Məhkəmə qərarları › İş №2(001)-5194/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5194/2025

30.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5194/2025 30.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi X3 Maraqlı şəxs qarşı mülki iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, Ərizəçi X3, Ərizəçinin nümayəndəsi-vəkili Nümayəndə2, Maraqlı şəxsin nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə, Ərizəçi X3 Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi X7 Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediasiya qaydasında bağlanmış barışıq sazişinin alimentin ödənilməsi hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat məbləğində alimentin ödənilməsinə dair öhdəlik götürmüşdür. Lakin F.X8 əməl etməyərək aliment öhdəliyini icra etməmişdir. Bu səbəbdən də ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Ərizəçi həmçinin qeyd etmişdir ki, tərəflər arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-2375/2023 saylı qətnaməsi ilə pozulmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmənin əvvəlki iclasında iştirak edən ərizəçi X7 ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, birgə yaşadıqları dövr ərzində Maraqlı şəxs müxtəlif vaxtlarda onun kartına pul göndərsə də həmin pulu özü kartdan nağdlaşdıraraq özü üçün istifadə etmişdir.

4. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi-vəkili Nümayəndə2 ərizənin məzmununa uyğun izahat verərək, barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi-vəkili Nümayəndə1 ərizəni qəbul etmədiyini, barışıq sazişinə əsasən maraqlı şəxsin öz üzərinə götürdüyü öhdəliyi vaxtı-vaxtında icra etdiyini, bu səbəbdən də barışıq sazişinin təsdiq edilməsi üçün əsaslar olmadığını bildirirək, ərizənin təmin edilməməsi və sazişin təsdiqindən imtina edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

Mülki işin materialları:

6. Bakı 9 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/9/2023- 00391 nömrəli Barışıq Sazişinə əsasən: - Tərəflər arasında bağlanmış nikaha xitam verilsin və bu məqsədlə tərəflərdən hər hansı birisi müvafiq rayon məhkəməsinə müraciət etsin. Belə halda digər tərəf nikaha xitam verilməklə bağlı iddia tələbini qəbul edir. - Tərəflər birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün birinci tərəfin (ananın) yanında qalmasına razılaşdılar. - İkinci tərəf (ata) Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər uşaq üçün 220 manat, ümumilikdə 440 manat təşkil edən aiment məbləğini birinci tərəf (ana) X4 ödəyəcək. - Tərəflər razılaşır ki, uşaqların təhsil haqqı və digər təminatlarını ikinci tərəf (ata) ödəyəcək. - Tərəflər razılaşır ki, birinci tərəf istənilən vaxt cehiz əşyalarını götürə bilər.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2375/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs ilə X7 arasında xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində bağlanmış 477 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı uşaqların anaların X3 yanında qalmaları qət edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

8. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir.

9. Məhkəmə qeyd edir ki, tərəflər mediasiya prosesi zamanı öz aralarında razılığa gəlmiş və hər ay hər iki uşağa cəmi 440 manat sabit pul məbləğində alimentin ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır.

Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun:

10. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

11. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

12. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

13. 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

Azərbaycan Respublikası Mülki Məcəllənin:

14. 881.2.2. barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir.

15. 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir.

16. 881.5. Əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

17. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

18. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.

19. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.

20. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır.

21. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

22. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir:

23. 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda;

24. 355-26.1.2-ci maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

25. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

26. Məhkəmə qeyd edir ki, tərəflər razılığa gəlməklə mediasiya prosesində barışıq əldə etmiş və barışıq sazişi qanuni şəkildə bağlanmış, tərəflər barışıq sazişini öz imzaları ilə təsdiq etmişdirlər, həmçinin barışıq sazişinin bəndlərinin hər hansı digər şəxslərin hüquqlarına toxunmadığı müəyyən edilmişdir.

27. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsin tələblərinə əsasən Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar (55.1); Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər (75.2); Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər (75.3). “Uşaq hüquqları haqqında” Qanunun tələblərinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

28. Məhkəmə iclasında iddiaçı barışıq sazişinin tələblərinə əməl olunmadığını, cavabdeh tərəfindən uşaqlara müntəzəm olaraq aliment ödənilmədiyini, cavabdeh isə onun tərəfindən barışıq sazişinin tələblərinə əməl olunduğunu qeyd etmişdir.

29. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355- 26-cı maddəsində barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edilməsi əsasları aşağıdakılardır: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

30. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, tərəflərin aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməməsi üçün MPM-nin yuxarıda qeyd edilən maddələrindən hər hansı birinin tələbi mövcud deyildir. Ona görə də onin təsdiqindən imtina edilməməlidir.

31. Beləliklə məhkəmə hesab edir ki, barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilməli, Bakı 9 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/9/2023- 00391 saylı barışıq sazişi aimentin ödənilməsinə dair hissədə təsdiq edilməlidir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

Ərizəçi X3 Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi təmin edilsin. X7 ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-00391 saylı barışıq sazişi 1.3-cü bəndində göstərilən “İkinci tərəf (ata) Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər uşaq üçün 220 manat, ümumilikdə 440 manat təşkil edən aiment məbləğini birinci tərəf (ana) X4 ödəyəcək.” hissəsində təsdiq edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar