Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5157/2025 23.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı mülki iş üzrə Açar sözlər: (ölüm faktının müəyyən edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək atası xx.xx.1943-cü il təvəllüdlü X1 ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, atası X4 xx.xx.2024-cü il tarixdə ev şəraitində vəfat etmişdir. Ərizəçi atasının dəfn mərasimi ilə bağlı tədbirlərlə məşğul olduğu üçün və atasının ölməsi barədə tibbi arayış olmadığından bugünə kimi ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Gələcəkdə vərəsəliklə bağlı ölüm haqqında şəhadətnamənin olması məcburiyyəti yarandığından ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, atasının xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadə verərək bildirdi ki, ərizəçi qaynıdır. X3 qaynatası olub. Mərhumda beyn iflici olduğunu, müəyyən vaxt xəstəxanada, daha sonra isə evdə müalicə aldığını və 09 aprel 2024-cü ildə vəfat etdiyini, lakin 10 aprel 2024-cü ildə dəfn etdiklərini bildirdi.
6. Məhkəmə iclasında iştirak edən Şahid2 ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır. X3 atası olub. Atasının 09 aprel 2024-cü ildə beyn iflicindən evdə vəfat etdiyini və 10 aprel 2024-cü ildə dəfn etdiklərini bildirdi.
7. Məhkəmə iclasında iştirak edən Şahid3 ifadə verərək bildirdi ki, ərizəçi onun əmisi oğludur. X3 əmisi olub. Əmisinin beyin iflicindən əziyyət çəkdiyini, 09 aprel 2024-cü ildə vəfat etdiyini və 10 aprel 2024-cü ildə dəfn etdiklərini bildirdi.
Mülki işin materialları:
8. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3/16/8-15-886/24 saylı və 1 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-2336 saylı məktublarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X1 adına ölüm haqqında tibbi şəhadətnamə (forma 106) olmadığı üçün ərizə təmin edilməmişdir.
9. AR “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ “Abşeron Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-20/2-İ-42-137/2024 saylı məktubdan görünür ki, Ərizəçi ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməmişdir.
10. Abşeron Rayonu Mehdiabad Bəədiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 54 saylı arayışa əsasən mərhum X2 xx.xx.2024-cü il tarixdə Mehdiabad qəbristanlığında dəfn olunduğu qeyd edilmişdir.
11. BŞT və TTYS 16 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:45-də X2 adına “həkiməqədər ölüm, kişi cinsli meyit aşkar olunduğu” qeyd edilmişdir.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin:
12. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
15. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
16. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
18. 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.
20. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 8 saylı Qərarının 1.2-ci bəndinin izahına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 4.8-ci bəndinin izahına əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə ərizəçinin izahatını nəzərə alıb, şahid ifadələrini, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.
22. Mülki işin materiallarından da görünür ki, Ərizəçi atasının ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin atasının ölüm faktı müvafiq sənəd ilə təsdiq olunmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir.
23. Məhkəmə qanunvericiliyin tələblərinə görə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmçinin qeyd olunmalıdır ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə məhkəmə o zaman hüquqi əhəmiyyəti olan faktları müəyyən edir.
24. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
25. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin onun ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində ərizəçi X1 ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 xx.xx.2024-cü il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır.
26. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir.
27. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikaı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1943-cü il tarixdə anadan olmuş X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova