Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5231/2022 20.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində işə cəlb edilməklə “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası Khasıeva Zeınabın ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və iş materiallarında olan sübutlara əsaslanaraq, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Ərizəçi dostu və qonşusudur. Ərizəçi ona 03 iyul 2022ci il tarixdə zəng edərək, anası Khasıeva Zeınabın vəziyyətinin pisləşdiyini və onun xəstəxanaya apardığını bildirmişdir. Lakin xəstəxanaya çatanda ərizəçinin anasının xəstəxanaya aparılan zaman nəqliyyat vasitəsində dünyasını dəyişdiyini bilmişdir. Khasıeva Zeınab növbəti günü dəfn edilmişdir. O, həm dəfn, həm də Bakıxanov qəsəbəsində yerləşən “Vida” mərasim evində təşkil edilmiş mərasimdə iştirak etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Ərizəçi dostu və qonşusudur, ərizəçinin ailəsini yaxından tanıyır. Ərizəçi ona zəng edərək anası Khasıeva Zeınabın vəziyyətinin pisləşdiyini və xəstəxanaya getdiklərini bildirmişdir. X4 xəstəxanaya çatdırmaq mümkün olmamış, o, yolda olan zaman nəqliyyat vasitəsində ölmüşdür. Khasıeva Zeınab növbəti günü dəfn edilmişdir. X5-Ma.tağa yolunda yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Həmçinin, hadisə ilə bağlı Bakıxanov qəsəbəsində yerləşən “Vida” mərasim evində mərasim təşkil edilmişdir. O, həmin mərasimlərdə iştirak etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçini, habelə şahidlərin ifadəsini dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verib, hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 11 fevral 1977-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş Khasıeva Zeınab Ərizəçi anasıdır. Ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayır. Khasıeva Zeınab 03 iyul 2022-ci il tarixdə “Hyundai Elantra” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xəstəxanaya aparılan zaman həmin nəqliyyat vasitəsində ölmüşdür. Bu hal həmin tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.D.Məlikov adına X8 tərəfindən tərtib edilmiş aktla təsdiq edilmişdir. Bu şəxs 04 iyul 2022-ci il tarixdə Zabrat Maştağa yolunun şimalında yerləşən Kəpənəkçi Xeyriyyə Cəmiyyətinin istifadəsində olan qəbiristanlığda dəfn edilmiş və bu barədə cəmiyyət tərəfindən müvafiq arayış verilmişdir. Ərizəçi ölüm haqqında tibbi şəhadətnamə əldə edə bilməmiş və bu səbəbdən Bakı şəhəri Maraqlı şəxs ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Bununla bağlı ərizəçi hazırda ərizə ilə məhkəməyə müraciət edərək, anası Khasıeva Zeınabın ölüm faktının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qərarın 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Bununla belə, məhkəmə qeyd edir ki, Ərizəçi anası, 11 fevral 1977-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş Khasıeva Zeınabın 03 iyul 2022-ci il tarixdə ölməsi və 04 iyul 2022-ci il tarixdə Zabrat Maştağa yolunun şimalında yerləşən Kəpənəkçi Xeyriyyə Cəmiyyətinin istifadəsində olan qəbiristanlığda dəfn edilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Ərizəçi anasının ölüm faktını təsdiq edən sənədi aidiyyəti tibb müəssisəsindən əldə edə bilməmişdir. Bu barədə sənəd olmadığından aidiyyəti qeydiyyat şöbəsində də ölüm barədə qeyd aparmaq mümkün olmamış və nəticədə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hüquqi nəticə etibarı ilə ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Bu sənədin alınması ərizəçiyə anası Khasıeva Zeınabın ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi, habelə onun ölümündən sonra yaranmış bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 11 fevral 1977-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş Khasıeva Zeınabın 03 iyul 2022-ci il tarixdə Tibb Müəssisəsinə aparılan zaman nəqliyyat vasitəsində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11 fevral 1977-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş Khasıeva Zeınabın 03 iyul 2022-ci il tarixdə Tibb Müəssisəsinə aparılan zaman nəqliyyat vasitəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-5231/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5231/2022
20.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver