Məhkəmə qərarları › İş №2(001)-5262/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5262/2022

05.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5262/2022 05.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 15 noyabr 1992-ci ildə Şamaxı rayonunda anadan olmuş X5 xx.xx.2016-cı il tarixində, Rusiya Federasiyasının Moskva şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla X3 rəsmi nikahlarından xx.xx.1992-ci il təvəllüdlü X8 doğulmuşdur. Onların nikahları 12 mart 2009-cu ildə pozulmuşdur. Qızı X2 şəhərində Tibb universitetini oxumuş, oranı bitirmiş, ordinaturaya qəbul edilmişdir. X8 xx.xx.2016-ci ildə Moskva şəhərində ürək çatışmazlığından vəfat etmişdir. Onun nəşi Moskvadan Azərbaycana gətirilmiş və Şamaxı rayonunda yerləşən “Yeddi Günbəz” məzarlığında dəfn olunmuşdur. Qızının nəşini oğlu Bədəlov Tərlan və anası X1 şəhərində morqdan verilmiş tibbi sənəd əsasında kargo ilə Azərbaycana gətirmişlər. Lakin mərhum X12in nəşinin gətirilməsini təsdiq edən tibbi sənədlər itirildiyi üçün ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Mərhum qızı ünvan 1 ünvanında pasport qeydiyyatında olduğu üçün mənzillə bağlı sərəncam hüququnu həyata keçirə bilmir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4108/2022 saylı, 07 iyun 2022-ci il tarixli qərardadı və 2(001)-5115/2022 saylı, 01 avqust 2022-ci il tarixli qərardadları ilə Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılması qərara alınmışdır. Həmin qərardadlarda ərizənin geri qaytarılmasının əsasları aydın göstərilmişdir. Məhkəmə bir daha qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən (MPM 308-ci maddə) normasından görünür ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 1.2-ci bəndində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.4-cü bəndində göstərilir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür.1.6-cı bəndində göstərilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır Ərizədən göründüyü kimi ərizəçi onun X4nın xx.xx.2016-cı ildə Moskva şəhərində vəfat etdiyini və onun morqdan verilmiş tibbi sənəd əsasında kargo ilə Azərbaycana gətirildiyini bildirir. Lakin o, həmin sənədi itirdiyi üçün ölüm haqqında şəhadətnaməni ala bilməmişdir. Ərizədən göründüyü kimi ərizəçinin mərhum qızının ölümünü təsdiq edən sənəd olmuşdur və ərizəçi onu itirdiyini bildirir. Buna baxmayaraq ərizəçi itən sənədin bərpasının mümkünsüzlüyü ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və konsulluq idarəsində qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında qeydiyyat şöbəsi tərəfindən aparılır. Göründüyü kimi Azərbaycan Respublikası vətəndaşı olan şəxs xarici ölkədə vəfat etdiyi halda ölüm faktını təsdiq edən tibbi sənəd əsasında ölümün qeydiyyatı Azərbaycan Respublikasının qeydiyyat idarələri tərəfindən aparılır. Üstəlik şəxsin ölümünün xarici ölkənin səlahiyyətli orqanlarında və konsulluq idarəsində qeydə alınmış olması istisna deyildir. Bu baxımdan qeyd olunmalıdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları hər bir halda deyil, yalnız o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Odur ki, itən sənədin bərpasının mümkünsüzlüyü barədə sənəd əlavə edilmədiyindən ərizənin məhkəmə icraatı mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər, o cümlədən 100 manat məbləğində ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İM: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Ərizəçiyə izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar