Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5266/2025 25.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Anar Nurəddin oğlu, Ərizəçi 1 saylı Bakı “ASAN” Xidmət Mərkəzində qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. Ərizəçi 1 saylı Bakı “ASAN” Xidmət Mərkəzində qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə ilə Ərizəçi anası, Gürcüstan Respublikasının vətəndaşı Mırzaeva Gulkhanumun (pasport: FEO N11BA02550) xx.xx.2023-cü il tarixində Bakı şəhərində ölməsi faktının təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi Gürcüstan Respublikasının vətəndaşıdır.
4. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 153.1. Məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. - Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. - Maddə 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. - Maddə 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. - Maddə 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. - Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında. - Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. - Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. - Maddə 439.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. - Maddə 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. - Maddə 445.0. Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə aşağıdakı hallarda baxırlar: 445.0.1. barəsində itkin düşmüş hesab edilmə və yaxud ölmüş elan etmə haqqında məsələ qaldırılan şəxs Azərbaycan Respublikasının vətəndaşı olmuşsa və yaxud Azərbaycan Respublikasının ərazisində sonuncu məlum yaşayış yerinə malik olmuşsa; 445.0.2. barəsində məhdud fəaliyyət qabiliyyətli hesab edilmə haqqında məsələ qaldırılan şəxs Azərbaycan Respublikasının vətəndaşı olduqda, yaxud o, Azərbaycan Respublikasının ərazisində adətən yerləşdiyi yerə malik olduqda; 445.0.3. barəsində sahibsiz hesab etmə haqqında ərizə verilən əşya Azərbaycan Respublikasının ərazisində olduqda; 445.0.4. barəsində itirilmiş hesab edilməsi haqqında və üzərindəki müvafiq hüquqların bərpa edilməsi (çağırış icraatı) haqqında ərizə verilmişsənədliqiymətli kağız Azərbaycan Respublikasının ərazisində yaşayan və ya olan fiziki və ya hüquqi şəxs tərəfindən verildikdə; 445.0.5. barəsində yanlışlıqların müəyyən edilməsi haqqında ərizə verilən vətəndaşlıq vəziyyətiaktqeydləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirildikdə; 445.0.6. şikayət edilən notarial hərəkətlər (onların edilməsindən imtina) Azərbaycan Respublikasının notariusu və ya digər orqanı tərəfindən edildikdə.
6. Məhkəmə mülki prosessual qanunvericiliyin istinad edilən normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, ərizəçi xarici şəxs, yəni əcnəbi olduğu üçün hazırki ərizə ilə məhkəmə müraciət etməkdə haqlı olmamışdır.
7. Belə ki, bu qərardadın 5-ci bəndində istinad edilmiş normaların tələblərindən də müəyyən edildiyi kimi Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirak etdiyi xüsusi icraat işlərə yalnız 6 hal üzrə baxa bilər ki, bu halların da siyahısını qanunvericilik konkret olaraq müəyyən etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, AR MPM-nin 445-ci maddəsində göstərilməyən halları həmin Məcəllənin 305-ci maddəsində göstərilən hallara münasibətdə genişləndirici təfsir etmək və ya xarici şəxslərin iştirak etdiyi işlər üzrə AR MPM-nin 305-ci maddəsində qeyd edilmiş bütün növdən xüsusi icraat işlərinə baxmaq, başqa sözlə sonuncu maddədə qeyd edilən halları analogiya üzrə xarici şəxslərin iştirak etdiyi bütün işlərə şamil etmək qanunvericiliyin ruhuna və mahiyyətinə ziddir. Əks halda qanunverici AR MPM-nin 445-ci maddəsində baxılan xüsusi icraat işlərini konkret olaraq sadalamaz və həmin Məcəllənin 305-ci maddəsinə göndərmə edərək münasibətləri tənzimləyərdi. Qanunvericinin tənzimləməni qeyd edilən şəkildə həyata keçirməməsi və AR MPM-nin 445-ci maddəsində xarici şəxslərin iştirakı ilə baxılan xüsusi icraat işlərini konkret olaraq sadalaması sadalanmayan halların analogiya üzrə tətbiqini də istisna edir.
8. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən ərizəçinin tələbinə məhkəmə qaydasında baxılmalı deyil və ərizəçi müvafiq tələb ilə əlaqədar səlahiyyətli orqanlara müraciət etməlidir.
9. Beləliklə də məhkəmə hesab edir ki, ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir.
10. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 263-264, 267-268 və 445-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. Ərizəçi 1 saylı Bakı “ASAN” Xidmət Mərkəzində qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə ərizəsinin qəbul edilməsindən imtina edilsin.
2. Ərizəçiyə müvafiq tələblə səlahiyyətli orqanlara müraciət etmək hüququnun olması izah olunsun.
3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Anar Rzayev