ki, mübahisəli ev - ona (iddiaçıya) məxsusdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər cavabdeh öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə - tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilmiş dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarından görünür ki, xx.xx.2006-ci il tarixdə Cavabdeh3 ilə Cavabdeh1 MMC arasında ünvan 1 ünvanda 14 mərtəbəli yaşayış evinin 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 86,7 kv.m olan 49 nömrəli mənzilin Cavabdeh3 satılması ilə bağlı müqavilə imzalanmışdır. xx.xx.2008-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanda olan yaşayış evinin 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 86,7 kv.m olan ikiotaqlı, 49 nömrəli mənzilin 22100 manat dəyəri payçı Cavabdeh3 tərəfindən ödənilmişdir. Həmçinin iş materiallarından görünür ki, xx.xx.2011-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 MMC arasında ünvan 1 ünvanda 16 mərtəbəli yaşayış evinin 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,7 kv.m olan 49 nömrəli mənzilin İddiaçı satılması ilə bağlı 373 saylı müqavilə imzalanmışdır. xx.xx.2011-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanda olan yaşayış evinin 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,7 kv.m olan üçotaqlı, 49 nömrəli mənzilin 35580 manat dəyəri payçı İddiaçı oğlu tərəfindən ödənilmişdir. İş materiallarından daha sonra görünür ki, iddiaçı Cavabdeh1 MMC-yə qarşı 25 iyun 2011-ci il tarixdə Cavabdeh1 MMC ilə aralarında bağlanmış 372 və 373 №li müqavilələr üzrə öhdəliyin tam icra edilməsi və müqavilələr üzrə qeyd edilən mənzillərin iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etsə də, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 373 saylı müqavilə üzrə İddiaçı ilə Cavabdeh1 MMC arasında ünvan 1 ünvanda 16 mərtəbəli yaşayış evinin 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,7 kv.m olan 49 nömrəli mənzilin ona təhvil verilməli olmasını iddia etmişdir. İddiaçının istinad etdiyi xx.xx.2011-ci il tarixli 373 saylı müqavilə ilə Cavabdeh3 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2006-ci il tarixli müqavilədəki mənzil və otaq sahələri, binanın mərtəbələrinin sayı fərqli olsa da, məhkəmə kollegiyası hesab edir ki, iş materialları ilə, eləcə də birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxış zamanı hər iki müqavilənin eyni mənzilə aid olması müəyyən edildiyindən (məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf mübahisəli mənzilin məhz cavabdeh X1 olan mənzil olduğu təsdiq etmişdir) mənzilin sahələrində fərqin olması iş üzrə heç bir əhəmiyyət kəsb etmir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi yerində müayinə nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən yaşayış evinin 7-ci mərtəbəsindəki 49 nömrəli mənzil təmir olunmuş və zəruri avadanlıq, mebel ilə təchiz edilmiş vəziyyətdə olmaqla Cavabdeh3 həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı ilə Cavabdeh1 MMC arasında mübahisəli mənzilə dair müqavilə bağlanılan zaman mənzil artıq Cavabdeh3 satılmış, sonuncu mənzilin dəyərini ödəmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, mübahisə edilən mənzilin iddiaçıya məxsus olduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmasına dair nəticəsi ilə razılaşmaqla yanaşı qeyd etməyi də zəruri sayır ki, hazırkı mülki işin faktiki halları baxımından da MM-452.1-ci maddəsinin təhlilindən aydın olur ki, həmin normada mülki dövriyyədə azad şəkildə, hər hansı maneəsiz və tam sərbəst özgəninkiləşdirilə bilən əşyalardan, yəni əşyanın özünün verilməsi ilə həmin əşyaya mülkiyyətin də eyni vaxtda verilməsindən bəhs edilir. Kollegiya qeyd edir ki, mülki hüquq münasibətlərində fərdi müəyyən əşya ilə bağlı bir neçə razılaşmanın olması istisna edilmir. Belə yanaşma Mülki Məcəllənin 452.1-ci maddəsinin məzmunundan irəli gəlir – hansı ki, həmin normanın mənasına görə, fərdi müəyyən əşyanın digər şəxsin mülkiyyətinə və ya əvəzli istifadəsinə verilməsi barədə bir neçə etibarlı müqavilənin olması istisna deyil və qanunverici belə halda əşyanın hansı kreditora verilməsi qaydasını da tənzimləyir. Etibarlı müqavilə isə hüquqi nəticə, yəni hüquq və öhdəliklər yaradır. Başqa sözlə, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin ödəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək (Mülki Məcələ, maddə 435) və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək (Mülki Məcəllə maddə 443.1 və 452.2) hüquqları vardır. Hazırki işdə müəyyən olunan odur ki, mübahisəsi gedən mənzillə bağlı iddiaçıdan əvvəl Cavabdeh3 ilə müqavilə bağlanmış, iddiaçının özünün bildirdiyinə görə mənzil ondan əvvəl cavabdehə verilmişdir. Göründüyü kimi mübahisə edilən mənzilin iddiaçıya məxsus olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Lakin kollegiya qeyd edir ki, iddiaçının ayrı icranı qəbul etmək və ya ona dəymiş zərərin əvəzinin ödənilməsini Cavabdeh1 MMC- dən tələb etmək imkanından məhrum etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mülkiyyətçi kimi apelyatorun qanunla tanınan hüquqlarının pozulmasına dair dəlilləri ilə bağlı qeyd edir ki, qanunvericiliyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilməsi təsbit edilsə də, hazırki işdə isə mübahisə edilən mənzilin iddiaçının mülkiyyətində olması müəyyən edilməmiş, iddiaçı tərəfindən bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Halbuki, iddiaçı mübahisə edilən mənzilin mülkiyyətçisi olmasını təsdiq edən sübutları təqdim etməsi vəzifəsi onun üzərinə düşür. Çünki qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(011)- 3082/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar