Məhkəmə qərarları › İş №2(001)-5125/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5125/2022

08.08.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5125/2022 08.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmamış uşaqları 10 iyun 2014-cü il təvəllüdlü X1 və 10 iyun 2014-cü il təvəllüdlü X2 onun yanında daimi yaşamaları, himayəsinə verilməsi və ikinci tərəfin alimentdən imtina edilməsi barədə Bakı 4 saylı Mediasiya təşkilatı tərəfindən təsdiq edilmiş barışıq sazişinin icrasından 10 gün müddətin keçməsini nəzərə alıb, 06 may 2022-ci il tarixli barışıq sazişinin məhkəmə tərəfindən təsdiq və icra edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 14 noyabr 2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 10 iyun 2014-cü il təvəllüdlü X3 və 10 iyun 2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. Nikahın ləğvi barədə ərizə verməyinin səbəbi xasiyyətlərinin tutmaması, bu səbəbdən birgə yaşamaqlarının mümkün olmamasıdır. Belə ki, birgə nikah dövründə heç bir əsaslı səbəb olmadan aralarındakı münasibətlər kəskinləşmişdir. Binəqədi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(001)-1580/2022 nömrəli qərarı ilə nikahları pozulmuşdur. Belə ki, birgə nikahdan olan uşaqları 10 iyun 2014-cü il təvəllüdlü X3 və 10 iyun 2014-cü il təvəllüdlü X4 anaları Maraqlı şəxs yanında yaşayırlar. O, uşaqları ilə çətinliklə görüşür. Cavabdeh gözəllik salonunda işləyir demək olar ki, uşaqlarla məşqul olmur, uşaqlardan xəbəri yoxdur. Uşaqlar yaşlı nənənin umuduna qalır. Hazırda bu hərəkətlər övladlarının tərbiyyəsini ciddi korlayır. Cavbdeh və nənə uşaqları ilə onun arasında uzaqlaşma yaradırlar. Onlar uşaqların tərbiyyəsi ilə ümumiyyətlə maraqlanmırlar nə də məşqul olmurlar. Qaynanası yaşlı insandır, özünü güclə saxlayır. Onun uşaqları qız uşaqlarıdır, demək olar ki, uşaqlar tam nəzarətsiz qalmışlar. Onun başqa şəxslərə nisbətən uşağını tərbiyə etməkdə üstünlük haqqı və hüququ var. Hesab edir ki, uşaqlarının ata qayğısına daha çox ehtiyacı olduğundan və ona daha çox meyilli olduqlarından onun yanımda böyümələri onların mənafeyi üçün də məqsədəmüvafiqdir. Uşaqları onu seçir və yanında qalmaları üçün ona yalvarırlar. O, övladları ilə nəfəs alır və onların qayğısına ondan yaxşı heç kim qala bilməz. O, 10 ilə yaxındır uşaqlarının tərbiyəsi dərsləri ilə bir ata kimi şəxsən özü məşğul olub, onları böyütmüşdür. Qanunun tələbinə əsasən mediatora müraciət etmişdir. İlkin Mediasiya sessiyasından sonra tərəf ilə Barışıq Sazişi bağlamışlar. Lakin cavabdeh tərəf sazişin müddəalarına əməl etmir. Sazişin icrası şərtləri pozulur. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili ərizəni müdafiə edərək bildirdi ki, Maraqlı şəxs mediasiya prosesində özü öz iradəsi ilə uşaqların atasının himayəsinə verilməsi ilə bağlı ərizəçi ilə razılığa gəlsə də, lakin sazişin icrası zamanı problemlər yaradır. Dəfələrlə ərizəçinin yaşadığı ünvana gələrək səs-küy salmış, uşaqları aparmış və geri qaytarmamışdır. Ona görə də hazırda məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs ərizəyə etiraz edərək bildirdi ki, uşaqlar mediasiya prosesində əldə edilmiş razılığa əsasən ərizə atalarında qalırlar. O, uşaqları ilə görüşəndə uşaqları bir və ya iki gün öz yanında saxlayır, sonra isə atalarına qaytarır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİİ 367621 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 iyun 2014-cü il təvəllüldü X1 atası Ərizəçi, anası Maraqlı şəxsdır; AZ-İİİ 367620 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 iyun 2014-cü il təvəllüldü X2 atası Ərizəçi, anası Maraqlı şəxsdır; 06 may 2022-cil tarixdə, Bakı 4 saylı Mediasiya təşkilatı vasitəsi ilə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişindən görünür ki, tərəflər arasında birgə nikah dövründə doğulmuş 10 iyun 2014-cü il təvəllüldü X1 və 10 iyun 2014-cü il təvəllüldü X2 Ərizəçi himayəsində qalmasına razıdırlar, bundan əvvəl bağlanmış mediasiya sazişinə uyğun olaraq birinci tərəf tərəfindən ikinci tərəfə ödənilməsi nəzərdə tutulan alimentin məbləğindən ikinci tərəf imtina edir. Birinci tərəf ikinci tərəfin uşaqlarla ünsiyyətinə heç bir məhdudiyyət qoymur. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər; Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 mart 2022-ci i tarixli, 2(001)- 1580/2022 saylı qətnaməsindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 14 noyabr 2008-ci il tarixdə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1631 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. 20 iyul 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işdə iştirak edən şəxslər tərəfindən imzalanmış 06 may 2022-ci il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək və Mülki Prosessual Məcəllənin 355-26.1-ci göstərilən barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Maraqlı şəxs barışıq sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi məcburi icrası üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 06 may 2022-cil tarixdə Bakı 4 saylı Mediasiya təşkilatı vasitəsi ilə Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında bağlanmış aşağıdakı şərtləri özündə əks etdirən barışıq sazişi məcburi icrası üçün təsdiq edilsin:

1. Tərəflər arasında birgə nikah dövründə doğulmuş 10 iyun 2014-cü il təvəllüldü X2 və 10 iyun 2014-cü il təvəllüldü X1 Ərizəçi himayəsində qalmasına razıdırlar.

2. Bundan əvvəl bağlanmış mediasiya sazişinə uyğun olaraq birinci tərəf ikinci tərəfə ödənilməsi nəzərdə tutulan aliment məbləğindən ikinci tərəf imtina edir.

3. Birinci tərəf ikinci tərəfin uşaqlarla ünsiyyətinə heç bir məhdudiyyət qoymur. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar