Məhkəmə qərarları › İş №2(001)-5309/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5309/2025

04.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5309/2025 04.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi X7 oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə Ərizəçi İddiaçı maraqlı şəxs qismində Cavabdeh və Bakı 14 saylı Mediasiya Təşkilatı cəlb edilməklə “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:

1. Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2016-ci il təvəllüdlü X1 üçün 1-ci tərəf (ərizəçi) İddiaçı hər ay 350 ( üç yüz əlli) manat sabit pul məbləğində xx.xx.2023-cü il tarixində MŞB/14/2023- 00939 nömrəli barışıq sazişinin alimentə aid hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəni onunla əsaslandırılmışdır ki, o, maraqlı şəxs Cavabdeha qarşı Bakı 3 saylı Mediasiya Təşkilatına “alimentin məbləğinin tutulması qaydasının dəyişdirilməsi” tələbi üçün müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə MŞB/14/2023-00939 nömrəli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərində 2-ci tərəf (maraqlı şəxs) Cavabdeh birgə nikahdan dünyaya gəlmiş xx.xx.2016-cı il təvəllüdlü X1 üçün 1-ci tərəf (ərizəçi) İddiaçı hər ay 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment ödəməsini öhdəsinə götürmüşdür. Lakin maraqlı şəxs Məmmədov X2 şərtlərinə əməl etməmişdir. Barışıq sazişin icrasından imtina etmişdir. Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, maraqlı şəxs Cavabdeh ilə mediasiya prosesi zamanı barışıq sazişi bağlamışlar. Lakin maraqlı şəxs həmin barışıq sazişini icra etmir. Son 4 aydır ki, alimenti ümumiyyətlə ödəmir. Lakin məhkəmə bildirişi aldıqdan sonra 350 manat məbləğində aliment ödəmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. AZ-İİİ seriyalı, 677267 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2016-cı ildə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası isə İddiaçıdır.

6. 13.06.2025-ci il tarixə İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah İmişli Rayon Məhkəməsinin qətnaməsi əsasında xx.xx.2017-ci il tarixdə pozulmuşdur.

7. Bakı 14 saylı Mediasiya Təşkilatının mediatoru Cəlal Hüseynov tərəfindən təsdiq edilmiş birinci tərəf İddiaçı ilə ikinci tərəf Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər arasında xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 350 manat aliment məbləğinin hər ay Cavabdeh tərəfindən İddiaçı məxsus bank hesabına köçürülməsi, alimentin hər ayın 01-dən növbəti ayının 01-dək ödənilməsi, alimentin ödənilməsinin xx.xx.2023-cü il tarixdən hesablanması barədə mediasiya prosesi zamanı barışıq sazişi bağlanmışdır.

8. Həmin barışıq sazişinin 6-cı bəndinə əsasən saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

9. Ərizəçi ilə maraqlı şəxs arasında mediasiya prosesi zamanı xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanılmış və bu sazişə əsasən onlar arasında xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 350 manat aliment məbləğinin hər ay Cavabdeh tərəfindən İddiaçı məxsus bank hesabına köçürülməsi, alimentin hər ayın 01-dən növbəti ayının 01-dək ödənilməsi, alimentin ödənilməsinin xx.xx.2023-cü il tarixdən hesablanması barədə razılıq əldə edilmişdir.

10. Maraqlı şəxs barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən həmin barışıq sazişinin məcburi icra edilməsi üçün təsdiq edilməsi məqsədilə ərizəçi məhkəməyə müraciət etmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

11. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun:

12. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

13. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.

14. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

15. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

17. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

18. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.

19. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.

20. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

21. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı hallarında məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.

22. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

23. Sadalanan qanunvericilik normalarından görünür ki, tərəflər arasında mediasiya qaydasında bağlanmış barışıq sazişinin şərtləri, həmin barışıq sazişində müddət nəzərdə tutulmuşdursa həmin müddətdə tərəflər tərəfindən könüllü şəkildə icra olunmalıdır. Məhkəmə tərəfindən barışıq sazişinin qanuna zidd olmadıqda, eləcə də mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulmayan hallarda təsdiq edilməsi nəzərdə tutulmuşdur.

24. Məhkəmə, iş üzrə müəyyən edilmiş halları, barışıq sazişinin şərtinin alimentin ödənilməsindən ibarət olmasını, barışıq sazişi üzrə üzərinə öhdəlik götürümüş şəxsin bu öhdəliyin yerinə yetirməsindən yayınmasını nəzərə alaraq qeyd edir ki, barışıq sazişinin şərtinin qanuna zidd olması müəyyən edilmir, eyni zamanda həmin şərtin üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulması halları müəyyən edilmədiyindən ərizə əsaslıdır və təmin olunmalıdır. Nəticə:

25. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi zamanı xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi məcburi icrası üçün təsdiq edilməlidir.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 350 manat aliment məbləğinin hər ayın 01-dən növbəti ayın 01-dək Cavabdeh tərəfindən İddiaçı məxsus bank hesabına köçürülməsi barədə xx.xx.2023-cü il tarixdə mediasiya prosesində bağlanmış barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar