Məhkəmə qərarları › İş №2(105)-417/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-417/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-417/2025 29.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə üzrə öhdəliklərin icra edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə üzrə öhdəliklərin icra edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 350/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 13 dekabr 2011-ci il tarixli, 119 №-li müqavilədən görünür ki, müqavilənin 1 və 1.1-ci bəndlərinə əsasən satıcı ("xxxx" MMC) bu müqavilənin predmeti olan ünvan 1 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış binasından mənzili alıcının (İddiaçı) mülkiyyətinə verir, alıcı isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən olunmuş qaydada satıcıya ödəyir.

2. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən alıcı qeyd olunan yaşayış binasının İİİ blokunun Xİİ mərtəbəsində yerləşən, 82 saylı mənzil, ümumi sahəsi 61.67 kv.m. olan, 1 otaqlı, mənzilin hər 1 kv.m. üçün 380 manat ümumi məbləği 23435 manat ödəməlidir.

3. Həmin müqavilənin 2.2.1-ci bəndində qeyd olunan mənzil dəyəri 25 dekabr 2006cı il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış ümumi məbləği 21120 manat təşkil edən ümumi sahəsi 60,8 kv.m təşkil edən mənzillə əvəzlənir. Bu müqavilənin 2.2.2-ci bəndində göstərilən məbləğdən 21120 manatı "xxxx" MMC-yə ödənilmişdir.

4. Həmin müqavilənin 2.2.3-cü bəndinə əsasən bu müqavilənin 2.2.1 və 2.2.2-ci bəndləri göstərilən mənzillərin əvəzləşməsi zamanı arada yaranacaq fərq aidiyyəti olan tərəfdən ödəniləcəkdir.

5. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən alıcı müqavilənin 2.1-ci bəndində göstərilən tikinti-quraşdırma işlərini 18, 24 ay müddəti ərzində tamamlayıb alıcıya təhvil verir.

6. "xxxx" MMC tərəfindən təqdim dilmiş 13 dekabr 2011-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 3-cü blokunun, 12-ci mərtəbəsində, 82 saylı, 61,67 kv.m mənzil almaq üçün 21120 manat pul vəsaiti "xxxx" MMC-yə ödənilmişdir.

7. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət eydiyyatı idarəsinin xx.xx.2023-cü il tarixli **********081400 nömrəli çıxarışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh MMC "xxxx" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir və onun hüquqi varisidir. Hüquqi ünvanı AZ1102, ünvan 2iya məhkəməsindəki icraat

8. İddiaçı cavabdeh "xxxx" MMC-yə (indiki Cavabdeh MMC-yə) qarşı müqavilə üzrə öhdəliklərin icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, ev tikintisi sahəsində fəaliyyət göstərən cavabdeh "xxxx" MMC ünvan 1 ünvanında 14 mərtəbəli yaşayış binasını inşa edir. "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış və cəmiyyətin direktoru Ə.L.Zeynalovun imza və möhürü ilə təsdiq eduilmiş 13 dekabr 2011-ci il tarixli, 119 №-li müqaviləyə əsasən cavabdeh qeyd edilən yaşayış binasının İİİ blokunun 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 61,67 kv.m olan 1 otaqlı 82 saylı mənzili iddiaçıya satmışdır. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən ümumi sahəsi 61.67 kv.m. olan həmin mənzilin bir kv.metrinin dəyəri 380 manat müəyyən edilməklə ümumi satış qiyməti 23435 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin 2.2.2-ci maddəsində göstərilir ki, müqavilənin 2.2.1-ci bəndində qeyd edilən mənzilin dəyəri 25 dekabr 2006-cı il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında bağlanılmış ümumi məbləği 21120 manat təşkil edən ümumi sahəsi 60.8 kv.m. olan mənzillə əvəzlənir. Bu müqavilənin 2.2.2-ci bəndində göstərilən 21120 manatı "xxxx" MMC-yə ödənilmişdir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən bu müqavilənin 2.2.1-ci və 2.2.2-ci əəndlərində göstərilən mənzillərin əvəzləşdirilməsi zamanı arada yaranacaq fərq aidiyyəti olan tərəfdən ödəniləcəkdir. Cavabdeh "xxxx" MMC-nin iddiaçıya təqdim etdiyi 13 dekabr 2011-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, Xırdalan şəhəri, Axundov küçəsi 39 ünvanında inşa edilən yaşayış binasının 3-cü blokun, 12-ci mərtəbəsində, 82 saylı, ümumi sahəsi 61.67 kv.m.olan mənzili almaq üçün iddiaçı tərəfindən 21120 manat "xxxx" MMC-yə ödənilmişdir. Müqavilənin qeyd edilən 2.2.2 və 2.2.3-cü bəndlərindən müəyyən olunur ki, cavabdeh "xxxx" MMC digər təşkilatın - "xxxx" MMC-nin 25 dekabr 2006-cı il tarixli müqaviləsi üzrə iddiaçı qarşısında götürdüyü öhdəliklərin icrasını öz üzərinə götürmüşdür. Belə ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 25 dekabr 2016-cı il tarixli müqavilənin 1-ci bəndinə əsasən "xxxx" MMC ünvan 3 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 1 otaqdan ibarət 60 saylı mənzili iddiaçıya 21120 manata satmış, lakin sonradan üzərinə götürdüyü öhdəlikləri icra edə bilməmişdir. Bundan sonra qarşılıqlı razılaşma əsasında cavabdeh "xxxx" MMC "xxxx" MMC-nin iddiaçı qarşısında olan öhdəliyin icrasını könüllü olaraq öz üzərinə götürmüş, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqaviləyə xitam verilmiş və əvəzində "xxxx" MMC ilə hazırkı müqavilə bağlanmışdır. Lakin hazırda cavabdeh "xxxx" MMC 13 dekabr 2011-ci il tarixli müqavilə əsasında üzərinə götürdüyü öhdəliyi icra etməkdən və mənzilə görə qalan pulun ödənilməsinə şərait yaratmayaraq onu qəbul etməkdən imtina edir, müqavilədə göstərilən mənzili iddiaçının istifadəsinə vermir baxmayaraq ki, həmin mənzilin 21120 manat dəyəri iddiaçı tərəfindən tam ödənilmiş və müqavilə hazırda qüvvəsindədir. Ödənilməmiş məbləğ 2315 manat təşkil edir. Həmin məbləği ödəmək istəsə də cavabdeh tərəf onu götürməkdən imtina edir.

10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-350/2016 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 13 dekabr 2011-ci il tarixli, 119 saylı müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməsi, Xırdalan şəhəri, Axundov küçəsi, ev 39 ünvanda inşa edilmiş binanın 3-cü blokunun 12 mərtəbəsində yerləşən 82 saylı bir otaqlı mənzilin ona təhvil verilməsi, iddiaçının həmin mənzilə olan alıcı hüquqlarının bərpa edilməsi və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulub iddiaçıya verilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 13 dekabr 2011-ci il tarixli 119 saylı müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən məcburi icra edilməsi, Xırdalan şəhəri, Axundov küçəsi ev 39 ünvanda inşa edilmiş binanın 3-cü blokunun 12-ci mərtəbəsində yerləşən 82 saylı bir otaqlı mənzil ona təhvil verilməli, həmin mənzilə olan alıcı hüquqları bərpa edilməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 178.8, 322.1, 322.2, 355.1, 355.2, 385.1, 386.1, 390.1, 442-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilədən göründüyü kimi iddiaçı borclu olduğu məbləği ödəmədən, yəni müqavilə üzrə öhdəliyi icra etmədən mənzilin ona verilmə tələbi ilə iddia qaldırmış və məhkəmə isə öhdəliyin iddiaçı tərəfindən icra edilmədiyini araşdırmadan müqavilə üzrə cavabdehin üzərinə öhdəliyin icra edilməsi vəzifəsini qoymuşdur. Belə ki, məhkəmə özü qətnamənin 2-ci səhifəsinin 10-cu abzasında müqavilənin 2.2.3-cü bəndinə istinad edərək qeyd etmişdir ki, müqavilənin 2.2.1 və 2.2.2ci bəndlərinə əasən mənzil üçün iddiaçı tərəfindən ilkin olaraq "xxxx" MMC-yə ödənilmiş vəsait nəzərə alınaraq yerdə qalan fərqin (2315 manatın) 18-24 ay müddətinə cavabdehə ödənilməlidir. Lakin bu faktı məhkəmə özü qeyd etməsinə baxmayaraq yekun nəticədə bunu nəzərə almadan bu məsələni heçə saymışdır. Məhkəmənin mövqeyinə görə iddiaçı tərəfindən bağlanmış müqavilə üzrə ödəniş tam həyata keçirməsə belə cavabdeh dəyəri ödənilmədən müqavilə üzrə öhdəliyi icra etməli və mənzil iddiaçıya təhvil verməlidir. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin özünü belə düzgün təfsir etməmişdir. Belə ki, müqavilədən göründüyü kimi müqavilə predmeti mənzilin yəni daşınmaz əmlakın alğı-satqısı barədə tərəflər arasında bağlanmış bir əqddir. Əvvəla təşkilati hüquqi formasından da göründüyü kimi "xxxx" MMC məhdud məsuliyyətli cəmiyyəti olub ki, hazırda da belə fəaliyyətini davam etdirir və bu halda isə tərəflər arasında daşınmaz əmlaka dair bağlanmış müqavilə qanunvericiliyin tələbinə əsasən yalnız notarial təsdiq edilməli idi. Belə ki, mülki qanunvericiliyə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (Mülki Məcəllənin 146.1-ci maddəsi). Mülki qanunvericiliyə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. "xxxx" MMC məhdud məsuliyyətli cəmiyyət olub ki, hazırdada belə fəaliyyətini davam etdirir və bu halda isə tərəflər arasında daşınmaz əmlaka dair bağlanmış müqavilə qanunvericiliyin tələbinə əsasən yalnız notarial qaydada təsdiq edilməli idi. Bağlanmış müqavilə daşınmaz əmlakının alğı-satqı müqaviləsi olduğu halda mülki qanunvericiliyə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə Mülki Məcəllənin 394-cü maddəsinə əsasən notariat qaydasında təsdiqlənməli idi. Müqavilə üzrə payçı, yəni İddiaçı xx.xx.2011-ci il tarixli müqavilə üzrə qalıq 2315 manat borcu 18-24 ay müddətinə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin iddiaçı götürmüş olduğu öhdəliyi icra etməyərək heç bir ödəniş etməmiş və bunun üçün heç bir təşəbbüs göstərməmişdir (buna dair heç bir sübut təqdim etməmişdir). İş materiallarından göründüyü kimi borclu öhdəliyi iddia qaldırılan 2016-cı ilədək keçən 5 il müddətində ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə iddiaçı tərəfindən qalıq borcu ödəmək istəməsi faktını araşdırmamışdır. Bu faktları təsdiq edən hər hansı bir sübutu iş materiallarına əlavə etməmişdir. Beləliklə, iddiaçı 2011-ci il tarixli müqaviləyə istinad edərək mənzilin təhvil verilməsi barədə iddia ərizəsi ilə hazırda məhkəməyə müraciət etməsi ilə bağlı bildirirlər ki, bu tip işlər üzrə mülki qanunvericiliklə tənzimlənən iddia müddətini iddiaçı ötürmüşdür. Mülki qanunvericiliyə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il təşkil edir. Mülki qanunvericiliyə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il təşkil edir. Vurğulamaq lazımdır ki, iddia müddətinin axımı iddia hüququ yarandığı gündən başlanır. İddia hüququ isə şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən yaranır. İddiaçının məhkəmə iclasında həqiqətən həmin mənzil üçün qalıq borcun ödənilməsinə cəhd etməsini araşdırılmamış, yalnız iddiaçının fikri ilə bu faktı sübut etdiyini qeyd edərək MPMnin 106.3-cü maddəsinə əsasən digər sübutlarla yanaşı yoxlanılmamış və qiymətləndirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 87.2-ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Belə ki, məhkəmə baxışı zamanı mənzilin yerləşdiyi binanın, ümumiyyətlə, mövcud olub-olmaması (yarımçıq tikili olub-olmaması), həmin binada fərdi müəyyən əşyanın müəyyən edilməsi üçün 12-ci mərtəbədə, 82 saylı mənzilin mövcudluğunu araşdırmamışdır. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

18. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. (...)

19. Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

22. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (...)

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

24. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

25. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

28. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.

31. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunan hallarından görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 13 dekabr 2011-ci il tarixli, 119 №-li müqaviləyə əsasən satıcı "xxxx" MMC bu müqavilənin predmeti olan ünvan 1 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış binasından mənzili alıcı İddiaçı mülkiyyətinə verməyi, alıcı isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən olunmuş qaydada satıcıya ödəməyi öhdələrinə götürmüşlər. Müqaviləyə əsasən alıcı İddiaçı qeyd olunan yaşayış binasının İİİ blokunun Xİİ mərtəbəsində yerləşən, 82 saylı mənzil, ümumi sahəsi 61.67 kv.m. olan, 1 otaqlı, mənzilin hər 1 kv.m. üçün 380 manat olmaqla, ümumi məbləği 23435 manat ödəməlidir. Cavabdeh "xxxx" MMC-nin iddiaçıya təqdim etdiyi 13 dekabr 2011-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, Xırdalan şəhəri, Axundov küçəsi 39 ünvanında inşa edilən yaşayış binasının 3-cü blokunun 12-ci mərtəbəsində yerləşən 82 saylı, 61,67 kv.m mənzili almaq üçün iddiaçı tərəfindən 21120 manat pul vəsaiti "xxxx" MMC-yə ödənilmişdir. Müqavilənin qeyd edilən 2.2.2 və 2.2.3-cü bəndlərindən müəyyən olunur ki, cavabdeh "xxxx" MMC digər təşkilatın - "xxxx" MMC-nin 25 dekabr 2006-cı il tarixli müqaviləsi üzrə iddiaçı qarşısında götürdüyü öhdəliyin icrasını öz üzərinə götürmüşdür. Belə ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 25 dekabr 2016-cı il tarixli müqavilənin 1-ci bəndinə əsasən "xxxx" MMC ünvan 3 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 1 otaqdan ibarət 60 saylı mənzili iddiaçıya 21120 manata satmış, lakin sonradan üzərinə götürdüyü öhdəlikləri icra edə bilməmişdir. Bundan sonra, qarşılıqlı razılaşma əsasında cavabdeh "xxxx" MMC "xxxx" MMC-nin iddiaçı qarşısında olan öhdəliyin icrasını könüllü olaraq öz üzərinə götürmüş, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqaviləyə xitam verilmiş və əvəzində "xxxx" MMC ilə hazırkı müqavilə bağlanmışdır. Lakin hazırda cavabdeh "xxxx" MMC 13 dekabr 2011-ci il tarixli müqavilə əsasında üzərinə götürdüyü öhdəliyi icra etməkdən və mənzilə görə qalan pulun ödənilməsinə şərait yaratmayaraq onu qəbul etməkdən imtina edir, müqavilədə göstərilən mənzili iddiaçının istifadəsinə vermir baxmayaraq ki, həmin mənzilin 21120 manat dəyəri iddiaçı tərəfindən ödənilmiş və müqavilə hazırda qüvvəsindədir. Ödənilməmiş məbləğ 2315 manat təşkil edir. Həmin məbləği ödəmək istəsə də cavabdeh tərəf onu götürməkdən imtina edir.

32. İşin mübahisəsiz hallarına görə cavabdeh "xxxx" MMC 25 dekabr 2006-cı il tarixli müqavilə üzrə iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmiş 21120 manatı 13 dekabr 2011ci il tarixli 119 №-li müqavilə üzrə ödəniş kimi qəbul etmiş, lakin 2315 manat isə iddiaçı tərəfindən ödənilməmiş qalmışdır. İddiaçı tərəf bu halı cavabdehin həmin pul vəsaitini götürməkdən imtina etməsi ilə, cavabdehin hüquqi varisi isə apellyasiya şikayətində iddiaçının həmin öhdəliyini icra etmədiyi ilə əsaslandırmışdır.

33. Məhkəmə verilmiş iddia tələbinə qiymət verməli olduğundan kollegiya hesab edir ki, müqavilənin qüvvədə olması və iddiaçı tərəfindən öhdəliyin çox hissəsinin icra edilməsi halı cavabdeh tərəfin ödənilməmiş həmin pul vəsaitini ayrıca icraatda tələb etməsini istisna etmir.

34. Mövcud halda isə 13 dekabr 2011-ci il tarixli müqavilə əsasında cavabdeh tərəf üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, həmin müqavilədə göstərilən mənzilin iddiaçıya təhvil verilməsi barədə tələbi məhkəmə kollegiyası əsaslı hesab edir.

35. İş materiallarından (iş v. 79-80) görünür ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək müqavilənin əslini xx.xx.2016-cı ildə geri almışdır.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırkı iş üzrə tərəflər arasında mübahisəli mənzilə dair xx.xx.2011-ci il tarixli 119 nömrəli müqavilənin bağlandığı öz təsdiqini tapır.

37. Kollegiya həmçinin hesab edir ki, mənzilin iddiaçıya təhvil verilməsi barədə tələb müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməsi və alıcı hüquqlarının bərpa edilməsi tələblərini də ehtiva etdiyindən, həmin tələblərin hər birinin ayrı-ayrılıqda təmin olunmasına zərurət yoxdur.

38. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin xx.xx.2016-cı il və sonuncu xx.xx.2016-cı il tarixli məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımı qaydada məlumatlandırılması iş materiallarından müəyyən olunmur.

39. Halbuki, Mülki Prosessual Məcəllənin 138.1-ci madəsinə görə məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar etməlidir.

40. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

41. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi yekun məhkəmə aktı çıxararkən maddi hüquq normasını düzgün tətbiq etməmişdir.

42. Mülki Prosessual Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

43. Belə ki, birinci instansiya məhkəməsi mövcud iddianı təmin edərkən Mülki Məcəllənin 178.8-ci maddəsinə istinad etmişdir ki, həmin maddəyə görə (xx.xx.2017-ci il tarixədək olan redaksiyada) mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

44. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, hazırkı iş üzrə tərəflər arasında podrat münasibətlərindən əmələ gələn hüquq münasibətləri olmuş, o cümlədən müqavilənin tərəfi olan cavabdeh kooperativ deyil, məhdud məsuliyyətli cəmiyyət olmuşdur.

45. Kollegiya apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, tərəflər arasında podrat münasibətlərindən əmələ gələn hüquq münasibətləri olduğu üçün iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.

46. Belə ki, Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

47. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

48. Tərərflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin 3.1-ci bəndindən görünür ki, satıcı müqavilənin 2.1. bəndində göstərilən tikinti-quraşdırma işlərini 18, 24 ay müddəti ərzində tamamlayıb alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür.

49. Mövcud iddia ərizəsi isə məhkəməyə xx.xx.2015-ci il tarixdə verilmiş və beş illik iddia müddəti ötürülməmişdir.

50. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

51. İşin yuxarıda qeyd olunan hallarını və iş materiallarında olan sübutları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş binanın 3-cü blokunun 12-ci mərtəbəsində yerləşən 82 saylı bir otaqlı mənzil cavabdeh "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

52. Kollegiya həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, MPM-in 119-cu maddəsinə əsasən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MMC-dən alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-350/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş binanın 3-cü blokunun 12-ci mərtəbəsində yerləşən 82 saylı bir otaqlı mənzil cavabdeh "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi - 30 (otuz) manat cavabdeh "xxxx" MMCnin hüquqi varisi Cavabdeh MMC-dən alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar