Məhkəmə qərarları › İş №2(007)-695/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-695/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-695/2025 03.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin tam təmirli şəkildə təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin tam təmirli şəkildə təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında bağlanan xx.xx.2018-ci il tarixli müqavilənin 2.1.1-ci maddəsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona 57 ayın kirayə haqqı üçün ödəməli olduğu 45600 manatın cavabdehdən tutularaq ona ödənilməsi və müqavilənin 1.1-ci maddəsinə əsasən sahəsi 200 kv.m olan mənzilin tam təmir şəkildə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “İnşaat Konstruksiyaları" MMC (VÖEN **********) ilə İddiaçı arasında bağlanan xx.xx.2018-ci il tarixli müqavilənin 2.1.1-ci maddəsinə müvafiq olaraq, 2020-ci ilin iyun və noyabr ayları, 2021-ci ilin fevral, mart, aprel, iyun, oktyabr, noyabr və dekabr ayları, həmçinin 2022-ci ilin 12 ayı, 2023-cü ilin 12 ayı və 2024-cü ilin 12 ayı, ümumi müddət 45 ay olmaqla, hər bir ay üçün isə 800 (səkkiz yüz) manat hesablanmaqla, kirayə haqqı üçün ümumilikdə 36000 (otuz altı min) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə və müqavilənin 1.1-ci maddəsinə əsasən, sahəsi 200 kv.m olan mənzilin tam təmirli şəkildə İddiaçı təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “İnşaat Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanan 25 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən hər ay üçün 800 (səkkiz yüz) manat hesablanmaqla, kirayə haqqı ümumilikdə 36000 (otuz altı min) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə və blok 1, mərtəbə 5, mənzil A-8 (59.00 m2), A-9 (99.20 m2), A-10 (112.20 m2) ümumi sahəsi 270.40 kv.m olan mənzilin İddiaçı təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizənin əsaslandırıldığı hallar:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “İnşaat Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) ilə aralarında bağlanan xx.xx.2018-ci il tarixli müqavilədə qeyd edildiyi kimi cavabdeh şirkət Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 11 sentyabr 2017-ci il tarixli 245 saylı sərəncamına əsasən, ona məxsus Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi (keçmiş Axundov küçəsi), ev 2-də yerləşən 9 saylı mənzilin istismar müddətinin başa çatması və qəzalı vəziyyətdə olması səbəbi ilə mənzilin sökülməsi və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, onun söküntüsü nəzərdə tutulmuş mənzilinin faktiki ölçülmüş sahəsi üzrə 135 kv.m əvəzinə, sahəsi 200 kv.m olan mənzilin verilməsi nəzərdə tutulmuşdur. Bildirir ki, ona məxsus mənzil qeyri-yaşayış obyekti olduğu üçün onun əvəzinə sahəsi 135 kv.m yox, 200 kv.m olan mənzilin verilməsi nəzərdə tutulmuşdur. O, müqavilə üzrə öz öhdəliyini yerinə yetirərək ona məxsus Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, ev 2-də yerləşən 9 saylı mənzili cavabdeh şirkətə təhvil vermişdir. Müqavilənin 2.1.1-ci maddəsinə əsasən, yeni tikilmiş binada mənzil verilənə qədər onun və ailənin 3 otaqlı mənzildə yaşaması üçün aylıq kirayə haqqı olaraq 800 (səkkiz yüz) manat ödənilməsi nəzərdə tutulmuşdur. Lakin “İnşaat Konstruksiyaları" MMC (VÖEN **********) ona müəyyən aylarda ödəniş etmişdir. Hesabdan çıxarış məhkəməyə təqdim edilir. Belə ki, müqavilənin 2.2.3-cü maddəsinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərinin 18- 24 ay müddətinə başa çatdırılacağı və mülkiyyətçiyə mənzilin tam təmir edilib veriləcəyi barədə razılığa gəlinmişdir. “İnşaat Konstruksiyaları" MMC müqavilədə qeyd edilən öhdəlikləri pozaraq nə onun mülkiyyətçi olaraq kirayə haqqını vaxtında və tam şəkildə ödəmişdir, nə də ki müqavilədə nəzərdə tutulan müddətdə mənzili ona tam təmir edib, təhvil vermişdir. "xxxx" MMC onun mülkiyyətçi olaraq hüquqlarını pozmuşdur. Belə ki o, məsələ ilə bağlı “İnşaat Konstruksiyaları" MMC-yə dəfələrlə müraciət etmiş, lakin şirkət onları davamlı şəkildə bəhanələrlə yubadıb. Şirkət nə borclu olduğu kirayə haqqını ümumilikdə 57 ay üçün 45600 manatı ödəmir, nə də mənzili təhvil vermir. Müqavilədə mənzilin verilməsi üçün nəzərdə tutulan 18-24 aylıq müddət isə 2020-ci ildə bitmişdir. 4 ildən çoxdur ki, cavabdehin öz üzərinə götürdüyü müqavilə öddəhiliklərini yerinə yetirməsini gözləyirlər. Belə ki, bununla bağlı Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmiş və İcra Hakimiyyətinin ona vermiş olduğu 2024-cü il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, “İnşaat Konstruksiyaları" MMC-yə verilmiş xx.xx.2020ci il tarixli “Tikintiyə icazə sənədi və razılaşdırılmış layihə sənədləri əsasında şəhərsalma, tikinti qanunvericiliyinin, tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq çoxmənzilli binaların tikinti-quraşdırma işləri davam etdirilir. Lakin müqaviləyə əsasən, 2020-ci ildə artıq mənzil ona təhvil verilməli idi. Yazıb bildirmək istəyir ki, mənzilini cavabdehə təhvil verən vaxtdan bu günə qədər 8 nəfərlik ailəsi ilə birlikdə kirayədə yaşayır. Kirayə haqqını özü ödəyir. Özü müharibə veteranıdır. "xxxx" MMC-nin qanunsuz əməlindən təkcə Xətai Rayon İcra Hakimiyyətinə deyil, Bakı Şəhər İcra Hakimiyyətinə, AR DİN-ə, Prezident Administrasiyasına, həmçinin X1 və AR FHN və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmiş, lakin hələ də bir nəticə əldə edə bilməmişdir. "xxxx" MMC ona 45600 (qırx beş min altı yüz) manat kirayə haqqı ödəməlidir. Nizami Rayon Məhkəməsinə müraciət etməkdə məqsədi "xxxx" MMC-nin ona borclu olduğu 45600 (qırx beş min altı yüz) manatın ona ödənilməsi və bağlanan müqaviləyə əsasən sahəsi 200 kv.m olan mənzilin ona tam təmirli şəkildə təhvil verilməsi ilə bağlıdır.

Tərəflərin izahatları:

5. İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

9. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

10. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********18-05101-093006 reyestr nömrəli texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsi, bina 2, 9 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır.

11. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 15 fevral 2018-cı il tarixli müqaviləyə əsasən Xətai rayon İcra hakimiyyətinin 11 sentyabr 2017-ci il tarixli 245 saylı sərəncamına əsasən "xxxx" MMC-nin Xətai rayonu, Mehdi Mehdizadə küçəsi ev 2 mənzil 9-da yerləşən, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan “Mülkiyyətçi”-yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”-nin söküntüsü nəzərdə tutulmuş mənzilinin faktiki ölçülmüş sahə üzrə 135 m2 əvəzinə, sahəsi 200 m2 olan mənzili “Mülkiyyətçi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. 1.1 “Mülkiyyətçi” bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün "xxxx" MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada tikilmiş mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilələrin: 2.1.1 bəndinə əsasən, yeni tikilmiş binada “Mülkiyətçi”nin mənzili təhvil verilənədək müvəqqəti yaşayış məqsədi ilə 3 otaqlı mənzil üçün aylıq 800 (səkkiz yüz) manat kirayə haqqını tələb etmək. 2.1.2 bəndinə əsasən, söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılması tarixinədək olan kommunal borclarını tam ödəmək şərti ilə müvafiq arayışları "xxxx" MMC-yə təhvil verilməsini təmin etmək; Mənzili tam boşaldılaraq, yüklü olmaması haqda arayış təqdim etmək şərti ilə "xxxx" MMC-yə təhvil vermək. 2.1.3 bəndinə əsasən, müqavilədə göstərilən müddətdə "xxxx" MMC-dən müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun şəkildə mənzilini tələb etmək. 2.2.1. bəndinə əsasən, yaşayış üçün təhlükəli olan mövcud binadakı mənzildən “Mülkiyətçi”nin müvəqqəti yaşayış yerinə köçürülməsi üçün “Mülkiyətçiyə” 300(üç yüz) manat məbləğində vəsait ödəmək. 2.2.3-cü bəndinə əsasən, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tiknti işlərini 18-24 ay müddətində başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətiyə” mənzilini tam təmir edib təhvil verilməsini öhdəsinə götürmüşdür.

12. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 227 manat dövlət rüsumu ödəmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3965/2024 nömrəli, 11 dekabr 2024-cü il tarixli qərardadı ilə ödənilmiş 227 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmışdır.

13. 24061 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvüdür.

14. Bank hesabından çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən 2020-ci ilin iyun və noyabr ayları, 2021-ci ilin fevral, mart, aprel, iyun, oktyabr, noyabr və dekabr ayları, həmçinin 2022-ci ilin 12 ayı, 2023-cü ilin 12 ayı və 2024-cü ilin 12 ayı, hər ay üçün 800 manat kirayə haqqı olmaqla 45 ay üçün ümumilikdə 36000 manat kirayə haqqı ödənilməmişdir.

15. Müqavilədə dəyişikliklər edilməsi barədə 25 yanvar 2025-ci il tarixli sazişin surətindən görünür ki, blok 1, mərtəbə 5, mənzil A-8 (59.00 m2), A-9 (99.20 m2), A-10 (112.20 m2) ümumi sahəsi 270.40 kv.m olan mənzilin İddiaçı təhvil verilməsi nəzərdə tutulmuşdur.

İşin faktiki halları:

16. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 15 fevral 2018-cı il tarixli müqaviləyə əsasən Xətai rayon İcra hakimiyyətinin 11 sentyabr 2017-ci il tarixli 245 saylı sərəncamına əsasən "xxxx" MMC-nin Xətai rayonu, Mehdi Mehdizadə küçəsi ev 2 mənzil 9-da yerləşən, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan “Mülkiyyətçi”-yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”-nin söküntüsü nəzərdə tutulmuş mənzilinin faktiki ölçülmüş sahə üzrə 135 m2 əvəzinə, sahəsi 200 m2 olan mənzili “Mülkiyyətçi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilədə dəyişikliklər edilməsi barədə 25 yanvar 2025-ci il tarixli sazişin surətindən görünür ki, blok 1, mərtəbə 5, mənzil A-8 (59.00 m2), A-9 (99.20 m2), A-10 (112.20 m2) ümumi sahəsi 270.40 kv.m olan mənzilin İddiaçı təhvil verilməsi nəzərdə tutulmuşdur. Hazırda iddiaçı “İnşaat Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanan 25 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən hər ay üçün 800 (səkkiz yüz) manat hesablanmaqla, kirayə haqqı ümumilikdə 36000 (otuz altı min) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsini və blok 1, mərtəbə 5, mənzil A-8 (59.00 m2), A-9 (99.20 m2), A-10 (112.20 m2) ümumi sahəsi 270.40 kv.m olan mənzilin İddiaçı təhvil verilməsini xahiş edir. Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin və müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

20. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır.

21. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 15 fevral 2018-cı il tarixli müqaviləyə əsasən Xətai rayon İcra hakimiyyətinin 11 sentyabr 2017-ci il tarixli 245 saylı sərəncamına əsasən "xxxx" MMC-nin Xətai rayonu, Mehdi Mehdizadə küçəsi ev 2 mənzil 9-da yerləşən, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan “Mülkiyyətçi”-yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”-nin söküntüsü nəzərdə tutulmuş mənzilinin faktiki ölçülmüş sahə üzrə 135 m2 əvəzinə, sahəsi 200 m2 olan mənzili “Mülkiyyətçi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilədə dəyişikliklər edilməsi barədə 25 yanvar 2025-ci il tarixli sazişin surətindən görünür ki, blok 1, mərtəbə 5, mənzil A-8 (59.00 m2), A-9 (99.20 m2), A-10 (112.20 m2) ümumi sahəsi 270.40 kv.m olan təmirsiz mənzilin İddiaçı təhvil verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi tərəflər arasında müqavilə bağlanılmaqla hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyə əməl etsə də cavabdeh tərəfindən buna əməl edilməmişdir. Belə ki, cavabdeh müqavilədə nəzərdə tutulan mənzili iddiaçıya təhvil verməmiş, müqavilə şərtlərini pozmuşdur. Bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, blok 1, mərtəbə 5, mənzil A-8 (59.00 m2), A-9 (99.20 m2), A-10 (112.20 m2) ümumi sahəsi 270.40 kv.m olan təmirsiz mənzil İddiaçı təhvil verilməlidir.

22. Bununla yanaşı, məhkəməyə təqdim olunan bank hesabından çıxarışdan görünür ki, 2020-ci ilin iyun və noyabr ayları, 2021-ci ilin fevral, mart, aprel, iyun, oktyabr, noyabr və dekabr ayları, həmçinin 2022-ci ilin 12 ayı, 2023-cü ilin 12 ayı və 2024-cü ilin 12 ayı hər ay 800 manat kirayə haqqı olmaqla ümumilikdə 36000 manat kirayə haqqı İddiaçı ödənilməmişdir. Beləliklə, məhkəmə 15 fevral 2018-ci il tarixli müqavilədə göstərilən müddəaların "xxxx" MMC tərəfindən pozulduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 15 fevral 2018-ci il tarixli müqavilənin 2.1.2-ci bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün, mənzili təhvil verdiyi andan aylıq 800 manat kirayə haqqını almaq mülkiyyətçinin hüququdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 2020-ci ilin iyun və noyabr ayları, 2021-ci ilin fevral, mart, aprel, iyun, oktyabr, noyabr və dekabr ayları, həmçinin 2022-ci ilin 12 ayı, 2023-cü ilin 12 ayı və 2024-cü ilin 12 ayı cəmi 45 ay müddətində kirayə haqqı üçün 36000 manat məbləğində pul İddiaçı ödənilməlidir.

Məhkəmə baxışının hədləri:

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmə xərcləri:

24. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən məhkəmə xərclərinə aid olan 198 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Nəticə:

25. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının blok 1, mərtəbə 5, mənzil A-8 (59.00 m2), A-9 (99.20 m2), A-10 (112.20 m2) ümumi sahəsi 270.40 kv.m olan mənzil təmirsiz şəkildə cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya təhvil verilməli, cavabdeh "xxxx" MMC-dən 36000 manat kirayə haqqı cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia təmin edilsin. ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının blok 1, mərtəbə 5, mənzil A-8 (59.00 m2), A-9 (99.20 m2), A-10 (112.20 m2) ümumi sahəsi 270.40 kv.m olan mənzil təmirsiz şəkildə cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya təhvil verilsin. Cavabdeh "xxxx" MMC-dən 36000 manat kirayə haqqı cavabdehdən tutulub iddiaçıya verilsin. Məhkəmə xərclərinə aid olan 198 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar