Məhkəmə qərarları › İş №2(007)-1526/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1526/2025

11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1526/2025 11.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kirayə haqqı” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kirayə haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi və kirayə haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 17 noyabr 2016-cı il tarixli müqavilə üzrə təmirli mənzilin iddiaçıya təhvil verilməsi və mənzil təhvil verilənə qədər ödənilməmiş kirayə haqlarının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 17 noyabr 2016-cı il tarixli müqavilə üzrə kirayə haqqı olaraq ödəniləcək 53 ay x 250=13250 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia ərizənin əsaslandırıldığı hallar:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İnşaat Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 5 mərtəbəli, 92 məzilli yaşayış binasının sökülməsini və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş binada mülkiyyət hüquqları ona məxsus mənzilin mərtəbə səviyyəsinə uyğun olaraq 52.0 kv.metr təmirli mənzilin verilməsini öhdəsinə götürməsinə dair 17 noyabr 2016-cı il tarixli müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Mülkiyyətçi qeyd edilən müqaviləyə əsasən, mülkiyyətində olan mənzili (Şərifzadə küçəsi 33, m.36) söküntü üçün Cəmiyyətə təhvil verməyi, sözügedən müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür..." (müqavilənin 1.1 və 1.2-ci bəndləri) Tərəflər arasında bağlanmış bu müqavilənin 2.1.2-ci bəndində yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 1 otaqlı mənzil üçün aylıq 250 (iki yüz əlli) manat kirayə haqqını və müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun şəkildə mənzili tələb etmək (müqavilənin 2.1.2-ci və 2.1.5-ci yarımbəndləri "xxxx") Həmin müqaviləndin 2.2.2-ci bəndində isə MMC müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin rübün 5-ci ayında “Mülkiyətçi”-yə ödənilməsini təmin etmək vəzifəsini öhdəsinə götürmüşdür. "MMCnin vəzifəsi hissəsi" Cəmiyyət müqavilə bağlandığı andan 17 noyabr 2016-cı il tarixdən 2020-ci ilin noyabr ayına qədər öz öhdəliklərinə sadiq qalmış və müvafiq aylar üzrə 250 manat məbləğində pul vəsaitinin ona ödənilməsini təmin etmişdir. Lakin təəssüflər olsun ki, MMC 2020-ci ilin dekabr ayı da daxil olmaqla dörd il iki aydır ki, ona heç bir ödəniş etməmişdir, (hesabdan çıxarış əlavə olunur). Hər dəfə də müxtəlif bəhanələr gətirərək aylıq kirayədən qalan ödənişləri birdəfəlik ödəyəcəyinə söz versələr də öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən imtina etmişlər. Artıq müqavilədə göstərilən çoxmərtəbəli yaşayış binasının tikintisi tam başa çatmış, ancaq MMC onunla bağladığı müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə Cəmiyyətin əməkdaşları ilə əlaqə saxlamağına və öz narazıçılığını bildirməyinə baxmayaraq, onlar tərəfindən hər hansı müsbət hərəkətlər icra edilməmişdir. Bunlar kifayət deyilmiş kimi, əlavə olaraq tikinti işlərinin başa çatdığını və onun yeni tikilən yaşayış binasındakı həmin (müqavilədə razılaşdırılmış) mənzil üzərində heç bir hüququnun olmadığını bildirərək, müqavilənin şərtlərinə uyğun olmayan danışıqlar aparmışlar. Odur ki, Cəmiyyət tərəfindən qeyd edilən nüanslarla (müqavilədən irəli gələn öhdəliklərin pozulmasıyla) əlaqədar şəxsinə hər bir il üçün 3 (üç) min manat olmaqla, ümumilikdə 12000 manat məbləğində zərər vurulmuş, əlavə olaraq müqavilənin məqsədi baxımından, onun şərtlərinə müvafiq arzuolunan yeni mənzil təhvil verilməmişdir (öhdəlik icra edilməmişdir).

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verdi və bildirdi ki, 2020-ci ildən bu günə kimi kirayə haqqı ödəməyiblər. Müqavilədə qeyd oluna mənzili də təhvil verməyiblər. Odur ki, 13250 manat kirayə pulun "xxxx" MMC-dən tutulub ona ödənilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil bildirdi ki, iddia tələbini qəbul etmirlər.

İş materialları:

6. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 17 noyabr 2016-cı il tarixli müqaviləyə əsasən "xxxx" MMC ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 5 mərtəbəli, 92 mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "xxxx"nin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə əlavə edilməklə 52 kv metr təmirli mənzili "xxxx"nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.

7. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən, mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzilin söküntüsü üçün MMC-yə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. 2.1.2-ci bəndinə əsasən, yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 1 otaqlı mənzil üçün aylıq 250 manat kirayə tələb etmək mülkiyyətçinin hüququdur. 2.2.5-ci bəndinə əsasən, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 16 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil verməyi MMC öhdəsinə götürmüşdür.

8. 019382 nömrəli müharibə veteranı vəsiqəsinin surətindən görünür ki, İddiaçı müharibı veteranıdır.

İşin faktiki halları:

9. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 17 noyabr 2016-cı il tarixli müqaviləyə əsasən "xxxx" MMC ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 5 mərtəbəli, 92 mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "xxxx"nin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə əlavə edilməklə 52 kv.metr təmirli mənzili "xxxx"nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. MMC yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 16 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən "xxxx" MMC yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə İddiaçı 250 manat kirayə haqqı verməyi öhdəsinə götürmüşdür. Lakin 2020-ci ilin dekabr ayından MMC İddiaçı kirayə haqqını ödəməmişdir. Bununla da iddiaçı qeyd olunan müqavilə üzrə öz öhdəliklərini tam şəkildə yerinə yetirsə də, cavabdeh öz öhdəliklərinə əməl etməmişdir. Hazırda iddiaçı cavabdeh "xxxx" MMC-dən 13250 manat kirayə haqqının alınıb ona verilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Məhkəmənin mövqeyi:

11. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

12. Qeyd olunanlarla müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən 17 noyabr 2016-cı il tarixli müqavilə bağlanmış, müqavilənin şərtləri müəyyən edilmiş, tərəflər bununla üzərlərinə müvafiq öhdəliklər götürmüşlər.

13. Hazırda baxılan mülki iş üzrə iddianın predmeti "xxxx" MMC-nin 17 noyabr 2016cı il tarixli müqavilə üzrə kirayə haqqı olaraq ödəniləcək 13250 manat pulun tutularaq İddiaçı ödənilməsidir.

14. İş materiallarına əlavə olunmuş 17 noyabr 2016-cı il tarixli müqavilədən görünür ki, "xxxx" MMC İddiaçı hər ay 250 manat kirayə haqqı verməyi öhdəsinə götürmüşdü. Cavabdeh tərəfindən kirayə haqqının 2020-ci ilin noyabr ayı da daxil olmaqla ona ödənilməsini iddiaçı etiraf edir. Lakin, daha sonra MMC tərəfindən ona ödəniş olmamışdır. İddiaçı hesabdan çıxarışı məhkməyə təqdim etmişdir.

15. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli "xxxx" MMC-dən (53x250=13250) 13250 manat kirayə haqqı tutulub İddiaçı ödənilməlidir.

Məhkəmə baxışının hədləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.

Məhkəmə xərcləri:

18. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən məhkəmə xərclərinə aid olan 129,75 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Nəticə:

19. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 13250 manat kirayə haqqı tutulub iddiaçıya verilməlidir.

20. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 13250 manat kirayə haqqı tutulub İddiaçı verilsin. Məhkəmə xərclərinə aid olan 129,75 manat dövlət rüsumu cavabdeh "xxxx" MMCdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar