Məhkəmə qərarları › İş №2(001)-5347/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5347/2025

04.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5347/2025 04.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, ərizəçi – Ərizəçi maraqlı şəxs – Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:

1. Tərəflər arasında mediasiya vasitəsilə 10 oktyabr 2024-cü il tarixli, MŞS/MT030/2024-02164 saylı Barışıq Sazişi bağlanmışdır. Barışıq Sazişinin şərtlərinə əsasən, tərəflər xx.xx.2016-cı il tarixli nikaha xitam verilməsi, qeyd edilən nikahdan xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi anası Ərizəçi Zülfüqar qızının himayəsində saxlanılması, X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment ödəməli olan Maraqlı şəxs hər ay 200 manat sabit pul məbləğində alimenti Ərizəçi Zülfüqar qızına 10 oktyabr 2024-cü il tarixdən etibarən hər ayın sonuncu günündən gec olmayaraq ödəməsi barəsində öhdəlik götürməsi, Ərizəçi xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi atası Maraqlı şəxs ilə sərbəst şəkildə görüşmələrinə etiraz etməməsi və görüşə şərait yaradacağı barədə razılığa gəlmişlər.

2. Barışıq sazişinin birinci bəndi icra edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-533/2025 saylı qətnaməsi ilə tərəflər arasında xx.xx.2016-cı ildə bağlanmış nikah pozulmuşdur.

3. Maraqlı şəxs tərəfindən Barışıq Sazişinin digər şərtlərinə əməl edilmədiyi üçün ərizəçi Maraqlı şəxs ilə aralarında mediasiya prosesi nəticəsində 10 oktyabr 2024-cü il tarixli, MŞS/MT030/2024-02164 saylı Barışıq Sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

Ərizəçinin əsaslandırması:

4. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 1 saylı Sumqayıt regional ASAN xidmətin qeydiyyat şöbəsində maraqlı şəxslə nikahlarının qeydiyyata alındığını bildirmiş, ailə qurduqdan sonra fikir ayrılıqlarının olduğunu, xasiyyətlərinin uyğun gəlmədiyini və aralarında söz-söhbətlərin yarandığını qeyd etmişdir. Birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X1 dünyaya gəldiyini qeyd edən ərizəçi nikahlarının pozulması məqsədilə mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində cavabdehlə aralarında xx.xx.2024cü il tarixli, MŞS/MT030/2024-02164 saylı Barışıq Sazişi bağlanmışdır. Ərizəçi həmçinin qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

5. Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmə iclası zamanı barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsinin dəqiqləşdirməsi barədə ərizə verilmiş və 10 oktyabr 2024-cü il tarixli, MŞS/MT030/2024-02164 saylı Barışıq Sazişinin 3-cü bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.

Maraqlı şəxsin etirazları:

6. Maraqlı şəxs tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları:

7. Ərizəçi ərizəsində qeyd edilənlərlə eyni məzmunda izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi.

8. Maraqlı şəxs məhkəmə prosesində izahat verərək ərizəni qəbul etdiyini və ərizəçi ilə aralarında bağlanmış barışıq sazişinin 3-cü bəndinin (alimentlə bağlı hissəsinin) təsdiq edilməsinə etiraz etmədiyini bildirdi.

ƏSASLANDİRİCİ HİSSƏ:

Faktiki hallar və sübutlar:

9. İş materiallarında olan, birinci tərəf X2 ilə ikinci tərəf Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatı tərəfindən həyata keçirilmiş mediasiya prosesində bağlanan 10 oktyabr 2024-cü il tarixli, MŞS/MT030/2024-02164 saylı Barışıq Sazişindən müəyyən edilir ki, tərəflər arasında aşağıdakı şərtlərlə barışıq sazişi imzalanmışdır: - Ərizəçi və Maraqlı şəxs barışmaq üçün vaxt verilmədən aralarında 1 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016cı il tarixdə 934 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. - Ərizəçi və Maraqlı şəxs birgə nikahdan olan övladları xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında yaşamasına razıdırlar. - Maraqlı şəxs övladı xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimenti xx.xx.2024-cü il tarixdən etibarən hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi ödəmək barədə öhdəlik götürülür. - Ərizəçi övladı xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadədək atası Maraqlı şəxs ilə sərbəst şəkildə görüşmələrinə etiraz etmir və buna şərait yaradacağı barədə öhdəlik götürür.

10. İş materiallarında olan, 1 saylı Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İİİ 953923 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, Maraqlı şəxs və Ərizəçi xx.xx.2017-ci il təvəllüdlü X3 adlı övladları vardır.

11. İş materiallarında olan, 1 saylı Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ciil tarixli, AZ-İ 533538 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən müəyyən edilir ki, Maraqlı şəxs və Ərizəçi nikahına xx.xx.2025-ci il tarixində xitam verilmiş və bu barədə akt qeydləri kitabında 121 nömrə ilə qeyd edilmişdir.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikasının Konstitusiyası: - Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. - Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. - Maddə 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.

14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (AR AM): - Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. - Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. - Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. - Maddə 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. - Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. - Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. - Maddə 355-26.1. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.

16. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. - Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. - Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. - Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). - Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli, 01/2024 nömrəli Qərardadı: - 39. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.4; MPM, maddə 355-23.1). - 47. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

19. Tərəflər arasında barışıq sazişinin bağlanması, sazişin şərtlərinə uyğun olaraq tərəflər arasında nikahın pozulması, birgə nikahdan doğulan uşağın ərizəçinin himayəsində saxlanılması, uşağın saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin Ərizəçi Zülfüqar qızına 10 oktyabr 2024-cü il tarixdən etibarən hər ayın sonuncu günündən gec olmayaraq maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulması, maraqlı şəxsin uşaqlarla ünsiyyət hüququnun müəyyən edilməsi barədə razılıq əldə olunması, maraqlı şəxs tərəfindən barışıq sazişinin birinci bəndi istisna olmaqla digər şərtlərinin tam icra edilməməsi işin mübahisəsiz halıdır.

20. Yuxarıda qeyd edilən müddəlardan göründüyü kimi, barışıq sazişi tərəflər arasında yeni hüquq və vəzifələrin yaranması və icrası məqsədilə bağlanmış bir müqavilədir və tərəflər bu müqavilə (razılaşma) əsasında özləri üçün yeni hüquq və vəzifələr müəyyən edirlər. Barışıq sazişinin digər bir mühüm xüsusiyyəti tərəflər arasında əvvəl yaranmış mübahisəyə son verilməklə, onlar əsasında tələb edilməli olan hüquq və vəzifələrin qüvvədən salınması ilə bağlıdır. Başqa sözlə, tərəflər əvvəl aralarında yaranmış ixtilafları qarşılıqlı güzəştlər yolu ilə həll etməklə, mahiyyətcə yeni mülki hüquqi münasibətlərin subyektlərinə çevrilirlər.

21. İşin faktiki hallarından da göründüyü kimi, ərizəçi ilə maraqlı şəxs aralarında mövcud olmuş mübahisəni həll edərək xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlamaqla, üzərlərinə yeni öhdəliklər götürmüşlər. Həmçinin maraqlı şəxs də məhkəmə prosesində iştirak edərək barışıq sazişinin təsdiq edilməsinə dair ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.

22. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli barışıq sazişi qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğundur və tərəflər sazişin bəndləri ilə üzərlərinə icrası onlar üçün məcburi olan yeni öhdəliklər götürmüşlər. Lakin maraqlı şəxs barışıq sazişinin şərtlərini icra etməməklə öhdəliyini pozmuşdur. Odur ki, maraqlı şəxs xx.xx.2024-cü il tarixli barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyindən ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə ərizə verməkdə haqlı olmuşdur.

23. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır.

NƏTİCƏ HİSSƏSİ:

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-25, 358, 360 və 362-ci maddələrinə rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

1. Ərizə təmin edilsin.

2. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 10 oktyabr 2024-cü il tarixli, MŞS/MT030/2024-02164 saylı Barışıq Sazişinin aşağıdakı bəndi təsdiq edilsin: - Maraqlı şəxs övladı xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimenti xx.xx.2024-cü il tarixdən etibarən hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi ödəmək barədə öhdəlik götürür.

3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

4. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar