Məhkəmə qərarları › İş №2(001)-5355/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5355/2025

04.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5355/2025 04.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, ərizəçi – Ərizəçi maraqlı şəxs – Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İşin halları:

1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3343/2014 saylı, 16 may 2014-cü il tarixli qətnaməsi ilə Ərizəçi hər ay qazancının və (və ya) başqa gəlirlərinin yarısı miqdarında aliment xx.xx.2014-cü il tarixdən başlayaraq tutulub xx.xx.2009-cu il tarixdə doğulmuş X1, xx.xx.2010-cu il tarixdə doğulmuş X3 və xx.xx.2013-cü il tarixdə doğulmu X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs verilməsi qət edilmişdir.

2. Tərəflər arasında Bakı 16 saylı Mediasiya Təşkilatında mediasiya prosesi vasitəsilə alimentin əmək haqqına nisbətdə deyil, sabit pul məbləğində tutulması tələbinə dair 30 aprel 2025-ci il tarixli, MŞB/16/2025-00498 saylı Barışıq Sazişi bağlanmışdır.

3. Ərizəçi maraqlı şəxslə aralarında mediatorun iştirakı ilə bağlanmış 30 aprel 2025-ci il tarixli, MŞB/16/2025-00498 saylı Barışıq Sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

Ərizəçinin əsaslandırması:

4. Ərizə onunla əsaslandırılmışdır ki, Barışıq Sazişinin şərtlərinə əsasən, tərəflər Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3343/2014 saylı, 16 may 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydasında dəyişiklik edilməsi, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanədək saxlanması üçün alimentin Ərizəçi əməkhaqqına nisbətdə deyil, sabit pul məbləğində tutulması, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Ərizəçi hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli qədər alimentin tutularaq 2-ci tərəfə Maraqlı şəxs ödənilməsi barədə razılığa gəlmişdilər. Lakin barışıq sazişi üzrə nəzərdə tutulan aliment məbləği yox, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3343/2014 saylı, 16 may 2014-cü il tarixli qətnaməsi əsasında aliment pulu tutulur. Ərizəçi daha sonra qeyd edir ki, barışıq sazişinin şərtlərinin könüllü icra edilməməsi məhkəməyə xüsusi icraat qaydasında barışıq sazişinin təsdiqi üçün ərizə ilə müraciət etməyini şərtləndirmişdir.

Maraqlı şəxsin etirazları:

5. Maraqlı şəxs tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları:

6. Ərizəçi ərizəsində qeyd edilənlərlə eyni məzmunda izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ:

Faktiki hallar və sübutlar:

8. İş materiallarında olan, birinci tərəf Ərizəçi ilə ikinci tərəf Maraqlı şəxs arasında Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən həyata keçirilmiş mediasiya prosesində bağlanan 30 aprel 2025-ci il tarixli, MŞB/16/2025-00498 saylı Barışıq Sazişindən müəyyən edilir ki, tərəflər arasında aşağıdakı şərtlərlə barışıq sazişi imzalanmışdır: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3343/2014 saylı, 16 may 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin tutulma qaydasında dəyişiklik edilsin. - Birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment Ərizəçi əmək haqqına nisbətdə deyil, sabit pul məbləğində tutulsun. - Birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ərizəçi hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli qədər aliment tutularaq 2-ci tərəfə Maraqlı şəxs ödənilsin.

9. İş materiallarında olan, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3343/2014 saylı, 16 may 2014-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, Ərizəçi hər ay qazancının və (və ya) başqa gəlirlərinin yarısı miqdarda aliment xx.xx.2014-cü il tarixdən başlayaraq tutulub xx.xx.2009-cu il tarixdə doğulmuş X1, xx.xx.2010-cu il tarixdə doğulmuş X3 və xx.xx.2013-cü il tarixdə doğulmu X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs verilməsi qət edilmişdir.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikasının Konstitusiyası: - Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. - Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. - Maddə 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.

12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (AR AM): - Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. - Maddə 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. - Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. - Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. - Maddə 355-26.1. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.

14. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. - Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. - Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. - Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). - Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli, 01/2024 nömrəli Qərardadı: - 39. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.4; MPM, maddə 355-23.1). - 47. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə ərizəçinin izahatını, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir.

17. Tərəflər arasında barışıq sazişinin bağlanması, sazişin şərtlərinə uyğun olaraq tərəflər arasında Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3343/2014 saylı, 16 may 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydasında dəyişiklik edilməsi, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanədək saxlanılması üçün alimentin Ərizəçi əmək haqqına nisbətdə deyil, sabit pul məbləğində tutulması, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ərizəçi hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli qədər alimentin tutularaq Maraqlı şəxs ödənilməsi barədə Barışıq Sazişinin şərtlərinin tam icra edilməməsi işin mübahisəsiz halıdır.

18. Yuxarıda qeyd edilən müddəlardan göründüyü kimi, barışıq sazişi tərəflər arasında yeni hüquq və vəzifələrin yaranması və icrası məqsədilə bağlanmış bir müqavilədir və tərəflər bu müqavilə (razılaşma) əsasında özləri üçün yeni hüquq və vəzifələr müəyyən edirlər. Barışıq sazişinin digər bir mühüm xüsusiyyəti tərəflər arasında əvvəl yaranmış mübahisəyə son verilməklə, onlar əsasında tələb edilməli olan hüquq və vəzifələrin qüvvədən salınması ilə bağlıdır. Başqa sözlə, tərəflər əvvəl aralarında yaranmış ixtilafları qarşılıqlı güzəştlər yolu ilə həll etməklə, mahiyyətcə yeni mülki hüquqi münasibətlərin subyektlərinə çevrilirlər.

19. İşin faktiki hallarından da göründüyü kimi, ərizəçi ilə maraqlı şəxs aralarında mövcud olmuş mübahisəni həll edərək xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlamaqla, üzərlərinə yeni öhdəliklər götürmüşlər.

20. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2025-ci il tarixli barışıq sazişi qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğundur və tərəflər sazişin bəndləri ilə üzərlərinə icrası onlar üçün məcburi olan yeni öhdəliklər götürmüşlər. Lakin maraqlı şəxs barışıq sazişinin şərtlərini icra etməməklə öhdəliyini pozmuşdur. Odur ki, maraqlı şəxs xx.xx.2024-cü il tarixli barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyindən ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə ərizə verməkdə haqlı olmuşdur.

21. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. NƏTİCƏ HİSSƏSİ:

22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-25, 358, 360 və 362-ci maddələrinə rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

1. Ərizə təmin edilsin.

2. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 30 aprel 2025-ci il tarixli, MŞB/16/2025-00498 saylı Barışıq Sazişinin aşağıdakı bəndləri təsdiq edilsin: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3343/2014 saylı, 16 may 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin tutulma qaydasında dəyişiklik edilsin. - Birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment Ərizəçi əmək haqqına nisbətdə deyil, sabit pul məbləğində tutulsun. - Birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ərizəçi hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli qədər aliment tutularaq 2-ci tərəfə Maraqlı şəxs ödənilsin.

3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

4. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar